Ölkə 19:23 01.02.2018

Parlamentdə şadlıq sarayları müzakirə obyektinə çevrildi

Restoranlarda keçirilən toylarda bahalı yeməkləri süfrəyə gətirməyi sona saxlayırlar. Bununla da restoran sahibləri öz vəsaitinə qənaət edir.

Oxu.Az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışında deyib. 

O qeyd edib ki, toya əgər 400 nəfər dəvət olunubsa, 35 manatlıq balıq kababının pulu qonaqların hamısından alınmış olsa da, sonda həmin kabablar 200 nəfərə verilir: 

"Həmçinin restoranlarda kondisionerləri söndürmürlər. Adam da toyda boynunun tutulduğunu hiss edir və salonu tərk edir. O cümlədən bir salonda səkkiz səsucaldıcı vasitədən istifadə olunur. Adamların başı buna dözmür. O vaxt Azadlıq Meydanındakı mitinqlərdə iki səsucaldıcı qoyulurdu. Səs Şıxov çimərliyinə qədər gedib çıxırdı. İndi isə restoranlara nəzarət edən yoxdur. Səslərə fiziki cəhətdən insan orqanizmi tab gətirə bilmir və qonaqlar tez salonu tərk edirlər. Ölkədə xərçəng xəstəlyi geniş yayılıb. Bəlkə, bu faktorun da bu məsələdə rolu var. Bunu araşdırmaq lazımdır”.

Spiker Oqtay Əsədov çıxışa reaksiya verərək bildirib ki, şadlıq saraylarında səs məsələsi bir neçə dəfə qaldırılıb:

"İndi ölkədə çoxlu bahalı şadlıq sarayları  var. Ancaq bəziləri akustik normalara uyğun şəkildə dizayn edilib. O yemək məsələsini isə mən bilmirəm. Hər halda, bu məsələyə diqqət yetirmək lazımdır”.