Paşinyanın qələbəsi Azərbaycanla gərginliyə necə təsir edəcək? (ŞƏRH)

Paşinyanın qələbəsi Azərbaycanla gərginliyə necə təsir edəcək? (ŞƏRH)

"Regionda həqiqi dialoq və gələcək inkişafdan söhbət gedirsə, Paşinyanın seçilməsi Azərbaycan üçün də ən uyğun variantdır. Bundan sonra proseslər daha çox dialoq çərçivəsində və tədricən münasibətlərin qurulması istiqamətində inkişaf edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanda baş tutan növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın "Vətəndaş müqaviləsi” blokunun qalib gəlməsinin İrəvanla Bakı arasında son zamanlar müşahidə edilən gərginliyə nə kimi təsirlərinin ola biləcəyini şərh edərkən deyib.
 
Həmsöhbətimizin fikrincə, yaranmış situasiya Azərbaycan Ermənistan sərhədindəki gərginliyin də aradan qaldırılmasına münbit şərait yaradacaq: 
"Erməni xalqı Paşinyana növbəti dəfə ona görə etimad göstərdi ki, o Ermənistanın önünün açılması, blokadadan çıxmaq, kommunikasiyaların açılması və iqtisadiyyatın yenidən dirçəldilməsinin tərəfdarıdır. Erməni xalqı "Qarabağ klanı”na olan patoloji nifrətinə görə məhz Paşinyanı seçdi. Çünki gələcək perspektivlərini "Qarabağ klanı”nın nümayəndələrində görmür.  Rusiyanın bütün mexanizmləri işə salmasına rəğmən, Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı. Müharibədə məğlub olan bir siyasətçi bir neçə aydan sonra keçirilən seçkilərdə qalib gəldi. Tarixdə belə hadisələrə çox az rast gəlinir. Düşünürəm ki, Paşinyan da bunu anlayır. O, seçkidən sonra verdiyi ilk açıqlamada Ermənistanın inkişafından yana olduğunu dilə gətirdi”. 

Politoloqa görə, seçkinin nəticəsi olaraq daha çox ikitərəfli, ya da Rusiyanın vasitəçiliyilə diplomatik danışıqlarda intensivlik müşahidə ediləcək:  

"Kommunikasiyaların açılması prosesi də sürətlənəcək. Bu kimi məsələlərin intensivləşməsilə çox keçməz, ana Azərbaycanla Naxçıvanı birləşdirəcək dəhlizin, avtomobil və dəmir yolunun açılmasını müşahidə edəcəyik. Bu mənada Paşinyanın qalib gəlməsi müsbət nəticədir”. 

N. Miri bildirdi ki, Köçəryan qalib gəlsəydi, bütün proseslərə istisnasız olaraq Rusiyanın nəzarət edəcəyi təhlükəsi var idi: 

"Belədə hər an Rusiyanın manipulyasiyaları ilə üz-üz qala bilərdik. Ona görə də əslində indiki vəziyyət daha çox Azərbaycanın maraqlarına uyğun davranışdır”. 

Rüfət Sultan

X
XƏBƏRLƏR
BLOGLAR