XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kopenhagen deyil: 2026-cı ilin velosipedçilər üçün ən yaxşı şəhəri açıqlandı (SİYAHI)
Dünya23:18 10.09.2026

Kopenhagen deyil: 2026-cı ilin velosipedçilər üçün ən yaxşı şəhəri açıqlandı (SİYAHI)

2026-cı ildə velosipedçilər üçün dünyanın ən əlverişli şəhəri müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, “Time Out”un apardığı araşdırmada dünyanın müxtəlif şəhərlərində yaşayan 24 mindən çox insanın fikirləri öyrənilib. Respondentlərdən yaşadıqları şəhərdə velosipedlə hərəkətin nə dərəcədə rahat olduğunu qiymətləndirmələri istənilib.

Araşdırmanın nəticələrinə əsasən, Böyük Britaniyanın Kembric şəhəri birinci yeri tutub. Maraqlıdır ki, velosipedçilər üçün ən əlverişli şəhərlər sırasında uzun illər önə çıxan Kopenhagen bu dəfə yalnız üçüncü olub.

Kembricdə sorğuda iştirak edən yerli sakinlərin 83 faizdən çoxu velosipedlə hərəkət imkanlarını “yaxşı” və ya “əla” qiymətləndirib. Şəhərin düz relyefi, nisbətən quru iqlimi, kompakt quruluşu və inkişaf etmiş velosiped infrastrukturu buna şərait yaradır. Burada səfərlərin təxminən üçdə biri velosipedlə həyata keçirilir.

İkinci yerdə Kanadanın Monreal şəhəri qərarlaşıb. Yerli sakinlərin 82,5 faizi şəhərdə velosipedlə hərəkəti müsbət qiymətləndirib. Monrealda geniş velosiped yolları şəbəkəsi, BIXI velosiped icarəsi sistemi və qış aylarında belə qardan təmizlənən qorunan velosiped zolaqları fəaliyyət göstərir.

Üçüncü yeri Kopenhagen tutub. Danimarka paytaxtında sakinlər hər gün velosipedlə ümumilikdə təxminən 1,44 milyon kilometr məsafə qət edirlər. Şəhərdə avtomobillərdən ayrılmış geniş velosiped yolları və nəqliyyatın sürətini azaltmağa yönəlmiş tədbirlər tətbiq olunur.

Reytinqdə ilk onluqda həmçinin Şanxay, Vyana, Varşava, Marrakeş, Taypey, Stokholm və Sevilya yer alıb.

Şanxayda respondentlərin 78 faizi velosipedlə hərəkəti müsbət qiymətləndirib. Vyanada isə təxminən 1800 kilometr velosiped yolu mövcuddur. Varşavada bu göstərici təxminən 500 kilometrdir.

İspaniyanın Sevilya şəhəri də 180 kilometrə yaxın velosiped yolu və düz relyefi sayəsində ilk onluğa daxil olub.

Velosipedçilər üçün dünyanın ən yaxşı 20 şəhəri:

1. Kembric – 83 faizdən çox

2. Monreal – 82,5 faiz

3. Kopenhagen

4. Şanxay – 78 faiz

5. Vyana

6. Varşava – 76,6 faiz

7. Marrakeş – 75 faiz

8. Taypey – 74,5 faiz

9. Stokholm

10. Sevilya – 72,3 faiz

11. Seul – 72,2 faiz

12. Medellin – 71 faiz

13. Rotterdam – 69,3 faiz

14. Helsinki – 69,3 faiz

15. Əbu-Dabi – 69,2 faiz

16. Orlando – 68,7 faiz

17. Frankfurt – 65,3 faiz

18. Lüksemburq – 64,7 faiz

19. Lyublyana – 64,4 faiz

20. Braziliya – 64,4 faiz.

Aydın