XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Ana uşağını atdı" demək kifayət deyil - Psixoloq hadisənin görünməyən tərəflərindən danışdı
Ölkə17:53 10.09.2026

"Ana uşağını atdı" demək kifayət deyil - Psixoloq hadisənin görünməyən tərəflərindən danışdı

“Bu hadisəni yalnız “ana uşağını atdı” formasında emosional və ittihamedici yanaşma ilə qiymətləndirmək kifayət deyil. Yeni doğulmuş körpəni xəstəxanada qoyub getmək, əlbəttə, son dərəcə ciddi hadisədir və ilk növbədə uşağın təhlükəsizliyi, tibbi vəziyyəti və gələcək müdafiəsi təmin edilməlidir. Eyni zamanda, ananın bu davranışının arxasında hansı psixoloji, sosial və ailəvi amillərin dayandığı da mütləq araşdırılmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov ananın iki qolu olmayan övladını doğum evində qoyub getməsinin psixoloji tərəflərini izah edərkən deyib.

Psixoloq hesab edir ki, qadının qeyri-rəsmi nikah münasibətində olması, ailə və sosial dəstəkdən məhrum qalması, maddi çətinlik, münasibətdə zorakılıq və ya tərk edilmə, doğuşdan sonrakı ağır emosional vəziyyət belə qərarların yaranmasında rol oynaya bilər:

“Doğuşdan sonrakı dövrdə bəzi qadınlarda dərin depressiya, güclü qorxu, ümidsizlik, reallığı düzgün qiymətləndirməkdə çətinlik, hətta nadir hallarda psixotik vəziyyətlər müşahidə oluna bilər. Buna görə ananın davranışı haqqında yekun qənaət verməzdən əvvəl onun psixi vəziyyəti peşəkar şəkildə qiymətləndirilməlidir. Hadisədə diqqət çəkən başqa bir məqam qadının xəstəxanadan çıxarkən həyətdəki pişiyə yazığı gəldiyini söyləməsi və onu özü ilə aparmasıdır”.

Elnur Rüstəmov ilk baxışda bu davranışın ziddiyyətli göründüyünü xatırladıb:

“İnsan öz körpəsini qoyub gedir, lakin heyvana mərhəmət göstərir. Lakin insan psixikası həmişə məntiqi və ardıcıl fəaliyyət göstərmir. Şəxs ağır stress, qorxu və daxili böhran içində olduqda əsas problemdən psixoloji olaraq uzaqlaşa, daha asan idarə edə biləcəyi bir obyektə qayğı yönəldə bilər. Pişiyi qucağına alması onun körpəsinə qarşı hisslərinin olmadığı anlamına gəlmir. Bu, günahkarlıq hissinin başqa istiqamətə yönəldilməsi, təsəlli axtarışı və ya ağır reallıqdan emosional yayınma davranışı da ola bilər. Ancaq yalnız bu epizoda əsaslanaraq qadına hər hansı psixi diaqnoz qoymaq düzgün deyil”.

Elnur Rüstəmov əlavə edib ki, cəmiyyətdə belə hadisələr haqlı olaraq güclü emosional reaksiya doğurur:

“Lakin təhqir, linç və damğalama nə körpənin problemini həll edir, nə də oxşar hadisələrin qarşısını alır. Əksinə, çıxılmaz vəziyyətdə olan digər qadınların kömək istəməsini daha da çətinləşdirə bilər. Məsələyə həm hüquqi məsuliyyət, həm uşağın ali mənafeyi, həm də ananın psixoloji və sosial vəziyyəti birlikdə nəzərə alınmaqla yanaşılmalıdır”.

Psixoloq hesab edir ki, doğuşdan əvvəl və sonra risk qrupunda olan qadınların psixoloji vəziyyəti izlənməli, ailə və sosial dəstək imkanları müəyyənləşdirilməli, zərurət yarandıqda psixoloq, psixiatr və sosial işçinin müdaxiləsi vaxtında təşkil edilməlidir:

“Məqsəd yalnız hadisə baş verdikdən sonra günahkar axtarmaq deyil, ananı belə bir qərara gətirən səbəbləri vaxtında görmək və körpənin tərk edilməsinin qarşısını almaq olmalıdır”.

Qeyd edək ki, Bakıda ana doğuşdan sonra övladından imtina edib. Hadisə Sabunçu Tibb Mərkəzində baş verib. Buna səbəb uşağın iki qolunun olmaması göstərilir. Məlumatlara əsasən, ana xəstəxanadan çıxarkən həyətdə gördüyü pişiyi “yazıqdır” deyərək bağrına basıb və onu da özü ilə aparıb.

Bahar Rüstəmli