Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşının oğurluq etməsini əks etdirən videogörüntülərə münasibət bildirib.
DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"un sorğusuna cavab olaraq bildirib ki, videonun harada və nə vaxt çəkildiyi bilinməsə də, Nazirliyin aidiyyəti qurumları bu iddia ilə bağlı dərhal obyektiv araşdırmalar aparıb: "Qısa zamanda müəyyən edilib ki, görüntüdə olan şəxs, həqiqətən də, polis əməkdaşıdır və paytaxtdakı mühafizə idarələrindən birində polis nəfəri kimi xidmət edib. Onun cibinə qoyduğu əşya isə qızıl bilərzik deyil, metro stansiyalarının önündə satılan adi bijuteriyadır. Dərhal həmin gənc əməkdaş aidiyyəti idarəyə dəvət olunub və sorğu zamanı törətdiyi xoşagəlməz və polisin adına yaraşmayan hərəkəti 2018-ci ilin oktyabr ayında törətdiyini etiraf edib".
E.Zahidov qeyd edib ki, DİN rəhbərliyinin göstərişi ilə daxili işlər orqanlarının nüfuzuna xələl gətirən, polisin adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə həmin şəxs daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Qeyd edək ki, ötən gün bəzi xəbər saytlarında və sosial şəbəkələrdə polis əməkdaşı olduğu iddia edilən şəxsin satışda olan sarı metal əşyanı götürüb cibinə qoyduğunu əks etdirən videogörüntü paylaşılıb. Müəllifin qənaətinə görə əşya qızıl bilərzikdir.
Şərhlər