XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi
Sağlamlıq23:58 10.09.2026

İltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi

Xroniki iltihab diabet, ürək-damar xəstəlikləri və artritlə əlaqələndirilir. Diyetoloq Bonni Taub-Diks “Good Housekeeping”ə açıqlamasında bildirib ki, adi bir fincan çay tərkibindəki faydalı maddələr sayəsində sağlamlığı dəstəkləməyin sadə və dadlı üsuluna çevrilə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Good Housekeeping" yazıb.

Bunun əsas səbəbi çay yarpaqlarında olan polifenollardır. Bunlar hüceyrələri iltihabi proseslərdən qoruyan təbii birləşmələrdir. Lakin dietoloq xəbərdarlıq edir ki, qida rasionunun qalan hissəsi şirin, yağlı və duzlu məhsullardan ibarətdirsə, yuxu və fiziki aktivlik kifayət qədər deyilsə, heç bir möcüzəvi içki təkbaşına effekt verməyəcək.

Mütəxəssislər oxşar xüsusiyyətlərə malik səkkiz çay növünü sadalayıblar.

Yaşıl çay

Ən məşhur “sağlamlıq çayı” katexin EGCG ilə zəngindir. Dietoloq Alisa Paçekonun sözlərinə görə, bu maddə “iltihabı azaltmaqda təsirlidir”. Lakin çayı ölçülü şəkildə içmək tövsiyə olunur.

Sarıkök çayı (“qızıl süd”)

Əsas komponent kurkumindir. Nutrioloq Meri Sabat qeyd edir ki, bu içki iltihabı azaltmağa və artrit əlamətlərini yüngülləşdirməyə kömək edə bilər.

Qara çay

Tərkibində teaflavinlər var. Diyetoloq Syuzan Şaxterin sözlərinə görə, bu maddələr damarların fəaliyyətini yaxşılaşdıraraq ürək sağlamlığını dəstəkləyir. Tərkibində kofein olduğuna görə qara çayı səhərlər içmək daha məqsədəuyğundur.

Zəncəfil çayı

Ənənəvi olaraq mədəni sakitləşdirmək və ürəkbulanmanı azaltmaq üçün istifadə olunur. Araşdırmalar onun antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğunu təsdiqləyir.

Ulunq çayı

Xüsusiyyətlərinə görə yaşıl və qara çayın arasında yer alır. Sabatın sözlərinə görə, bu çay iltihablı vəziyyətlər zamanı ağrı və şişkinliyi azaltmağa kömək edə bilən polifenollarla zəngindir.

Çobanyastığı çayı

Axşam saatları üçün ideal seçimdir: sakitləşdirici təsir göstərir və eyni zamanda, Sabatın sözlərinə görə, iltihabı və həzm sistemi ilə bağlı narahatlığı azaltmağa kömək edir.

Ağ çay

Bütün çay növləri arasında ən az emal olunanlardan biridir. Buna görə də sərbəst radikalları neytrallaşdıran antioksidantların böyük hissəsini qoruyub saxlayır.

Ruybos (qırmızı çay)

Kofein ehtiva etmir və buna görə kofeinə həssas insanlar üçün də uyğundur. Şaxterin sözlərinə görə, ruybos həmçinin təzyiq və xolesterinə təsir göstərərək ürək sağlamlığını dəstəkləyir.

Çayı maksimum fayda ilə necə içmək olar?

Diyetoloqlar şəkərdən uzaq durmağı məsləhət görürlər. Şəkər iltihabı artıran əsas amillərdən biridir. Çaya az miqdarda bitki mənşəli və ya yağsız süd, bir dilim limon əlavə etmək olar. Limonun tərkibindəki C vitamini də antioksidantdır. Təbii şirinlik üçün çaya alma və ya portağal dilimi də əlavə etmək mümkündür.

Aydın