XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Doğrudanmı, Bağırov repressiya qurbanlarını şəxsən döyürmüş? ("Gizli Azərbaycan")
Ölkə19:25 10.09.2026

Doğrudanmı, Bağırov repressiya qurbanlarını şəxsən döyürmüş? ("Gizli Azərbaycan")

Qaynarinfo.az saytı "Gizli Azərbaycan" adlı layihəsini davam etdirirr.

Layihənin məqsədi Azərbaycanın uzaq və yaxın tarixi ilə bağlı qaranlıq səhifələrə işıq tutmaq, mübahisəli məqamlara aydınlıq gətirməkdir.

Şair, araşdırmaçı publisist Elnur Astanbəylinin hazırladığı "Gizli Azərbaycan” başlıqlı bu silsilə yazılarda hər həftə keçmişimizlə bağlı doğru bilinən yanlışları, yanlış bildiyimiz doğruları yalnız və yalnız tarixi sənədlərin, mötəbər qaynaqların köməyi ilə gözdən keçirəcəyik.

Tariximizlə bağlı qeyd-şərtsiz həqiqət kimi qəbul etdiyimiz hansı hadisələr əslində mif, mif kimi qəbul etdiyimiz nələr əslində həqiqətdir?

Layihə çərçivəsində növbəti yazını təqdim edirik:

Elnur Astanbəyli

Doğrudanmı, Bağırov repressiya qurbanlarını şəxsən döyürmüş?

O, Azərbaycan tarixinin yalnız XX yüzillikdə deyil, bəlkə də, bütün dövrlərdəki ən mübahisəli və müəmmalı fiqurlarından biridir. “Mübahisəli və müəmmalı” deyirik, çünki bir çox hallarda onunla bağlı yazılanlardan və söylənilənlərdən nəyin yanlış, nəyin doğru olduğunu müəyyənləşdirmək çətindir. Buna səbəb həyatı və şəxsiyyəti ilə bağlı bir çox iddiaların tarixiliyə deyil, xalq yaradıcılığına söykənməsidir. Üstəlik, onu ancaq mənfi obrazda təqdim edənlər də, ona mütləq müsbət bir obraz qazandırmaq istəyənlər də faktlardan çox folklordan, arxivlərdə yatan sənədlərdən çox qulaqdan-qulağa dolaşan rəvayətlərdən yapışmağa üstünlük verirlər. Nəticədə, onun haqqında nəyin həqiqət, nəyin yalan olduğu mübahisəli və müəmmalı qalır.

Söhbət Mir Cəfər Bağırovdan gedir.

Bu yazıda biz Mir Cəfərlə bağlı iddialardan yalnız birinə aydınlıq gətirməyə çalışacağıq.

Söhbət onun tərcümeyi-halındakı ən qanlı (və qaranlıq!) səhifələrdən birini təşkil edən 1937-ci il repressiyaları zamanı “qırmızı terror” qurbanlarının bəzilərinə şəxsən işgəncə verməsindən gedir.

Beləliklə, doğrudanmı, Bağırov 1937-ci il tutatutlarında həbs edilənlərin bir çoxunu şəxsən özü döyürmüş?

“Qırmızı terror” nədir?

Mərhum tarixçi Ziya Bünyadov 1937–1939-cu illərdə Azərbaycanın repressiya qurbanına çevrilən görkəmli elm və mədəniyyət xadimlərinin acı taleyindən bəhs edən kitabına məhz bu adı vermişdi: “Qırmızı terror”.

Əslində, bu ifadə bolşeviklərin Rusiyada və sonradan bolşevik hakimiyyətinin qurulduğu digər ərazilərdə siyasi rəqiblərə, real və ya ehtimal edilən əks-inqilabçılara, “sinfi düşmən” elan olunan şəxslərə, qruplara qarşı həyata keçirdiyi kütləvi cəza siyasətini ifadə edən tarixi termindir.

1918-ci il iyunun 20-də bolşevik Rusiyasının mətbuat, təbliğat və təşviqat komissarı V. Volodarski fəhlə mitinqində iştirak etmək üçün avtomobillə Obuxov zavoduna gedərkən Moskvada öldürüldü. Onun qatilini tapmaq mümkün olmadı. Bu qətlin ardınca Lenin həmin vaxt Petroqrad Sovetinin rəhbərlərindən olan Qriqori Zinovyevə xitabla demişdi: “Yoldaş Zinovyev! Bu gün Mərkəzi Komitədə öyrəndik ki, fəhlələr Volodarskinin öldürülməsinə kütləvi terrorla cavab vermək istəyiblər, lakin siz onları bundan çəkindirmisiniz. Buna qəti etiraz edirəm!..”

Bu çıxışdan bir müddət sonra – 1918-ci il avqustun 30-da bu dəfə eserlərin gənc tərəfdarı Kannegisser Petroqrad Çekasının rəhbəri Uritskini öldürdü. Uritskinin öldürülməsinə baxmayaraq, Moskvada həmin gün axşam Xalq Komissarları Soveti üzvlərinin zavodlarda keçiriləcək mitinqlərdə çıxışlarının ləğv edilməsinə və onların mühafizəsinin gücləndirilməsinə qərar verilmədi. Xalq Komissarları Sovetinin sədri Lenin həmin zavodlardan birini tərk etmək üzrə ikən bu dəfə ona sui-qəsd edildi. Nəticədə, Lenin boynundan və qolundan yaralandı. Ona atəş açan eserlərdən Fanni Kaplan idi.

Bu sui-qəsdlərə cavab olaraq Sovetlərin Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi (ÜRMİK) belə bir qətnamə qəbul etdi: “ÜRMİK Rusiya və müttəfiq burjuaziyasının bütün nökərlərinə təntənəli xəbərdarlıq edir və bildirir ki, Sovet hakimiyyəti xadimlərinə və sosialist inqilabı ideyalarının daşıyıcılarına qarşı hər bir sui-qəsdə görə bütün əks-inqilabçılar cavab verəcəklər... Fəhlə-kəndli hakimiyyəti düşmənlərinin ağ terroruna fəhlə-kəndlilər burjuaziyaya və onun agentlərinə qarşı kütləvi qırmızı terrorla cavab verəcəklər.”

Bundan sonra bolşeviklər ağqvardiyaçılarla “eyni dildə” danışmağa başladılar, nəticədə 1918-ci ilin təkcə sentyabr-oktyabr aylarında minlərlə insanın güllələndiyi bildirilir. Bəzi qaynaqlarda hətta həmin iki ayda 15–20 min nəfərin güllələndiyi göstərilir.

Azərbaycanda isə 1920-ci il aprelin 28-də Cümhuriyyətin süqutundan və bolşevik hakimiyyətinin qurulmasından sonra kütləvi repressiyalar aparılsa da, “qırmızı terror” ifadəsi daha çox 1930-cu illərdə (əsasən, 1937–1939-cu illərdə) həyata keçirilən və on minlərlə insanın güllələnməsi, yaxud sürgün edilməsi ilə müşayiət olunan cəzalandırma prosesini ifadə edir.

Azərbaycanda neçə nəfər “qırmızı terror” qurbanı olub?

Bəziləri hələ də belə bir fikir formalaşdırmağa çalışırlar ki, 1937-ci il repressiyası Mir Cəfər Bağırovun iradəsindən kənarda baş verib. Belə düşünənlər iki qismə ayrılırlar.

Bir qrup kütləvi cəza əmrinin Moskvadan, Stalindən gəldiyini, Bağırovun da həmin əmrə əməl etmək məcburiyyətində qaldığını iddia edir.

Başqa bir qrup isə belə düşünür ki, şübhəsiz, Bağırov həbslərdən, güllələnmələrdən, sürgünlərdən məlumatlı olub, lakin onların miqyasından bixəbər idi. Beləliklə, bu cür düşünənlər “aşağıların” özfəaliyyətinə işarə edirlər: guya onlar konkret şəxslərin cəzalandırılmasını fürsətə çevirərək Mir Cəfərdən xəbərsiz şəkildə prosesi kütləviləşdiriblər.

Lakin nəzərə alsaq ki, söhbət on minlərlə insanın taleyi barədə amansız qərarların verilməsindən gedir, belədə Azərbaycanın o vaxtkı rəhbərinin real baş verənlər barədə məlumatsızlığı da, sadəcə, Moskvanın əmrlərinə uyması da inandırıcılığını xeyli dərəcədə itirir.

Unutmayaq ki, tarixşünaslıqda 1937-ci il repressiyası qurbanlarının sayı barədə səsləndirilən rəqəmlər yetərincə qorxuncdur. Məsələn:

– tanınmış qafqazşünas Tadeuş Svyetoxovski (1934–2017) təxminən 70 min azərbaycanlının repressiyalar nəticəsində öldüyünü yazır;

– Sovet xüsusi xidmət orqanlarının tarixinin tədqiqatçılarından biri, polkovnik Oleq Mozoxin Azərbaycan SSR-də dövlət təhlükəsizlik orqanları tərəfindən 1937-ci ildə 10 671, 1938-ci ildə isə 15 678 nəfərin həbs edildiyini bildirir;

– Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun məlumatında 1936-cı il oktyabrın 1-dən 1938-ci il iyulun 1-dək Azərbaycan SSR-də 25 222 nəfərin həbs olunduğu göstərilib; ailə üzvlərinin və digər qohumların sürgün edilməsini də nəzərə alaraq, 1937–1938-ci illərdə repressiya qurbanlarının ümumi sayının 80 mindən çox olduğu qeyd edilib;

– müstəqil tədqiqatçı Samir İsayevin yazdığına görə, təkcə 1937-ci ildə yalnız “üçlük” (troika) tərəfindən 2 792 nəfər ölüm cəzasına məhkum edilib, daha 4 425 nəfər uzunmüddətli həbs cəzası alıb.

Yeri gəlmişkən, İsayev bu mövzudakı araşdırmasında yazır ki, 1937-ci ilin avqustundan etibarən repressiya səlahiyyəti Xalq Daxili İşlər Komissarlığının xüsusi “üçlük”lərinə verilib; Azərbaycanın ilk “üçlüyü” isə məhz Bağırovun təklifi ilə Y. Sumbatov, C. Axundzadə və T. Quliyevdən ibarət olmaqla yaradılıb. “Üçlük” təhlükəsizlik orqanlarının göndərdiyi siyahıları yoxlaya, vəkil və ya prokurorun iştirakı olmadan məhkəmə keçirə bilər, ölüm hökmü də daxil olmaqla istənilən qərarı qəbul edə bilərdi. Müəllif yazır: “Hüquq-mühafizə orqanlarına etibarın ölməsi əhalinin öz arasında belə etibarsızlıq, şübhə, inamsızlıq mühitinin yaranmasına səbəb olmuşdu. Hamı bir-birindən şübhələnir, cəmiyyətin tarixi bağ və ənənələri sürətlə sıradan çıxır, deqradasiyaya uğrayırdı. Bu deqradasiya mühitində donosbazlıq geniş yayılmış fenomenə çevrilirdi. Çoxları donoslardan rəqib gördüklərini, sevmədiklərini vurmaq üçün istifadə edirdilər. Fəqət donoslar həm də insanların özlərini sığortalamaq, mümkün təqiblərdən yaxa qurtarmaq üçün istifadə etdiyi üsul idi... Azərbaycanın Moskvaya ən çox donos göndərilən regionlardan birinə çevrilməsi məhz Bağırovun repressiyalarının daha miqyaslı və çirkin olmasından irəli gəlirdi. Donos epidemiyası o qədər geniş yayılmışdı ki, yalnız Azərbaycan prokurorluq orqanları 1937-ci ildə 68 035 şikayət məktubu almış və 20 000 insanın işini məhkəməyə göndərmişdi. On minlərlə insan formal hüquq prosedurlarına riayət edilmədən ölümə və ya həbs düşərgələrinə məhkum olunmuşdu...” (mənbə: S. İsayev, Azərbaycanda Böyük Terror və Bağırovun rolu, Bakı Research Institute, 1 may 2018).

Beləliklə, qanlı prosesin mahiyyətini və miqyasını nəzərə aldıqda, “qırmızı terror”un Azərbaycanın o vaxtkı rəhbərliyinin guya informasiyasından və iradəsindən kənarda baş verdiyinə dair rəy yaratmaq cəhdləri qətiyyən inandırıcı deyil.

Bu fikri daha da qüvvətləndirən isə aşağıdakı sualın cavabıdır.

Beləliklə:

Bağırov repressiya qurbanlarını şəxsən döyüb, ya yox?

Bu suala Mir Cəfərin 1956-cı ildə keçirilmiş məhkəməsi ilə bağlı materiallardan müəyyən cavab tapmaq mümkündür. Məsələn, 1930-cu illərdə Azərbaycan NKVD-sində çalışmış Pavel Xentov öz ifadəsində bildirirdi ki, həbs edilənlər ifadə verməkdən imtina edəndə Bağırov belə deyirmiş: “Deməli, sizi az döyüblər.”

Başqa bir NKVD əməkdaşı Şneyderin ifadəsinə görə, Mir Cəfər həbs olunanlara fiziki güc tətbiq etməklə bağlı bu qurumun işçilərinə şəxsən göstərişlər verirmiş. O, Bağırovun “troyka”da belə göstərişlər verdiyini iki dəfə öz qulaqları ilə eşitdiyini söyləmişdi. Şneyderin ifadəsinə görə, Bağırov hətta güllələnmə cəzasına məhkum olunmuş şəxslərin belə döyülməsini və başqa adamlar haqqında ifadə verməyə məcbur edilməsini istəyirdi.

NKVD əməkdaşlarından Rıbak isə Bağırovun xalq komissarı Sumbatov-Topyuridze və xüsusi siyasi şöbənin rəhbəri Leonid Tsinmanla birlikdə bəzi yüksək vəzifəli şəxslərin dindirilməsində iştirak etdiyini bildirmişdi.

SSRİ Baş prokuroru Roman Rudenko 1954-cü ildə Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətinə göndərdiyi məlumatda Bağırovun 1937–1938-ci illərdə Azərbaycan təhlükəsizlik orqanlarına faktiki rəhbərlik etdiyini qeyd edir, onlardan həbs olunanların kütləvi şəkildə döyülməsi, cinayət işlərinin saxtalaşdırılması və siyasi rəqiblərin məhv edilməsi üçün faydalandığını vurğulayırdı.

Tarixçi Cəmil Həsənlinin “Ağ ləkələrin qara kölgəsi” kitabında da şahid ifadələrinə əsasən Bağırovun dəfələrlə məhbuslara işgəncə verilməsində şəxsən iştirak etdiyi qənaətinə gəlirik.

Və nəhayət: SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 26 aprel 1956-cı il tarixli hökmünün Azərbaycan repressiyalarına həsr olunmuş hissəsində belə deyilir: “Судебным следствием установлено, что Багиров... не только давал незаконные указания об их аресте, но сам лично участвовал в допросах арестованных, их избиениях и фальсификации на них материалов обвинения”.

Tərcümə: “Məhkəmə istintaqı müəyyən etmişdir ki, Bağırov... onların həbsi barədə qanunsuz göstərişlər verməklə yanaşı, həbs olunanların dindirilməsində, döyülməsində və onların ittiham materiallarının saxtalaşdırılmasında şəxsən iştirak etmişdir.”

Daha sonra hökmdə konkret adlar da sadalanır: “Так, Багиров лично участвовал в избиениях арестованных Рахманова У., Осташко, Кулькова, Новрузова, Халилова, Левкопуло и других”. Burada Mir Cəfərin Kulkov (Bakı şəhər partiya komitəsinin katibi), Ostaşko (Bakı şəhər komsomol komitəsinin katibi), Rəhmanov (Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri), Xəlilov (Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini), Novruzov (Şamaxı Rayon İcraiyyə Komitəsinin sədri), Levkopulo (Azərbaycan KP MK-nın sənaye şöbəsi rəhbərinin müavini) kimi yüksək vəzifəli partiya və dövlət xadimlərinin döyülməsində birbaşa iştirakı iddia olunur.

Əlbəttə, bu iddiaların Bağırovu cəzalandırmaq üçün düz-qoş edildiyini söyləyənlər də var; lakin təkcə Kulkovla bağlı məhkəmə materiallarında belə düşünənləri daha dərindən düşünməyə vadar edəcək məqamlar var. Kulkov öz ifadəsində NKVD əməkdaşlarının onu döydüyünü və başqa şəxslərin əleyhinə ifadə verməyə məcbur etdiyini bildirir; məhkəmə araşdırmasında isə həmin dindirməyə Mir Cəfərin də qatıldığı aydınlaşır. Məlum olur ki, o, Kulkovdan öz “cinayətkar fəaliyyəti”ni etiraf etməyi tələb edib. Və ən əsası: Bağırov məhkəmədə bunu təsdiqləyir və davranışının düzgün olmadığını, “ləyaqətsiz, pis” davrandığını boynuna alır.

Hərçənd, 1956-cı il aprelin 26-da barəsində ölüm hökmü çıxarılan Mir Cəfər təxminən bir həftə sonra – 1956-cı il mayın 4-də – SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kliment Voroşilova ərizə yazaraq (mənbə: РГАСПИ, fond 17, siyahı 171, iş 479, vərəqlər 89–90; “Politbüro i delo Beriya” sənədlər toplusu, səhifə 856–857) özü barəsindəki məhkəmə qərarının aşağıdakı hissəsinə etiraz edir: “Rəhmanovu, Ostaşkonu, Novruzovu, Levkopulonu və başqalarını dindirməmişəm, şəxsən özüm döyülmələrdə iştirak etməmişəm və mənim iştirakım zamanı heç kimi döyməyiblər”.

Bağırovun rəhm eləmədiyi ən məşhur Azərbaycan inqilabçısı kim idi?

Bağırovun repressiya qurbanlarına şəxsən işgəncə verib-vermədiyinə dair suala cavab axtararkən Ruhulla Axundovun başına gələnlərin (gətirilənlərin!) üzərindən sükutla keçmək mümkün deyil.

“Ruhulla Axundov o dərəcədə döyülürdü ki, axırda onu Sumbatovun (Azərbaycan SSR xalq daxili işlər komissarı – E.A.) otağından xərəkdə çıxarırdılar”. Bu cümlə “Məhv edilmiş türkoloqlar” (müəllifləri: D. Aşnin, V. M. Alpatov, D. M. Nasilov) kitabındandır.

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında yaxından iştirak edən, ardınca isə ən yüksək postları tutan Ruhulla Axundovun yəqin ağlına da gəlməzdi ki, uğrunda gecə-gündüz çarpışdığı bir rejimin zindanında dəhşətli işgəncələrin qurbanına çevriləcək.

R. Axundov 1924–1930-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) katibi, Azərbaycan SSR xalq maarif komissarı kimi çalışıb. Alman filosofu, siyasi iqtisadiyyat tənqidçisi, siyasi nəzəriyyəçi və sosialist inqilabçı Karl Marksın əsərlərinin dilimizə tərcüməsi, 1928–1929-cu illərdə nəşr olunmuş ikicildlik ilk “Rusca-türkcə lüğət”in tərtibi də onun adı ilə bağlıdır.

1927-ci ilin noyabrında Azərbaycan SSR KP-nın VIII qurultayında həmin vaxt xalq maarif komissarı postunu tutan Axundovun məruzəsi dinlənildi və ümumi ibtidai təhsilə keçmək üçün hazırlıq işlərinə başlamaq haqqında qərar qəbul edildi.

Bir il sonra – 1928-ci ildə məhz onun tapşırığı ilə “Kommunist” qəzetində “gənc nəslin millət və din əleyhinə tərbiyə edilməsi üçün” 6 təklif irəli sürüldü. Bu təkliflərdən bəzilərinə görə, “millətçi müəllimlər məktəblərdən çıxarılmalı”, “müəllimlərin proletar sinfindən olmasına əhəmiyyət verilməli”, “komsomol və pioner dərnəkləri məktəblərdə kəndli fəaliyyətlərini artırmalı və millət əleyhinə proqramlarını çoxaltmalı”, “milli bayramlar tamamilə ləğv edilərək bunların yerinə inqilab bayramları qoyulmalı” idi.

R. Axundov latın əlifbasının qızğın tərəfdarlarından idi və 1929-cu ildə Azərbaycanda ərəb əlifbasının latın əlifbası ilə əvəzlənməsində onun mövqeyi əhəmiyyətli rollardan birini oynamışdı.

1932-ci ildə yaradılan SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinə (onu hazırkı Azərbaycan Milli Elmlər Akademiyasının – AMEA-nın sələfi də adlandırmaq olar) məhz Axundov rəhbər təyin edilmişdi.

Tərcümeyi-halındakı o dövr üçün kifayət qədər önəmli sayıla biləcək bu məqamları xatırlatmaqda məqsədimiz var: Ruhulla Axundov Sovet Azərbaycanında həm vəzifə, həm də ideoloji baxımdan mühüm sima idi; lakin bunların heç biri onun “qırmızı terror” qurbanına çevrilməsinin qarşısını almaq üçün yetərli olmadı. Ən əsası isə həbsə atıldıqdan sonra onu döyənlərdən biri şəxsən Mir Cəfər Bağırov idi.

Axundova qarşı münasibətin kəskin dəyişməsi Bağırovun 1933-cü ilin oktyabrında Sovet Azərbaycanının rəhbərliyinə gətirilməsindən sonra başlayır. Hərçənd 1920-ci illərdə onların münasibətləri pis deyildi, hətta yaxın dost olduqlarını iddia edənlər də var.

Növbəti onilliyin ortalarında isə Bağırov artıq Axundova rəqiblərindən biri kimi baxır, yerinə göz dikdiyini düşünür və bu səbəbdən də onu zərərsizləşdirmək üçün yollar axtarırdı.

1937-ci il iyunun 8-də “Pravda” qəzetində Rıklin imzası ilə “Düşmənin hiylələri” adlı məqalə dərc ediləndən sonra artıq Ruhulla Axundovu ağır günlərin gözlədiyini güman etmək çətin deyildi. Həmin məqalədə o, təkcə “trotskiçi” yox, həm də “müsavatçı” elan olunmuşdu.

Bəli, bəli, “müsavatçı”!

Taleyin kədərli ironiyasına baxın: 1919-cu il mayın 28-də, Azərbaycan Cümhuriyyətinin bir yaşını qeyd etdiyi gündə yazdığı məqaləsində ona ən ağır ittihamlar yağdıran, onun qurucularını, rəhbərlərini “millətin bütün haqqını qəsb edən bir ovuc müftəxor, müstəbid” adlandıran, Cümhuriyyəti “zavallı millətin boynuna yeni, açılmaz, qırılmaz zəncirlər taxmaqda” günahlandıran biri aradan cəmi 18 il keçdikdən sonra öz sevimli rejimi tərəfindən “müsavatçı” elan edilir, Sovet Azərbaycanının “bütün təşkilat və idarələrini öz adamları ilə, gizli və açıq düşmənlərlə ‘zibilləməkdə’” təqsirləndirilirdi.

“Pravda”dakı yazının üstündən cəmi 6 ay keçdikdən sonra, 1937-ci ilin soyuq bir dekabr səhəri Ruhulla Axundov evdən çıxıb işə gedərkən yaşadığı binanın qarşısında saxlanılır. Elə həmin gün də doğma partiyasının sıralarından qovulur.

Çox sonralar, 1954-cü ildə Mir Cəfər Bağırov öz dindirməsi zamanı Axundovun həbsinə Stalindən icazə istədiyini deyəcək, onun haqqında ittihamlardan ibarət qovluğu Moskvaya göndərdiyini, həbsi barədə razılıq aldıqdan sonra bu addımın atıldığını söyləyəcəkdi.

Yeri gəlmişkən: Stalin həbs icazəsi verməmişdən əvvəl Bağırovdan Azərbaycanda nəşriyyat və poliqrafiya sahəsində Axundovu əvəz edəcək bilikli və təcrübəli şəxsin olub-olmadığını soruşur, qarşı tərəfdən müsbət cavab aldıqdan sonra razılığını bildirir.

Ruhulla Axundov haqqında ittihamlar arasında onun ideoloji həmkarı Həmid Sultanovun Xalq Daxili İşlər Komissarlığındakı (XDİK və ya NKVD) “etirafedici ifadələrinin” mühüm rolu olub. Sultanov həmin ifadələrində “yerli sovet hökumətini yıxaraq Azərbaycan SSR-ni SSRİ-dən ayırmaq və kapitalist mülkiyyəti bərpa etmək”, “partiya rəhbərlərinə, hakimiyyətə qarşı terror aktları, xalq təsərrüfatında ziyanvericilik və casusluq etməyə hazırlıqlar görmək” kimi məqsədlər qoymuş “əks-inqilabi millətçi mərkəzin” rəhbəri olaraq məhz Ruhulla Axundovu göstərmişdi.

Məsələ burasındadır ki, 1937-ci il oktyabrında Şamaxıda “əks-inqilabi millətçi mərkəz”in üzvləri olduğu iddia edilən şəxslərin mühakiməsi (biz tarixə “Şamaxı işi” kimi düşən bu maraqlı və faciəvi proses barədə gələcəkdə danışacağıq – E.A.) başlanmış, həmin iş üzrə çox sayda insan cəzalandırılmışdı. Onlardan biri olan H. Sultanovun ifadələri R. Axundov başda olmaqla, bir çoxlarının güllələnməsində müstəsna rol oynamışdı, hətta “etirafları” ilə repressiyanın amansız cəngindən qurtula biləcəyini düşünən “görkəmli inqilabçı”nın özü də güllələnməkdən xilas olmağı bacarmamışdı.

R. Axundov həbs olunduqdan sonra “cinayətlərinin hədsiz ağır olması səbəbilə” Moskvaya aparılır. Bir müddət burada saxlanılır, həmin müddətdə təzyiqlərə dözə bilməyib “günahlarını boynuna alır”.

Moskvaya aparılmamışdan əvvəl isə Bakıda, Sumbatovun otağında, bir çox hallarda Bağırovun iştirakı ilə R. Axundov dəhşətli şəkildə döyülür, yuxarıda da qeyd edildiyi kimi, həmin otaqdan halsız, yarımcan vəziyyətdə, xərəkdə çıxarılırdı. NKVD əməkdaşı İ. A. Xanımovun 1954-cü il avqustun 24-də verdiyi ifadədə göstərilir ki, Axundov Sumbatovun kabinetindəki dindirmə zamanı sistematik şəkildə döyülürmüş; bu prosesdə Sumbatovla yanaşı, Bağırov da iştirak edirmiş. Bu işgəncələrdən ağlını itirmək dərəcəsinə çatan Axundov hətta tanımadığı adamları belə “rəhbəri olduğu təşkilatının fəal üzvü” adlandırmalı olurdu.

Moskvadakı zindandan Xalq Daxili İşlər Komissarı Yejovun adına yazdığı “etirafedici” məktub belə onun köməyinə çatmır və 1938-ci il aprelin 21-də Ruhulla Axundov haqqında güllələnmə hökmü yerinə yetirilir.

***

Əlbəttə, Mir Cəfər Bağırovun şəxsiyyəti ilə bağlı mübahisələr, müəmmalar hələ uzun müddət davam edəcək.

Bəlkə də, heç bir zaman səngiməyəcək.

Lakin bu, sadə (və danılmaz!) bir həqiqətdir: onu hansı obrazda (müsbət, yoxsa mənfi) təqdim etməsindən asılı olmayaraq, yeganə istinadgah kimi arxiv materialları, ən müxtəlif tarixi sənədlər, mötəbər mənbələr seçilməlidir.

Yalnız belədə yanlış bildiyimiz doğruları, doğru bildiyimiz yanlışları gün işığına çıxarmaq mümkündür.