Xəbər lenti

Oktyabr etüdü
Ölkə 10:42 04.10.2017

Oktyabr etüdü

Vüsal Bağırlı

Tuneldə qatar dayanmaq üzrədir. Ətalətli ləngərdən müvazinətimi itirib, sərxoş adamlar kimi səntirləyirəm. Əlimdəki kitabı bel çantama dürtə-dürtə yıxılmamağa, qollarımı havada oynadaraq haradan gəldi tutmağa çalışıram.

Vaqon dərin bir nəfəs alaraq, fısıltıyla dayanır. Açılmış qapıların şaqqıltısıyla, bir-birinə yapışmış tərli insanların perrona, perrondakılarınsa içəriyə təpilməsi eyni anda baş verir. Basa-basa sinə gərib, özümü güc-bəla ilə bayıra tullayıram.

Perron izdihamı məni burulğana düşmüş dəniz kanonesi kimi udur. İstəyib-istəməməyimdən asılı olmayaraq axın bizi eskalatora tərəf sürüyür. 

Eskalator aramla məni yuxarı dartır. Aşağı paralel düşən insanları gözdən keçirirəm. İslanmış adamlar saçlarını çırpır, üst-başlarını qaydaya salır, çətirlərini yığırlar. Bu payız soyuqlar erkən gəldi.

Diktorun rəsmi, quru səsi başıma düşür. "Qocalara, uşaqlı qadınlara yer verin, metroda şübhəli şəxslər gördükdə...”

Eh, o qədər şübhəli şəxs görürəm ki!? 

Yeniyetmə vaxtı bir ara dedektiv əsərlərə hədsiz marağım yaranmışdı - Şerlok Holms, Erkül (milliləşdirib Ərgül deyirdim) Puaro, Miss Marpl...

 Xəfiyyələrin deduktiv yanaşma prinsipini tətbiq edərək, mübhəm cinayətləri, insanlar arasında gizlənən hiyləgər qatili ifşa etməyə çalışar, ayaqqabı üzərindəki palçıq ləkəsindən, pencəyin üzərinə düşmüş lələkdən, eynəyin, papağın görünüşündən onun kimliyini təyin edərdim.

Bəzən küçədə mənə şübhəli görünən birisini qarabaqara izləyər, təxəyyülümdə onun hansısa bankı soymağa getdiyini zənn edərdim.

Bayırda narın payız yağışı üzərimə ələnir. Fikirlər üzərinə ağac budağı düşən sərçə sürüsütək dağılıb gedir. Addımlarımı yavaşıdıb ən sevdiyim fəslin nəm havasını qarşısıalınmaz ləzzətlə ciyərlərimə çəkirəm.Yağışdan islanan və gizlənən insanlar yanımdan sürətlə ötərək təəcüblə üzümə baxırlar....  

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->