Xəbər lenti

Ölkə 10:32 19.03.2018

"Paytaxtdakı sıxlıq maksimum 20 dəqiqəyə aradan qaldırılacaq" - Vaqif Əsədov

Bayram tədbirləri ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində sıxlıq müşahidə olunur.
 
Bu barədə Qaynarinfo-ya danışan Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) sözçüsü, polis polkovniki Vaqif Əsədov sürücülərə müraciət edib. O, sıxlığın maksimum 20 dəqiqəyə aradan qaldırılacağını bildirib və sürücüləri polis əməkdaşlarının göstərişlərinə düzgün riayət etməyə çağırıb:

"Təhlükəsizliyin, asayişin təmin edilməsi vacib şərtdir. Bununla bağlı polis artıq gücləndirilmiş iş rejimi ilə xidmət edir. Tədbirlərin keçirildiyi bütün ərazilər nəzarətə götürülüb. Həmin yerlərə avtomobillərin istiqaməti dəyişdirilir. Hazırda Azneft dairəsindən dənizkənarı Bulvar boyu Neftçilər prospektinə qədər bütün kəsişən və paralel yollardan istiqamətlər dəyişdirilib. Bir neçə ərazidə, o cümlədən Bakı-Salyan yolunun 4-cü kilometrliyində, Afiyəddin Cəlilov-Nəcəfqulu Rəfiyev və 28 May-Yusif Səfərov kəsişmələrində sıxlıq müşahidə edilir. Eyni zamanda metronun "Koroğlu" stansiyasından şəhərin mərkəzinə doğru istiqamət Ziya Bünyadov prospektinə dəyişdirilib. 

Martın 20-21-də belə problem yaşanmayacaq. Sadəcə, bu gün bayramın açılışı ilə əlaqədar Qız Qalasının qarşısında tonqal qalanacaq, eyni zamanda Bulvar boyu müxtəlif tədbirlər keçiriləcək deyə sıxlıq var. Əslində, keçən həftənin cümə günü bu barədə elan vermişdik. Təəssüf ki, hər kəs öz avtomobilindən istifadəyə üstünlük verib, bu da istər-istəməz tıxacların yaranmasına gətirib çıxarıb. 20 dəqiqəyə həmin ərazilərdə sıxlıq aradan qaldırılacaq. Çünki bütün sahələrdə əməkdaşlarımız xidmət aparır. Sürücülərimiz yol polislərinin göstərişlərini düzgün və dəqiq yerinə yetirsələr, heç bir narazılıq yaranmaz.

Yeri gəlmişəm bir daha xahiş edirik və tövsiyyə edirik ki, sürücülər bayram tədbirlərinin keçirildiyi ərazilər üzrə şəxsi avtomobillərlə hərəkət edərkən parklanma tələblərinə riayət etsinlər ki, həmin ərazilərdə süni sıxlıq və tıxaclar yaranmasın. Vətəndaşların ictimai nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyyə olunur.

Fürsətdən istifadə edib, Novruz Bayramı münasibəti ilə hər kəsi təbrik edirik".
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->