Ölkə 18:02 25.05.2020

“O qadının bizə hücum etməsinin təsadüf olduğunu demək çətindir” – Sədr

"Bu hadisənin təsadüf olduğunu demək çətindir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı Azərbaycanın keçmiş baş naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin ofisində olarkən özünü "qonşu” kimi təqdim edən qadının onlara hücumundan danışarkən deyib. Partiya başqanının fikrincə, bu hadisəyə birmənalı şəkildə hücum demək olmaz:

"Biz uzun müddətdir tez-tez Pənah bəyin, yəni, AXP-nin ofisində görüşüb müzakirələr aparırıq. Bu günə qədər hər hansı bir narahatlıq olmayıb. Sadəcə olaraq, dünən biz ofisə daxil olarkən özünü qonşu kimi təqdim edən bir xanım və yanında 1-2 nəfər kişi bizə yersiz və əsassız iradlar bildirməyə başladılar. Biz də şikayətləri varsa, hüquq-mühafizə orqanlarına müraciət etmələrini məsləhət gördük. Ancaq onlar yenə əsassız iradlarını davam etdirdilər və hətta aqressiyanı daha da artırdılar”.

AĞ Partiya başqanı hesab edir ki, məsləyə hüquqi qiymət verilməlidir: 

"Mən belə başa düşdüm ki, onlar bizi bilərək konfliktə çəkmək istəyirlər. Xanım xüsusi canfəşanlıqla bizi müxtəlif əməllərdə ittiham edirdi, hətta Pənah bəyə Tetçer ilə zamanında görüşünü də irad tutdu. Bütün bunları analiz etdikdə bu hadisənin təsadüf olduğunu demək çətindir. İstənilən halda həmin gün 102 xidmətinə məlumat verilib. Ümid edirəm ki, belə həssas zamanda bu özbaşınalığa ədalətli hüquqi qiymət verilər”.

Qeyd edək ki, Azərbaycanın keçmiş baş naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin və AĞ Partiyanın başqanı Tural Abbaslı özünü "qonşu" kimi təqdim edən bir qadının hücumuna məruz qalıb.

Bahar Rüstəmli