Hüseynbala Səlimov
Ölkə 09:31 27.07.2020

Paşinyan Napoleon, Tovuz Vaterloo olmadı…

Hüseynbala Səlimov

Bəli, artıq təkcə xarici auditoriya üçün deyil, elə özümüz üçün də açıq şəkildə bəyan edə bilərik ki, bədnam qonşularımız, çoxdan reallıq hissini, hətta adi siyasi sayıqlığı və insan meyarlarını itirmiş ermənilər bu dəfə də Dağlıq Qarabağdan kənarda növbəti bir gərgnlik ocağı yaratmağa müvəffəq ola bilmədilər.
Üstəgəl, düşmən bu dəfə də Azərbaycanın həmin zonadan keçən çox mühüm neft-qaz arteriyalarını nəzarətə götürə, bu xüsusda daxil olmuş növbəti sifarişi yerinə yetirə bilmədi. 

Böyük ehtimalla düşmən bir daha "quduzluq anı”nda – daha bir "quduzluq tutması” zamanı bütün kartları qarışdırdı və özünə hesab verməyi unutdu ki, neft-qaz boruları, əsas və strateji tranzit xətləri regional və qlobal təhlükəsizliyin mühüm amilləri və komponentləridir və təsadüfi deyil ki, mühüm hərbi-siyasi alyanslar, xüsusən də NATO bir neçə dəfə bəyan edibdi ki, bu xətlərin müdafiəsinə dəstək verməyə və hətta lazım gələrsə, onların müdafiəsini öz üzərinə götürməyə hazırdır.

Amma bir daha aydın olmalıdır ki, bu hoqqabazlıqda Ermənistan tək deyil; bizim mürəkkəb və "dinamik bölgə”mizin geosiyasi "aktor”ları arasında elələri var ki, regionun neft-qaz və tranzit arteriyalarını özünün nəzarəti altına almaq üçün fürsət gözləyir. Məsələn, hələ ötən əsrin 90-cı illərinin əvvəllərində rusiyalı geostrateqlər öz ölkələri üçün dörd əsas təhlükə müəyyən etmişdilər və bunlardan biri də regionun əsas tranzit və eneri xətlərinin Rusiyadan yan keçməsi idi...

Bakının Avropa ilə bağlı planlarına, Avropa İttifaqı ilə saziş imzalamasına gəldiksə isə, bunu hələ zaman göstərəcək və əgər bizim niyyətimiz ciddi və qətidirsə, heç kim bizə mane ola bilməz, lap məşhur bir məsəldə deyilən kimi: yolun bağrını onu addımlayan yarar...

Amma bu mühüm məqamları qeyd edəndə başqa bir detalı da unutmamalıyıq. Birincisi, Tovuzdakı hərbi qarşıdurmanı biz yatırda və düşməni yerində oturda bildik. Bir daha qeyd edək ki, düşmən daha bir nöqtədə gərginlik ocağı yarada bilmədi. Fəqət unutmayaq ki, bu cür hadisələr təkrarlana bilər, çünki biz onların baş verməməsi üçün hələ bütün işləri tam görməmiş, bütün müxanizmləri qurmamışıq. Belə bir təminat ilk növbədə bizim ordumuzun yüksək döyüş qabiliyyəti və bir də sayıqlığı ola bilər: biz hər şeyə hazır olmalıyıq və sərhədlərimizin heç bir nöqtəsində düşmənin növbəti hoqqabazlığı bizim üçün sürpriz və ya gözlənilməz olay olmamalıdır.

İkincisi, düşmən birdəfəlik bilməlidir ki, onun bu cür hoqqabazlıqları ona baha başa gələcək – nəinki hərbi infrastrukturu, hətta canlı qüvvəsi də məhv ediləcəkdir...

Düşünürük ki, hazırda siyasətçilərimiz, diplomatlarımız və hərbçilərimiz bu problemlər üzərində işləyirlər. 
Xüsusən də diplomatlarımız bu gündən öz səylərini iki dəfə artırmalıdırlar, çünki Tovuz rayonundakı hərbi uğursuzluqdan sonra düşmən konfliktin ağırlıq mərkəzini nəinki Azərabcyandan, hətta regiondan kənara çıxarmaq, dünyanın hər yerində azərbaycanlılara qarşı savaş elan etmək istəyir. Nəzərə almalıyıq ki, bu müstəvidə düşmənin çox böyük təcrübəsi və vasitələri var, çünki on illərlə türk diplomatlarına qarşı müharibə aparan düşmən gizli müharibənin ən dərin incəliklərini belə çox yaxşı mənimsəyib.

Əlbəttə, indi ASALA kimi təşkilatların meydan suladığı vaxtlar deyil, çünki bu cür təşkilatlara qarşı beynəlxalq mübarizə şəbəkəsi qurulub, di gəl, heç kim deyə bilməz ki, terror və terrorizm birdəfəlik bitib. 

Belə bir detal da var ki, Dağlıq Qarabağ uğrunda savaş başlayandan sonra, məsələn, ASALA-nın bəzi kadrları erməni hərbi birləşmələrinin tərkibində vuruşmağa başladılar və onlardan biri də, məsələn, 1993-ci ildə bizim azərbaycanlılar tərəfindən gəbərdilən Monte Melkumyan idi.
Amma bir daha deyirik ki, düşmənin təcrübəsi və qismən də kadr potensialı hələ də qalır. Ən azı yaddaş itirilməyibdir; bu günlərdə Avropada azərbaycanlılara qarşı savaş açan erməni gənclərinin çoxunun köynəyində ASALA sözü yazılmışdı...

Bəlkə buna görə də Nikol Paşinyan müəllim özünü lap Napoleon kimi aparmağa başladı, hətta hansısa "tələb”lər də irəli sürdü. Amma ki, əbəsdir: bəli, nə Paşinyan Napoleon oldu, nə də Tovuz ətrafındakı döyüşlər Vaterloo!.. 

Ən azı ona görə ki, zaman bizi də öyrədir və biz də anlayırıq ki, artıq imtellektual müharibələr və "ağıllı silah”lar dövrüdür. 
Biz də fərqindəyik ki, müasir müharibə əsl incəsənətdir və bu sənətə yiyələnməli, cəmi dünyaya növbəti dəfə göstərməliyik ki, əsrlər bundan əvvəl olduğu kimi, tək fiziki müstəvidə deyil, intellektual müstəvidə də özümüzü göstərə və sözümüzü deyə bilərik...