Dünya 11:18 04.08.2021

Onişenkonun Türkiyəyə qarşı çağırışı: əslində danışan kimdir? (ŞƏRH)

"Onişenko və Jirinovski kimi alətlərin dililə əslində Rusiya dövlətinin mövqeyi ortaya qoyulub. Moskva bununla Ankaranın davranışları ilə razı olmadığını Türkiyənin nəzərinə çatdırmaq istəyib”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya Dövlət Dumasının deputatı Gennadi Onişenkonun Türkiyə əleyhinə səsləndirdiyi sərsəm fikirlərə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, belə hədə-qorxu dililə danışmaq Rusiya siyasətinin tərkib hissəsidir:
 


"Bir neçə gün öncə təlxək Jirinovskinin dililə də Azərbaycan dövləti və onun başçısına qarşı hədyan xarakterli açıqlamalar verildi. Bu da Azərbaycanın daha müstəqil və aktiv siyasət yürütməyə başladığı dövrdə baş verir. Eynilə Türkiyə də Liviya, Suriya, Ukraynada Moskvanın istəyinə uyğun olmayan və onu narahat edən addımlar atır. Bunu da Kreml onişenkoların dililə Türkiyənin diqqətinə çatdırılır. Son zamanlar Suriyanın şimalında PKK terrorçuları yenidən aktivləşib. Suriyanın İdlib bölgəsinə hücum olmayacağı ilə bağlı Rusiya Türkiyə anlaşması olsa da, həmin ərazi Dəməşq rejiminin bombardmanına tuş gəlib. Bu hücumu havadan müdafiə edən isə Rusiya olub. Qara dənizdə keçirilən NATO təlimlərində Türkiyənin öndə olması da şimal ayısını ciddi şəkildə qıcıqlandırıb”. 
Politoloqun fikrincə, bütün bunlar ona işarədir ki, Türkiyənin bəzi siyasi gedişləri Moskvanın maraqlarına cavab vermir:

"Onişenkonun bu fikirləri öz şəxsi təxəyyülünün məhsulu deyil. Belə düşüncələr hər zaman Rusiya siyasətinin tərkib hissəsi olub. Kreml öz narahatlığını hər dəfə məhz bu cür alətlər vasitəsilə gündəmə gətirir. Rusiya tarix boyu hər zaman geosiyasi maraqları konteksində müttəfiqlərini satıb, bu gün də eyni siyasəti davam etdirir”.  
N. Miri Türkiyənin bu təzyiqlər qarşısında geri çəkiləcəyini zənn etmir: 

"Onun xarici siyasətdə öz prioriteti var ki, bunu da addım-addım həyata keçirməkdədir. Heç bir terror olayı, rus turistlərinin Türkiyəyə getməkdən imtina etməsi kimi hadisələr Ankaranın xarici siyasətinə təsir etməyəcək. Rusiya bundan artıq tullana bilməyəcək”.

Həmsöhbətimiz belə hadisələrin son illər Ankara ilə Moskva arasında inkişaf etməkdə olan münasibətlərin yenidən korlanmasına gətirib çıxaracağına da inanmır:  

"Türkiyə və Rusiyanın həssas dönəmində bu cür dağıdıcı elementlərin əsas yer alacağını düşünmürəm. Bu iki ölkə Suriya, Liviya, Ukrayna, Qarabağ məsələsində bir çox məqamlarda uzlaşa bilməsələr də, Türkiyə və Rusiya liderləri uzlaşa bildikləri nöqtələrdə vahid mövqe sərgiləyə bilirlər. Fikrimcə, bu dəfə də eynisi olacaq. İki dövlət başçısı mövcud problemləri rahatlıqla aşacaqlar”.

Qeyd edək ki, Dövlət Dumasının deputatı Gennadi Onişenko bildirib ki, Rusiya vətəndaşları Türkiyəyə tətilə getməməlidir. Çünki Türkiyə Ukraynaya silah satır, Donbasdakı savaşı dəstəkləyir. Onişenko çıxışında Suriya savaşı dövründə Türkiyə təyyarəsinin Rusiya qırıcısını vurmasını, habelə avqustun 2-də Antalyada baş verən yol qəzasında 3 rus turistin həlak olmasını da qabardaraq Türkiyəyə münasibətdə hədə-qorxu dililə danışıb.
 
Rüfət Sultan