Partiyaların qeydiyyatının ləğvi xəbəri ironikdir... – Partiya sədri

Partiyaların qeydiyyatının ləğvi xəbəri ironikdir... – Partiya sədri

"Partiyaların qeydiyyatının ləğv edlməsi siyasi addımdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin fəaliyyətsiz partiyalarla bağlı açıqlamasına aydınlıq gətirərkən deyib. 
Başqan idarənin partiyaların fəaliyyətsizliyi ilə bağlı məlumatını ironik hesab edir:

"Çünki onların fəaliyyəti nəticəsində bir çox ölü partiyalar qeydiyyatda olduğu halda illərlə faktiki olaraq siyasi fəaliyyətlə məşğul olmuş digər təşkilatlar partiya statusunu ala bilmirdi. Həmin idarə rəhbərlik etdiyim AĞ Partiyanın qurultayının nəticələrini 4 il sonra təsdiq elədi. Onlar açıq şəkildə deyirdilər ki, biz sizin dəyişiklikləri qeydə alan deyilik. Belə bir fəaliyyət göstərən qurum necə partiyalara hansısa nöqsan tuta bilər? Əgər partiyalara normal fəaliyyət göstərmək üçün şərait yaradılmırsa,  maliyyələşmədən tutmuş hüquqi baxımdan tənzimlənməsinə problemlər yaradılırsa, hansı normal fəaliyyətdən söhbət gedə bilər? Yəni, düşünülmüş şəkildə partiyaların sıradan çıxarılması siyasəti yürüdülürdüsə, partiyalar necə aktiv ola bilər? Hələ Ədliyyə Nazirliyinin nümayəndəsi təşəkkür eləməlidir ki, ortalıqda 5-6 partiya kimlərinsə fədakarlığı hesabına qalır. Onların ümidinə qalsaydı, bu gün Azərbaycanda heç bir partiya olmayacaqdı. Simvolik olaraq Yeni Azərbaycan Partiyası olacaqdı”.

Tural Abbaslı qeyd edib ki, bu gün 60-a yaxın partiya var, amma onların böyük əksəriyyətinin cəmiyyətə təsir imkanları yoxdur:

"Cəmiyyət onları tanımır. Amma fəaliyyətsiz partiyalar təbii qaydada sıradan çıxmalıdır. Yoxsa hansısa süni şəkildə önə çəkilsin, yaxud da kimsə süni şəkildə sıradan çıxarılsın, bu, düz deyil”.

Tural Abbaslı onu da bildirib ki, çoxpartiyalı sistemin hüquqi bazası yaradılmalıdır:

"Mən yeni qanunvericiliyin qəbul olunması, yəni, partiyalar haqqında qanunvericiliyin qəbul edilməsi və bütün kriteriyaların orada müəyyənləşməsinin tərafdarıyam. Konkret göstərilməlidir ki, hansı hallarda partiyaların qeydiyyatı ləvg, hansı hallarda xəbərdarlıq oluna bilər. Partiyaların qeydiyyatının ləğv edlməsi siyasi addımdır. Ləğv edə bilərlər. Amma beynəlxalq təşkilatlarda onun siyasi  nəticələri Azərbaycan üçün o qədər də xoş olmaz”.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov Azərbaycanda partiyaların fəaliyyətsizliyi haqqında məlumat verib. İdarə rəsmisi "Təəssüflər olsun ki, bəzi siyasi partiyaların fəaliyyəti ümumiyyətlə yoxdur. Yəni qurultay keçirmirlər, rəhbər orqanları seçmirlər, illər üzrə maliyyə hesabatlarını təqdim etmirlər. Belə partiyalara misal kimi, Azərbaycan Dirçəliş və Tərəqqi, Müstəqil Azərbaycan, Azərbaycan Milli Dövlətçilik, Azərbaycan Vətənpərvərlər, Azərbaycan Vahid Kommunist partiyalarını qeyd etmək olar. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq işlər görülür”, - deyə bildirib

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR