Dünya 14:04 08.03.2021

Oliqarxların nəzərinə: Sizi də Kolomoyskinin taleyi gözləyir

ABŞ Dövlət Departamenti ukraynalı oliqarx İqor Kolomoyskiyə və onun ailə üzvlərinə qarşı sanksiya tətbiq edib.  

Qaynarinfo xəbər verir ki, sanksiya oliqarx İqor Kolomoyski ilə bərabər həyat yoldaşı İrina Kolomoyskya, oğlu İsrail Tsvi Kolomoyski və qızı Anjelika Kolomoyskyanın ABŞ-a girişini qadağan edib. 

ABŞ dövlət katibi Entoni Blinken tərəfindən şəxsən açıqlanan sanksiyanın tətbiq olunmasının səbəbi kimi oliqarxın Ukraynada demokratik prosesləri və institutları zədələməyə yönəlmiş, eləcə də korrupsiya əməlləri göstərilir. 

ABŞ Ədliyyə Nazirliyi isə üç məhkəmə iddiası qaldıraraq oliqarx İqor Kolomoyskinin və ortaqlarının ABŞ-dakı sərvətlərinin müsadirə olunmasını tələb edir. İqor Kolomoyski şərikləri ilə birlikdə Oqayoda 500 min kvadratmetr daşınmaz əmlaka, İllinoys ştatında mobil telefon istehsal edən zavoda, Kentukki, Qərbi Virciniya və Miçiqan ştatlarında polad əritmə zavodlarına sahibdir. İndi ABŞ Ədliyyə Nazirliyinin məhkəmə iddiası qaldıraraq onların müsadirə olunmasını tələb edir. ABŞ Ədliyyə Nazirliyi hesab edir ki, oliqarx İqor Kolomoyskinin bu sərvəti korrupsiya yolu ilə əldə edib. Ona görə də müsadirə olunmalıdır.
 
 

Ukraynalı oliqarx İqor Kolomoyskinin problemləri bunlarla da bitmir. ABŞ Maliyyə Nazirliyinin kəşfiyyat xidməti və Federal Təhqiqat Bürosu oliqarxla bağlı təhqiqat aparır. Oliqarx İqor Kolomoyskinin və ailə üzvülərinin İsveçrə vətəndaşlığının olması da onları xilas etmir. 

Politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Ukrayna oliqarx İqor Kolomoyskidən sonra ABŞ ədliyyəsinin siyahısında Gürcüstanın boz kardinalı və dünyada ən zəngin gürcü hesab olunan Bidzina İvanişvilinin adı ilk sıradadır. Bu siyahıda postsovet məkanından olan bütün oliqarxların adları var. Zamanı gəldikcə ABŞ onların hər birinə qarşı sanksiya tətbiq edərək, sərvətlərini müsadirə edəcək:

"Azərbaycanlı oliqarxlar ukraynalı oliqarx İqor Kolomoyskinin başına gələnlərdən dərs çıxarmalı, sərvətlərinin gec-tez müsadirə oluna biləcəyini nəzərə alıb var-dövlətlərini ölkəyə gətirərək Qarabağ Dirçəliş Fondunun hesabına köçürməlidirlər. Bununla vətənə və xalqa xidmət etmiş olarlar".

Orxan Əhmədli