Çoxmərtəbəli yeni binalar yanğından necə qorunur... (EKSPERT)

Çoxmərtəbəli yeni binalar yanğından necə qorunur... (EKSPERT)

Noyabrın 14-də Bakının Xətai rayonunda baş verən yanğın bir daha çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi məsələsini gündəmə gətirdi. Belə ki, Bakıda hündürmərtəbəli binada baş verən yanğın nəticəsində 11 nəfər zəhərləndi. İkibloklu binanın mansard hissəsi təxminən, 180-200 kv/m ərazi yandı.


Yanğının baş verməsinə ilkin ehtimal şaxtadan keçən naqillərdə həddən artıq yüklənmə səbəbindən yaranan qısaqapanmanın mansardda olan naqillərə keçməsidir.

 

Bu hadisə bir daha göstərdi ki, əksər yeni tikililərdə , çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi qaydalarına riayət edilmir.

 

Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan mənzil-tikinti məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, tikinti bumundan sonra Azərbaycanda yeni tikililərdə təhlükəsizlik qaydaları problemi çox ciddi səviyyədə oldu: "Burada da ən ciddi qaydalardan biri bilavasitə yanğın təhlükəsizliyi ilə bağlı məsələdir. Hazırda cənab prezidentin 19 fevral 2019- cu il tarixli fərmanı nəticəsində bəzi çoxmənzilli binaların istismara qəbulunun sadələşdirilməsi ilə bağlı fərman icra olunur. Bu fərmanın icrası çərçivəsində ən ciddi yanaşılan məsələlərdən biri məhz yanğın təhlükəsizliyi ilə bağlıdır. Bu normativlər və qaydaların pozulması hallarının aşkarlanması və onların aradan qaldırılması əsas məsələdir. Çoxmənzilli binalarda belə hallar aşkar olunursa, Fövqəladə Hallar Nazirliyi və Təhlükəsizliyə Nəzarət Dövlət Departamenti tərəfindən həmin binalara xəbərdarlıq edilir. Bu iki qurum həmin binalarda sözügedən problemlərin aradan qaldırılmasına nəzarət edir və yalnız bundan sonra onların istismarına Fövqəladə Hallar Nazirliyi tərəfindən müsbət rəy verilir. Bu günə kimi 200 -dən artıq bina bu fərman çərçivəsində istismara qəbul olunub. Demək olar ki, bu binalarda yanğın təhlükəsizliyi ilə bağlı problemlər müəyyən qədər aradan qalxıb. Ancaq demək olmaz ki, bu sahədə vəziyyət idealdır”.

 

Ekspertin sözlərinə görə, qaydalar bunu tələb edir ki, bütün çoxmənzilli yaşayış binalarında və ümumiyyətlə tikintisinə icazə tələb olunan bütün tikililərdə yanğın təhlükəsizliyi qaydalarına mütləq şəkildə əməl olunmalıdır: "Binanın bütün mərtəbələri vəqeyri-yaşayış sahəsi mərkəzləşdirilmiş yanğın təhlükəsizliyinə qarşı şitlə təmin olunmalıdır. Nasoslar qoyulmalıdır, yanğın hallarında həmin qurğular avtomatik işə düşməlidir. Bir sıra binalarda müəyyən cihazlar quraşdırsalar da tam olaraq işə salmayıblar. Yəqin ki, yaxın gələcəkdə bu problemlər də aradan qalxacaq. Hazırda bu istiqamətdə çox ciddi işlər görülür və ilin sonunda tam olaraq vəziyyətin nə dərəcədə müsbətə doğru dəyişdiyini görə biləcəyik”.

 

R.Osmanlı bildirdi ki, yanğın zamanı binadan tüstünün sorulması üçün də xüsusi qurğu quraşdırılmalıdır: "Bütün binalarda tüstü bacaları var. Bunlar binanın şaxtasına birləşdirilməmiş şəkildə qurulmalıdır. Ancaq təəssüflər olsun ki, bir sıra yeni tikililərdə tüstü bacaları bilavasitə şaxtalara birləşdirilir. Ona görə də, tüstü o bacadan xüsusi qurğu ilə boş əraziyə vurulduqda şaxta vasitəsilə mənzillərin mətbəxtlərindən çıxan havaqovucu borularla mənzillərə dolur. Belə problemlər var və ona da diqqət olunmalıdır”.


Çoxmərtəbəli binalarda yanğın çıxışları və pilləkənlərinin olmasına gəlincə, ekspert bildirdi ki, əksər binalarda bu yoxdur: "Binaların böyük əksəriyyətində bilavasitə yanğın təhlükəsizliyi ilə bağlı olan pilləkən qəfəslər demək olar ki, qurulmayıb. Hesab etmirəm ki, hazırki mərhələdə bu problem həll etmək mümkün olacaq. Çünki bu kifayət qədər böyük problemdir. Bunun üçün binanın bütün elementlərinə yenidən baxılmalıdır. Bu mənada həmin problemin tam olaraq aradan qalxacağını düşünmək düzgün deyil. Ancaq bir sıra yeni tikililərdə problem qismən həll etmək üçün tikinti şirkətləri pilləkən qəfəslərini binanın ümumi yaşayış üçün istifadə olunan ərazisindən və lift meydançalarından kənarda inşa ediblər. Binada liftlər başqa istiqamətdədir, pilləkən qəfəslər isə ayrıdır. Demək olar ki, bütün bloklara pilləkənlə ayrıca çıxışlar var. Bunu problemin həlli üçün ideal olmasa da, optimal variant hesab etmək olar”.

 

R.Osmanlı onu da vurğuladı ki, vətəndaşlar mənzil alarkən binanın təhlükəsizlik qaydaları ilə bağlı parametrlərinə diqqət etməlidirlər: "Təəssüf ki, vətəndaş mənzil alarkən çox nadir hallarda bu məsələlərə diqqət edir”.

 

Yanğın təhlükəsizliyi qaydalarında isə qeyd olunur ki, binaların təhlükəsizliyi üçün tüstüdən müdafiə sistemi, yanğın avtomatika qurğuları, qəza işıqlandırıcıları, yanğına qarşı daxili su kəməri, qəza lifti müntəzəm yoxlanmalı və işlək vəziyyətdə saxlanılmalıdır.

 

Yanğın vaxtı işə salınan xüsusi ventilyatorlarının, siqnalizasiya cihazlarının, yanğına qarşı sistemlərinin işə salma qurğularının təyinatı və işlətmə qaydası lövhəyə yazılıb asılmalıdır. Avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya qurğularına, tüstüyə qarşı müdafiə sisteminə, yanğına qarşı daxili su şəbəkələrinin nasos stansiyasına texniki xidmət ixtisaslı mütəxəssis tərəfindən həyata keçirilməlidir. Təbii işıqlandırıcısı olmayan köçürmə yolları daima elektrik işığı ilə işıqlandırılmalıdır Tüstüyə qarşı müdafiə sisteminə açılan qapı saz, özübağlanan qurğu və kipləşdirici ara qatla təmin olunmalıdır. Yüksək mərtəbəli yaşayış binalarının, avtomatik yanğına qarşı müdafiə vasitələri və qurğuları, mənzil kommunal təsərrüfatının vahid dispetçer xidməti sisteminə qoşulmalıdır.

 

Köçürmə (təxliyyə) yollarının konstruktiv elementlərinin odadavamlı örtüyü və ya onların üzərinə çəkilmiş suvağın müdafiə qatı yaxşı istismar vəziyyətində saxlanılmalıdır. Pilləkən qəfəslərində quraşdırılmış elektrik şitləri etibarlı açarlar ilə bağlanmalıdır. Binaların çardaqları daima təmiz olmalıdır. Texniki mərtəbələrin və çardaqların pəncərələri şüşələnməli, daima bağlı saxlanılmalıdır. Binaların çardaqlarında yanar materialların və əşyaların saxlanılması qəti qadağandır. Binaların zirzəmiləri daima bağlı saxlanılaraq, açarlar nəzarət otağında və yaxud kamendantda olmalıdır. Zirzəmilərin və texniki mərtəbələrin girişində, onların plan sxemləri asılmalıdır. Burada da yanar materialların və əşyaların saxlanılması qəti qadağandır. Əks halda bu yanğının daha sürətlə yayılmasına, daha təhlükəli hal almasına və dəyən ziyanın həcminin artmasına gətirib çıxara bilər.

XƏBƏRLƏR
BLOGLAR