XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Arda Güler üçün 100 milyon avroluq təklif - Görüş tarixi açıqlandı
İdman17:37 10.09.2026

Arda Güler üçün 100 milyon avroluq təklif - Görüş tarixi açıqlandı

“Real Madrid”in formasını geyinən Türkiyə millisinin futbolçusu Arda Güler üçün keçmiş baş məşqçisi Xabi Alonsonun çalışdırdığı “Çelsi” 100 milyon avroluq təkliflə İspaniya klubunun qapısını döyməyə hazırlaşır. Bildirilir ki, Madrid təmsilçisi gənc futbolçunun ayrılmasına razılıq verə bilər.

Qaynarinfo xəbər verir ki, yay transfer pəncərəsinin son günündə 145 milyon avro qarşılığında “Mançester Siti”yə keçən Enzo Fernandesin yerini doldura bilməyən “Çelsi” qış transfer pəncərəsində bu mövqeyə mütləq futbolçu cəlb etmək istəyir.

“Fichajes”in xəbərinə görə, Xabi Alonso Fernandesin boşluğunu doldura biləcək ən uyğun namizəd kimi keçmiş yetirməsi Arda Güleri müəyyənləşdirib.

Alonsonun “Real Madrid”də çalışdığı dövrdə Arda Gülerin istedadına yaxından şahid olduğu və futbolçunu çox bəyəndiyi bildirilir. İspaniyalı mütəxəssis milli futbolçunu Moyses Kaysedo ilə birlikdə yarımmüdafiənin mərkəzində oynatmağı, onun hücum xətti ilə orta sahə arasında əlaqələndirici rolunu yerinə yetirməsini planlaşdırır.

“Çelsi”nin məşqçilər korpusunun da Arda Gülerin uzun və diaqonal ötürmələrdəki uğurunun Fernandesin ayrılmasından sonra itirilən oyunqurma keyfiyyətini yenidən komandaya qazandıra biləcəyini düşündüyü qeyd olunur.

Xəbərə görə, “Real Madrid” 100 milyon avroluq təklif daxil olacağı təqdirdə daha üç il müqaviləsi olan gənc yarımmüdafiəçinin ayrılmasına razılıq verə bilər.

Cud Bellinqemin “10 nömrə” mövqeyində əsas seçim olması, mərkəzə Bernardo Silvanın, sağ cinaha isə Diomandenin transfer edilməsi Arda Gülerin oynamaq şanslarını azalda bilər.

Bildirilib ki, mövsümün əvvəlində kifayət qədər oyun vaxtı əldə etməsinə baxmayaraq, “Real Madrid” rəhbərliyi 100 milyon avroluq mümkün təklifi heyətin əsas strukturunu pozmadan əhəmiyyətli gəlir əldə etmək imkanı kimi qiymətləndirir.

“Çelsi” rəhbərliyinin noyabrın ikinci həftəsində Arda Gülerin nümayəndələri ilə görüş keçirməsinin gözlənildiyi bildirilir. İngiltərə klubunun bu görüşdə transferin maliyyə şərtlərini əvvəlcədən müəyyənləşdirərək milli futbolçu üçün rəsmi təşəbbüslərini sürətləndirmək istədiyi qeyd olunur.

Arda Gülerin mümkün satışından onun keçmiş klubu “Fənərbağça” 20 faiz pay əldə edəcək.

Milli futbolçunun iddia edildiyi kimi 100 milyon avroya transfer olunması halında “Fənərbağça”nın hesabına 20 milyon avro daxil olacaq.

“Real Madrid”də dördüncü mövsümünü keçirən Arda Güler indiyədək İspaniya klubunun heyətində 116 rəsmi oyuna çıxıb. O, 6101 dəqiqə ərzində 19 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb və ümumilikdə 45 qola birbaşa töhfə verib.

Aydın