Ölkə 11:25 09.10.2023

Nyu Yorkda “Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimatı keçirildi (FOTOLAR)

ABŞ-ın Nyu York şəhərinin "Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan və ingilis dillərində işıq üzü görmüş "Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirildi.

ABŞ-ın Nyu York şəhərində  yerli hakimiyyət nümayəndələri, yerli ictimaiyyət və Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələrinin, ictimai-siyasi xadimlərin, elm, təhsil və mədəniyyət işçilərinin iştirak etdiyi təqdimat mərasimi kitabın müəllifi, "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirlinin hazırda ABŞ-da yaşayan həmvətənimiz, Dünya Bioqrafiyalar Assambleyasının prezidenti Aleksandr Nisanovun birgə təşkilati dəstəyi ilə təşkil olundu.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İlk öncə tədbir iştirakçılarını salamlayan "Heydər Əliyev həyatının 100 anı” kitabının müəllifi, "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli çıxış edərək Ulu Öndərin nəsillərə örnək olan həyat yolu, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi siyasi fəaliyyət barədə geniş məruzə edib. Müəllifi olduğu "Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində işıq üzü görmüş "Heydər Əliyevin həyatının 100 anı” kitabı haqqında geniş məlumat verən Emil Nəsirli onu da vurğuladı ki, Azərbaycan Respublikasının əlverişli geosiyasi və coğrafi məkanda yerləşməsini, Şərqlə Qərb, Şimalla Cənub arasında təbii körpü rolunu oynamasını və eyni zamanda zəngin təbii sərvətlərə, karbohidrogen ehtiyatlarına malik olmasını nəzərə alaraq Heydər Əliyev neft-qaz və nəqliyyat kommunikasiya layihələrinin işlənib hazırlanmasına və praktik olaraq həyata keçirilməsinə xüsusi əhəmiyyət verməyə başladı. Azərbaycanın o dövrdəki iqtisadi vəziyyətini nəzərə alan Heydər Əliyev ilk növbədə ölkəyə xarici investisiyaların cəlb olunması istiqamətində lazımi işlərin görülməsini təmin etdi. Belə tədbirlərdən biri xarici investorların investisiyalarının qorunması və onlar üçün əlverişli şəraitin yaradılması idi. Ölkəyə xarici investisiyaların cəlb olunması üçün ilk növbədə neft və qaz layihələrinin reallaşdırılmasını və onun dünya bazarlarına çıxarılmasını təmin etmək lazım idi. 1994-cü ildə çox böyük maneə və çətinliklərə baxmayaraq "Əsrin müqaviləsi" adlanan böyük neft müqaviləsinin bağlanması ilə bu istiqamətdə ilk addım atıldı.
Emil Nəsirli onu da tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, ulu öndərin uğurlu neft strategiyası ölkəmizin iqtisadi inkişafı ilə bərabər onun beynəlxalq imicinin və nüfuzunun artmasına da səbəb olmuşdur. "Heydər Əliyevin yeni neft strategiyası nəticəsində bu gün Azərbaycan Respublikası regionun ən dinamik inkişaf edən, iqtisadi cəhətdən özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və eyni zamanda tam müstəqil siyasət yeridən bir ölkəyə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində hazırda Azərbaycan regionun ən güclü və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir” ” – deyə müəllif bildirib.
E.Nəsirli əlavə edib ki, indi Azərbaycan çətin geosiyasi mühitdə müstəqil xarici siyasət yürüdən nadir ölkələrdəndir. Hazırda Azərbaycan bütün regional məsələlərdə əsas iştirakçıdır və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız reallaşa  bilməz.  Əsası Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycanın xarici siyasət strategiyası özünəməxsus dəst-xətti qorumaqla bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilərək ölkəmizin daha da qüdrətlənməsinə xidmət edir.

Daha sonra Emil Nəsirli tədbirin təşkil edilməsində göstərdiyi dəstəyə görə ABŞ-da yaşayan həmvətənimiz, Dünya Bioqrafiyalar Assambleyasının prezidenti Aleksandr Nisanova təşəkkür edib və A.Nisanovla kifayət qədər uzun müddətdir tanış olduğunu xatırladaraq, onun hələ 1990-cı illərin əvvəllərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr etdiyi miniatür kitabların nəşrinə yardım etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, həmyerlimiz ABŞ-a köçdükdən sonra bu ölkədə yaşayan Azərbaycan diasporuna fəal kömək edir, Azərbaycanla bağlı tədbirlərin əksəriyyətində fəal iştirak edir.

Tədbirdə çıxış edən ABŞ-da yaşayan həmvətənimiz, Dünya Bioqrafiyalar Assambleyasının prezidenti Aleksandr Nisanov bildirib ki, Ulu Öndərin xarici siyasət sahəsindəki titanik fəaliyyətini cild-cild kitablara sığışdırmaq mümkünsüzdür. A.Nisanov onu da qeyd edib ki, dünyanın super dövləti sayılan ABŞ-la münasibətlərin qurulmasında və daim yüksələn xətlə inkişaf etdirilməsində də Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə vurğulamaq lazımdır. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi”nin imzalanması  Azərbaycanla Qərb arasındakı münasibətlərdə müsbət mənada dönüş nöqtəsi idi. Bununla da fövqəldövlətdə Azərbaycana, onunla iqtisadi əməkdaşlığa, onun problemlərinə, geosiyasi əhəmiyyətinə maraq yarandı. Məhz buna görə də ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, münaqişənin dinc yolla həllini tapmasına tərəfdar olduğunu bəyan etdi.

A.Nisanov onu da xüsusi vurğulayıb ki, dahi lider Heydər Əliyevin xarici siyasət kursunu davam etdirən  Prezident İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq arenada cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. 

Təqdimat mərasimində çıxış edən Nyu York Ştat Assambleyasının üzvü  Alek Brook-Krasny, Bruklin Bakı dostluq assosoyassiyanın Prezidenti Mariyetta Rozental , Azərbaycan diaspora təşkilatının rəhbəri Oleq Mövsumov və digərləri Heydər Əliyevin xarici siyasətində xüsusi yer tutan Azərbaycanın dünyanın bütün güc mərkəzləri ilə, qonşu və qeyri-qonşu dövlətlərlə yeni, qarşılıqlı faydalılığa əsaslanan münasibətlərin formalaşdırılması, inkişaf etdirilməsi, Cənubi Qafqazda maraqları və təsir imkanları olan böyük və regional dövlətlərlə münasibətləri barədə geniş fikir mübadiləsi apardılar.

Tədbirin sonunda kitabın müəllifi, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli "Heydər Əliyevin həyatının 100 anı" kitabını tədbir iştirakçılarına hədiyyə etdi.