"Orqan bağışlamaq məsələsi praktik olaraq şübhəlidir. İnanmıram ki, həmin şəxsin orqanları kiməsə lazım olar".
Bunu Qaynarinfo-ya açıqlamasında orqan bağışlanması ilə bağlı danışan professor Adil Qeybulla deyib.
Professor bildirib ki, orqan beyin ölümü keçirmiş, praktiki sağlam şəxslərdən götürülür:
"İkinci tərəfdən, bu gün orqan bağışının deklorativ mənada müsbət mahiyyəti var. Amma bunun hansı nəticələr verəcəyini və praktiki əhəmiyyətini demək çətindir. Çünki insanlarda müxtəlif xəstəliklər, viruslar, hepatit, eləcə də yaşla bağlı dəyişikliklər ola bilər. Bu halda orqan köçürmək funksional baxımdan yararlı sayılmır".
Adil Qeybulla bu qərarın müsbət mahiyyət daşıdığını da əlavə edib:
"Düşünürəm ki, cəmiyyət bütövlükdə buna hazır olmalıdır. Xatırlayırsınızsa, mərhum millət vəkilimiz Qənirə Paşayeva da orqanlarını bağışlamaqla bağlı deklorativ bəyanat vermişdi. Amma nəticə nə oldu? Bu baxımdan, bunun maarifləndirici önəmi ola bilər, praktik önəmi isə situasiyalardan asılıdır".
Qeyd edək ki, bundan əvvəl "Yeni Klinika"nın direktoru Barat Yusubov bütün orqanlarını bağışladığını açıqlayıb.
Bahar Rüstəmli
Şərhlər