Xəbər lenti

Ölkə 18:31 09.09.2017

O baş Tanrı lütfü idi

Xeybər Göyyallı

Əlahəzrət oxucunun Akif Əlini qınamağa haqqı var. Onu bəri başdan deyirəm ki, Akif müəllim gərək belə deməyəydi. İndi mənim də  heç onu müdafiə etmək niyyətim  yoxdur. Ancaq bir balaca soyuqbaşla fikirləşəndə ədalət naminə güman edirsən ki, görəsən, Akif müəllimin ağzından hansı situasiyada, hansı bir ovqatdasa bu söz çıxıbdır, yoxsa onun Lütfi Zadə ilə nə şəxsi qərəzliyi var idi ki, onun haqqında həqarətli bir ifadə işlətsin.Belə yerdə deyirlər:  Allah şeytana lənət etsin. 

Akif Əlinin hansı statusda olduğunu çoxlarımız bilirik. O, günlərdən bəri qəzet-jurnal və saytlarda Lütfi Zadənin səhhəti və vəsiyyəti ilə bağlı gedən söz-söhbətlərdən xəbərdar olmamış olmazdı.Axı o, informasiya ilə işləyən adamdır.Belə ki, o, cəmiyyətə informasiya ötürən bir şəxsdir.  Akif Əli yaxşı bilir ki, Lütfi Zadə sıradan bir azərbaycanlı deyil, hər addımbaşı rastlaşdığımız Əlinin,Pirvəlinin də tayı deyil. Böyük ehtimalla deyirəm ki, Akif Əli qanınqara , əhval-ruhiyyəsinin dilxor bir məqamında bu söz işlətməklə böyük bir səhvə yol vermişdir. Onun dünyada tanınmış  böyük azərbaycanlı alim barədə işlətdiyi ifadəni  aləmə faş etməklə bizlər xalqımıza heç də başucalığı gətirmədik. Əksinə, həmin ifadəni aləmə car çəkməklə  xalqımız haqqında pis rəy yaratmış oluruq.Düşmənlərimiz uzaqda deyil və onlar qazdan ayıqdırlar. Bu sözü bir daş altda, bir daş üstdə arada saxlamaq da olardı. Amma...Amması budur ki, biz hələ də “ öz millətimizin başına əngəl- kələfiz”. Lap loru dillə desək, özümüzə sevgimiz hələ də qədərincə deyil.Bu yerdə yadıma Üzeyir Hacıbəylinin sözləri düşdü: “...qonşularımız fil boyda iş görəndə, biz siçan boyda iş görürük”. Bu sözləri ona görə xatırtlatdım ki, biz aradabir yox,  tez-tez qonşularımıza tərəf çönüb baxmalıyıq.

Bu kontekstdən yanaşıldıqda informasiyanın aləmə car çəkilməsi heç bir tərəfə , ümumən xalqımıza başucalığı gətirmir.İndi fikir yürütmək də çətindir ki, tərəflər arasında telefonda hansı söhbətlər gedibdir.Bunu da bir Allah , bir də danışıq aparan tərəflər bilirlər.Bütün məqamlarda Akif Əlinin sözünün publikaya çıxarılması ümumən  xalqımız üçün divident gətirmir, bəlkə də, əksinə.Gərək informasiya Azərbaycan ictimaiyyətinə və dünyaya  bu şəkildə təqdim olunmayaydı. Bu gün dünya şöhrətli alimin vəsiyyəti  ilə Azərbaycan coğrafi məkan , Azərbaycan Respublikası bir dövlət və Azərbaycan  bir xalq kimi dünya mətbuatının gündəminə gətirilib. Belə olan təqdirdə iki tərəf arasında aparılan telefon söhbəti gündəmi zəbt etməməli idi.Azərbaycan xalqının imicinə xələl gəlməməsi üçün bu söhbət publikaya gətirilməməli idi. 

Qaldı  o böyük kişinin qeyri-adi fizionomiyasına- başına. Bu, Tanrı işidir, Allahın o böyük kişiyə ən böyük lütfüdür.Əgər o qeyri-adi baş o çiyinlərin üstündə olmasaydı, bu gün bütün dünyanı zəbt etmiş qeyri-səlis nəzəriyyə də olmazdı.Bu gün  çox böyük müşkülləri həll edən həmin qeyri-səlis   nəzəriyyəni məhz həmin qeyri-adi başın sahibi kəşf etmişdir. Bu gün tam cəsarətlə demək olar  ki, Lütfi Zadə dünya fikir düzənini dəyişdirən bir şəxsdir.Aristotel nəzəriyyəsində dünya iki rəngdə, iki aspektdə dərk olunurdu:ağ və qara. Zadə məntiqi bu qavrayışı tamamilə dəyişdi.Zadə məntiqinə görə, dünya çoxrəngli və çoxçalarlıdır.

Bir də yaxşı deyiblər ki, hər qaralan baş deyil.O kişinin başı, həqiqətən, qeyri-adi idi.O, çoxları kimi adi təfəkkürün daşıyıcısı deyildi.O, çoxları kimi adi düşünmürdü, o ,qeyri-səlis düşünürdü.

O, ölümü ilə  də Azərbaycana fayda verdi-ölkəmizi və xalqımızı bütün dünyada bir daha  tanıtdırdı. Yazıma bir iqtibasla yekun vurmaq istərdim. Ancaq həmin iqtibası indiki məqamda vasitəsiz nitq kimi yazmaq imkanım olmadığından  məzmununu diqqətə çatdırmaq kifayət edər.Deyirlər, Roma balacadır, amma Homerə,...   görə böyükdür.Azərbaycan torpağı da  dünya çapında  Lütfi Zadə kmi şəxsiyyətlərlə böyükdür. Əlini,Pirvəlini sevməsək də, Lütfzadələri sevməliyik. Onlar Azərbaycan deməkdir.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->