XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tikinti sektoruna verilən kreditlər azalır - Son 3 ildə nə dəyişib?
Ekonomiks14:50 10.09.2026

Tikinti sektoruna verilən kreditlər azalır - Son 3 ildə nə dəyişib?

Mərkəzi Bankın statistikasına görə, son illərdə daşınmaz əmlak sektoruna kredit qoyuluşları kəskin azalıb. 2022-ci ildə bu sahəyə 261,3 milyon manat kredit ayrıldığı halda, 2025-ci ildə göstərici 28,3 milyon manata düşüb. 2026-cı ilin iyulunda isə daşınmaz əmlak sektoruna 43,9 milyon manat kredit verilib.

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Qaynarinfo-ya son illərdə daşınmaz əmlak sektoruna kredit qoyuluşlarının kəskin azalmasının səbəblərini açıqlayıb.

Vüqar Oruc hesab edir ki, kredit qoyuluşlarının azalması ilk baxışda neqativ görünsə də, bu, bazarın zəifləməsindən daha çox, maliyyələşmə modelinin dəyişməsi ilə bağlıdır:

“Mərkəzi Bankın məlumatlarına əsasən, son illərdə kredit qoyuluşları azalıb. Baxmayaraq ki, 2026-cı il hələ yekunlaşmayıb, son dövrün göstəricilərinə görə, indi bir artım hiss olunur. Bu azalma neqativ görünsə də, əslində bazarın zəifləməsindən yox, maliyyələşmə modelinin dəyişməsindən xəbər verir”.

Vüqar Orucun sözlərinə görə, əsas səbəblərdən biri tikinti şirkətlərinin əvvəlki illərlə müqayisədə bank vəsaitlərindən daha az istifadə etməsidir:

“Hazırda bir çox şirkətlər mənzil satışından əldə etdikləri vəsaiti yeni layihələrin maliyyələşdirilməsinə yönəldirlər. İlk növbədə təməl qazılır, bundan sonra ev almaq istəyən şəxslər müraciət edir, onlardan müvafiq ödənişlər əldə olunur və tikinti başlayır”.

Ekspert bildirir ki, tikinti şirkətləri üçün kredit hesabına layihə həyata keçirmək həm faiz xərcləri, həm də inflyasiya səbəbindən riskli və bahalı ola bilər:

“Kreditlə tikmək risklidir. Bu, kredit faizləri baxımından böyük məbləğdə xərclər tələb edir və eyni zamanda inflyasiyanın getməsi çox ciddi problemlər meydana gətirir. Bütün bunlar nəzərə alınaraq, gələcək binanın sakinlərindən əvvəlcədən yığılmış məbləğlə bir çox tikinti layihələri həyata keçirilir. Bu baxımdan bankların tikinti sektoru ilə əlaqələri də yeni bir dövrə qədəm qoyur”.

Vüqar Oruc uzunmüddətli tikinti layihələrinin banklar tərəfindən riskli qiymətləndirildiyini və kredit faizlərinin yüksək olmasının şirkətlərin qərarlarına təsir etdiyini deyir:

“Uzunmüddətli tikinti layihələri banklar tərəfindən bir çox halda riskli sayılır. Çünki satış tempinin necə olacağı, daşınmaz əmlak bazarında gələcəkdə nələrin baş verəcəyi risk baxımından çox ciddi suallar doğurur. Son dövrlər Azərbaycanda, xüsusilə də Bakı şəhərində daşınmaz əmlak qiymətləri daim artsa da, yenə banklar öz risklərini nəzərə alaraq bu istiqamətdə ehtiyatlı davranırlar”.

Onun sözlərinə görə, həm bankların risklərə görə ehtiyatlı davranması, həm də biznes kreditləri üzrə faizlərin yüksək olması maliyyələşmə modelinin dəyişməsinə səbəb olub:

“Bank kreditlərinin hazırda yüksək olması, biznes kreditlərinin əvvəlki dövrlərə nisbətən faiz artımı da tikinti şirkətlərinin özlərini tərəddüdlü mövqe tutmağa vadar edir. Həm banklar risk baxımından ehtiyatlı davranır, həm də şirkətlər özləri daha əlverişli varianta üstünlük verirlər. Bu, maliyyələşmə mexanizminin modelinin dəyişməsi ilə bağlıdır”.

Ekspert hesab edir ki, kredit qoyuluşlarının azalmasına baxmayaraq, daşınmaz əmlak bazarında ciddi geriləmə müşahidə olunmur:

“Ümumiyyətlə, kreditlərin azalmasına baxmayaraq, bazarda aktivlik qalmaqdadır, yəni tikinti və satış həcmlərində hər hansı ciddi geriləmə görünmür. Bu da onu göstərir ki, sektor alternativ maliyyələşmə mənbələrinə daha çox üstünlük verir. Düşünürəm ki, 2026-cı ildə müşahidə olunan canlanma gələcəkdə də davam edəcək”.

Vüqar Oruc 2026-cı ildə kredit qoyuluşlarında artımın davam edə biləcəyini və bankların daha əlverişli şərtlər tətbiq etməsinin bu göstəriciyə təsir göstərəcəyini düşünür:

“İndi necə ki, ötən ilə nisbətən təqribən 60 faiz civarında artım var, düşünürəm ki, hələ il sonu deyil, bu, yüz faiz də artım ola bilər və bu tendensiya davam edəcək. Əgər banklar tikinti sektoruna verdikləri kreditlərdə hər hansı faiz təşviqi siyasəti aparsalar və tikinti sektoru görsə ki, banklardan kredit götürərək inşaat işini aparmaq əlverişli gəlir əldə etməyə imkan verir, yəqin ki, bu rəqəmlərdə müəyyən dəyişikliklər baş verəcək”.

Günay İlqarqızı