"Ev heyvanını "övladlığa" götürərkən onun həyat keyfiyyətini sahibləri müəyyən edir. Qurulan bağ və ünsiyyət nəticəsində qısa zamanda onlar sevimli dosta çevrilir və insan həyatına dəyərli töhfələr verir".
Bunu Qaynarinfo-ya açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov insanların olduqca baha qiymətə it və pişik almasının səbəblərindən danışarkən deyib.
O bildirib ki, insanların heyvanlara qarşı müsbət münasibəti tək bu günə deyil, qədim zamanlara dayanır:
"Araşdırmalara baxdıqda heyvanların təxminən 12 min il əvvəl insanlar tərəfindən əhliləşdirilməyə başladığını görmək mümkündür. Bu gün bir çox insanlar evlərini və həyatlarını bir və ya bir neçə ev heyvanı ilə bölüşür. Lakin gündəmdə maraq doğuran mövzulardan biri ev heyvanlarının satış qiymətləri və onların yüksək qiymətlərə rəğmən insanlar tərəfindən sahiblənmək istəyidir. Aparılan müşahidələr nəticəsində məlum olur ki, günümüzdə ev heyvanlarını sahiblənmək üçün tələb olunan artan qiymətlər qida və dərman, həmçinin baytarlıq xidmətlərinin artması ilə işçi qüvvəsinin çatışmazlığı və sənayenin inkişafına əks təsir göstərən amillərin birləşməsidir".
Psixolq hesab edir ki, bu qiymətə insanlara təqdim olunan heyvanların istənilən insan tərəfindən alıcısı olduğunu demək heç də doğru deyil:
"Satılan ev heyvanlarının yüksək qiymət aralığında olması onların həm də cins və yaş növlərinə əsasən təyin edilir. Bu sahə ilə bağlı bazarlarda yetəri qədər uyğun qiymətli və müxtəlif cins ev heyvanları olduğu danılmaz faktdır. Xüsusi cins heyvanların artırılması, yeni cinslərin yaradılması kimi fəaliyyətlə məşğul olan qurum və insanlar üçün isə ev heyvanlarının alqı-satqısında belə qiymətlərin olduqca normaldır. Qymət böhranından başqa uyğun qiymətli ev heyvanına sahib olmaq belə özü ilə çox vacib bir məsuliyyət gətirir".
Elnur Rüstəmov qeyd edib ki, müasir həyatın mürəkkəb və gərgin tempi bir çox insanı daha anti-sosial və stresli həyat sürməyə vadar edir:
"Ev heyvanlarının sahibləri ilə qurduğu bağ və onlara yönəltdikləri qeyd-şərtsiz sevgi insanların tənhalıq hissi ilə mübarizə aparmasına və həyatdan təcrid olunmasına mane olur. Elə məhz bu səbəbin özü də insanların ev heyvanlarını sahiblənməsinə böyük şərait yaradır. Ev heyvanları insanların sahiblənmə, müdafiə etmək və analıq cəhətlərini vurğulamağa kömək edir. Bir sözlə, insanların ev heyvanları ilə qurduğu güvən və sevgi bağları - "daha ictimai və dinc bir həyatın qapılarını aça bilər" demək mümkündür”.
Psixoloq ev heyvanları ilə təxminən 25 dəqiqə vaxt keçirən, onlarla oynayan və göz təması quran insanların orqanizmində oksitosin səviyyəsinin 25% artdığını vurğulayıb:
"Oksitosin xoşbəxtlik hormonu kimi də tanınır. Bədəndə oksitosin səviyyəsinin artması insanın sakitləşməsinə, depressiya faktoru ilə daha asan mübarizə aparmasına və özünü daha dinc hiss etməsinə şərait yaradır. Üzərinizə götürdüyünüz məsuliyyət nəticəsində onun sağlamlığını və xoşbəxtliyini qoruya biləcəyinizi görmək, bədəninizdə serotonin və dopaminin artmasına da səbəb olur. Başqa sözlə, ev heyvanları ilə vaxt keçirməyin təbii antidepresant rolunu oynadığını düşünə bilərik. Həmçinin psixoloji korreksiya və psixoloji dəstək məqsədli, əsasən depressiya, demans, ünsiyyət pozuntusu, özünə inamsızlıq və davranış pozuntuları kimi bir çox psixoloji pozuntularda ev heyvanı dəstəkli terapiya üsullarından faydalanmaq mümkündür. Bu terapiya metodunda yüksək sosial bacarıqlarına görə daha çox itlərdən istifadə edilir".
Elnur Rüstəmov qeyd edib ki, ev heyvanlarının uşaqların psixologiyasında da mühüm rolu var:
"Ev heyvanları ilə qurulan bağ uşaqlara çox erkən yaşda məsuliyyət və qeyd-şərtsiz sevgi anlayışları ilə tanış olmağa kömək edir. Onlara ehtiyacı olan canlı varlıq üçün məsuliyyət daşımaq həm də uşaqlarda bağlılıq və məsuliyyətli olmaq hissini inkişaf etdirməyə kömək edir. Təbii ki, bu prosesdə valideynlərin uşaqlarına ev heyvanlarına qulluq ilə bağlı nəzarətli və ölçülü məsuliyyətlər verməsi də böyük əhəmiyyət kəsb edir. Ev heyvanları, şəxsi maraqlarından asılı olmayaraq sahibləri ilə sevgi bağı qururlar. Uşaqların ev heyvanları vasitəsilə qeyd-şərtsiz və qarşılıqsız sevgiyə məruz qalması, onların sosial həyatlarında daha ekstrovert və özünə güvənən fərdlər kimi böyümələrinə dəstək olur. Ev heyvanlarını sahiblənməyin bir çox müsbət və hətta faydalı tərəflərini vurğulayaraq anlayırıq ki, onların bir canlı varlıq olaraq bizdən gözlədiyi tək şey - sevgidir. Sahibləndiyiniz heyvanların cinsindən, qiymətindən asılı olmayaraq, yaşayış şəraiti və keyfiyyəti üçün tam məsuliyyəti siz daşıyırsınız. Heç bir canlının dəyəri konkret qiymətlərə sığışdırıla bilməz. Unutmayaq ki, bu canlıların dəyəri sonsuz və qiymətsizdir".
Qeyd edək ki, son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. İt 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino”, "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğul olan şəxslərin sözlərinə görə, qiymətlər cinsə və qana görə dəyişir. Pişiklərin qiymətində də artım var. Hətta bəzi pişik cinsləri 17 min manata satılır. Heyvan satışı üzrə mütəxəssislərin sözlərinə görə, qiymətlərin bahalaşmasının əsas səbəbi ev heyvanlarının və yemlərinin xaricdən gətirilməsidir.
Bahar Rüstəmli
Şərhlər