Xəbər lenti

Partlayışda yaralanan şəxsin qohumları: “Əynindəki bütün paltarlar yanıb...”
Ölkə 19:17 27.01.2018

Partlayışda yaralanan şəxsin qohumları: “Əynindəki bütün paltarlar yanıb...”

Xəbər verdiyimiz kimi, bu gün səhər 08:50-də Bakının "28 may” metrostansiyası yaxınlığında çoxmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.
 
Hadisə nəticəsində yaralanan 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu bədən səthinin 90 faizinin yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Qaynarinfo xəbər verir ki, bunu Sputnik Azərbaycan-ın əməkdaşına açıqlamasında Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının Yanıq Şöbəsinin müdiri Şöhrət Məmmədov deyib.

Onun sözlərinə görə, xəstə təcili tibbi yardım maşını ilə gətirilib:
 
"Ona ağrıkəsicilər vurulub, sarğı olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin ümumi vəziyyəti ağır olaraq qalır. Müalicə və müayinələri davam etdirilir. Xəstənin bədən səthinin 90 faizi III A, B və IV dərəcəli xəsarətlər alıb. Xəstənin dediyinə görə, səhər işlədiyi mağazanın qapısını açaraq içəri daxil olub və işığı yandırarkən partlayış baş verib”.

Sputnik Azərbaycan-ın əməkdaşı xəstəxanada olub, xəstənin qohumları ilə də söhbət edib. Qohumları deyiblər ki, Zahid Mahmudov ailəlidir və 2 uşağı var. O, partlayan mağazada satıcı işləyirmiş. Onların sözlərin görə, partlayış və yanğın nəticəsində Zahidin əynindəki bütün paltarlar yanıb.

Z.Mahmudov Sumqayıtda anadan olub, Bakıda yaşayırmış və 5 qardaşdırlar. Qohumları həkimlərin səyini yüksək qiymətləndiriblər və bütün şəraitin yaradıldığını söyləyiblər.

Fövqəladə Hallar Nazirliyi (FHN) də Bakının mərkəzində, metronun "28 may" stansiyasının yaxınlığında baş vermiş partlayışla əlaqədar rəsmi məlumat yayıb. Məlumatda deyilir: "Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib. Nəticədə binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 m2 olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılıb, qapı-pəncərələri çərçivədən çıxıb, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınıb. Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazımatları qismən yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->