Siyasət 15:07 26.02.2021

Paşinyanın hakimiyyətdə qalması Azərbaycana niyə sərf edir? (ŞƏRH)

"Ermənistan Baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalıb-qalmaması Azərbaycan üçün Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından həlledici amil deyil”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Ermənistanda baş verən siyasi prosesləri şərh edərkən deyib. Bununla belə politoloq hesab edir ki, Paşinyanın hakimiyyətdə qalması regional əməkdaşlıq, ümumilikdə xarici güclərin bölgədəki mövqeləri üçün əhəmiyyətlidir: 



"Ermənistanda hakimiyyət dəyişikliyinin təmas xəttində atəşkəsin pozulmasına gətirib çıxaracağını düşünmürəm. Çünki atəşkəs məsələri birbaşa Ermənistanda baş verənlərlə bağlı deyil. Azərbaycan və Türkiyənin Qafqazın və daha geniş mənada regionun gələcəyinə dair imkanları, eləcə də Rusiyanın Ermənistanda baş verənlərə mümkün reaksiyaları ilə bağlıdır.

Çünki sonuncu atəşkəs xəttini Azərbaycan Ermənistan ilə deyil, Rusiya ilə razılaşdırıb. Prosesi Türkiyənin texniki dəstəyi ilə aparıb. Həlledici olan məhz bu amillərdir”.

Ermənistanda yaşanan siyasi böhranın səbəblərinə toxunan politoloqun fikrincə, Paşinyan uzun müddətli prosesi mərhələlərlə həyata keçirmək istəyir: 
"Paşinyan bu prosesdən xilas olarsa, daha da güclənəcək. Ancaq Paşinyanın daha çox güclənməsi  yeni bir siyasi böhranın əsasını qoyacaq. Paşinyan bir şəkildə hakimiyyətdən getsə belə, Ermənistanda rusiyapərəstlərin qazanacağı mövqelər də qısa müddətli olacaq. Elə birinci seçkidə yeni anti-rus qüvvələri ortaya çıxacaq. Bir sözlə, bu gün baş verənlər Ermənistan üçün uzun bir prosesin mərhələlərindən biridir.  Ermənistanda baş verənlər sadəcə müharibədən sonrakı vəziyyətlə bağlı deyil, bu ölkəni idarə edənlərin 1991-ci ildən bəri yürütdükləri uğursuz xarici və təhlükəsizlik siyasətinin, bu ölkə uğrunda kənar qüvvələrin mübarizəsinin 2018-ci ildən sonrakı kəskinləşməsinin, bu ölkədəki bəzi siyasi qüvvələrin düşdükləri tələdən xilas olma axtarışlarının nəticəsidir”.

Araz Aslanlının sözlərinə görə, Ermənistandakı proseslərə təsir edən daxili (siyasi, təhlükəsizlik, iqtisadi, ictimai, dini, cinayətkar şəbəkələr və s.) və xarici (maraqlı və təsirli dövlətlər, lobbi, transmilli şirkətlər və s.) amilləri nəzərə almadan, prosesin qısamüddətli nəticələri barədə birmənalı proqnozlar vermək düzgün olmaz. Amma Azərbaycan və Türkiyən prosesləri diqqətlə izləməli, şəraitdən yararlanmağa çalışmalıdır: 

"Prosesə mümkün qədər geniş perspektivdən yanaşmaq zəruridir. Qısamüddətli və dar yanaşmalar uzun mərhələdə əks nəticələr yarada bilər. Son prosesləri münaqişənin tam və ədalətli həlli əsasında Cənubi Qafqazda əməkdaşlıq mühitinin formalaşdırılmasına yönələcək şəkildə aparmaq ən doğrusudur. Cənubi Qafqazda "bitməyən qan davaları" posesini canlı saxlamaq sadəcə bölgədəki imperialist maraqlarını reallaşdırmaq istəyən kənar güclərə xidmət edir”.

Orxan Əhmədli