"Məktəb yaşını 8-ə qaldırıb, təhsili 10 ilə sıxışdırmaq çıxış yolu deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov son günlər uşaqların məktəbə 8 yaşından başlaması və təhsil müddətinin 10 ilə endirilməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirərkən deyib.
Sədr bu təklifin həm valideynlər, həm də ekspertlər arasında geniş müzakirələrə səbəb olduğunu vurğulayıb:
“Bu təklif uşaqların psixi sağlamlığını qorumaq və onları erkən yaşda ağır dərs yükündən xilas etmək istəyindən irəli gəlsə də, məsələyə həm elmi, həm də beynəlxalq təcrübə prizmasından yanaşmaq lazımdır. Uşaq psixologiyası və beyin inkişafı ilə bağlı elmi araşdırmalar göstərir ki, 7-8 yaşlı uşağın diqqətini toplamaq, rəqəm və hərfləri qavramaq qabiliyyəti 6 yaşlı uşaqdan daha yüksəkdir. 6 yaşında uşağı parta arxasında saatlarla oturmağa məcbur etmək, ona ağır yazı və oxu tapşırıqları vermək real nəticə vermir. Əksinə, bu, uşaqda oxumağa qarşı istəksizlik yarada bilər”.

Ekspertin sözlərinə görə, elmi yanaşma təsdiqləyir ki, ibtidai siniflərdə proqram mütləq yüngülləşdirilməli, dərslər uşaqların yaşına uyğun qurulmalıdır:
“Lakin bu problemi həll etmək üçün məktəb yaşını 8-ə qaldırıb, təhsili 10 ilə sıxışdırmaq doğru çıxış yolu deyil. Çünki 12 illik proqramı 10 ilə sığdırmağa çalışsaq, uşaqların gündəlik dərs saatları daha da artacaq və onlar ikiqat stress yaşayacaqlar”.
İlqar Orucov əlavə edib ki, müasir dünyada uğurlu təhsil sistemləri məktəbə başlama yaşını gecikdirmir, sadəcə məktəbin daxili mühitini uşaqlara uyğunlaşdırır:
“Məsələn, təhsil sisteminə heyran qaldığımız Finlandiyada rəsmi məktəb yaşı 7 olsa da, ilk siniflərdə uşaqlara ev tapşırığı verilmir, imtahan keçirilmir. Dərslər əsasən oyun, nağıl və hərəkət üzərində qurulur. Digər tərəfdən, ABŞ, Avropa və inkişaf etmiş Asiya ölkələrinin demək olar ki, hamısında 12 illik təhsil sistemi tətbiq olunur. Əgər biz təhsil müddətini 10 ilə endirsək, gələcəkdə ölkəmizdə verilən attestatlar beynəlxalq səviyyədə tanınmaya bilər. Məzunlarımız xarici universitetlərə birbaşa qəbul ola bilməz və əlavə bir il itirməli olarlar”.
İlqar Orucov hesab edir ki, bu kimi təşəbbüslərdə elmi-pedaqoji yanaşma əsas götürülməli, həvəskar, qeyri-peşəkar, elmi araşdırmalara və nəticələrə söykənməyən yanaşmalardan birmənalı şəkildə uzaq durulmalıdır:
“Biz sistemin strukturunu dağıtmaqla deyil, məzmununu dəyişməklə uğur qazana bilərik. Optimal həll yolu kimi uşaqların rəsmi olaraq 5 yaşında məktəbəhazırlıq qruplarına cəlb edilməsi, 6-7 yaşlarında isə birinci sinfə başlaması və mövcud 11 illik təhsil sistemimizin qorunması mütləqdir. Bununla paralel olaraq, gələcəkdə qlobal standartlara tam inteqrasiya məqsədilə 12 illik təhsil sisteminə mərhələli və əsaslandırılmış keçid istiqamətində infrastruktur, kurikulum və kadr hazırlığı işləri də ciddi şəkildə davam etdirilməlidir. Lakin həm mövcud hazırlıq qruplarının, həm də 1-ci və 2-ci siniflərin proqramlarının tamamilə yüngülləşdirilməsinə ehtiyac var. Bu yaşda uşaqlara münasibətdə narahatlıq doğuran ağır çantalar, ev tapşırıqları və qiymətləndirmə ləğv edilməlidir. Məktəbin ilk illəri uşaq üçün stress deyil, oyun və sosiallaşma məkanı olmalıdır. Yuxarı siniflərdə isə şagirdlər əsasən seçdikləri ixtisasa uyğun fənləri oxusunlar ki, vaxt itkisi yaşanmasın”.
Bahar Rüstəmli
Şərhlər