Ölkə 16:18 09.09.2017

Paytaxtdakı yas mərasimləri: Milli mentalitet, yoxsa israfçılıq?

Bakının bir neçə kəndində yas mərasimlərində süfrədəki israfçılıqa etiraz əlaməti olaraq yeməklərdən imtina edilib. Təəssüflər olsun ki, bu ənənənin yayılma dairəsi hələ ki, genişlənməyib. Paytaxtın mərkəzi yer və qəsəbələrində yas mərasimlərində kifayət qədər israfçılığa yol verilir.

"Qaynarinfo" xəbər verir ki, cebhe.info sosioloq Əhməd Abbasbəyli ilə yas mərasimlərindəki israfçılqdan danışıb. Sosioloqun sözlərinə görə bu olduqca qəliz problemdir: 

“Mübariz Qurbanov sədr seçildikdən sonra bu istiqamətdə müəyyən addımlar atsa da, heç bir əsaslı iş görmək mümkün olmadı. Bəzi biznesmenlər, din xadimləri buna əks münasibət bildirdilər. Əlbəttə ki, burada biznes maraqları da var. Çünki maraqlı şəxslər, mollalar biznesi inkişaf etdirmək məqsədi ilə mərasim evləri tikiblər”.

Bakı kəndlərindəki bu prosesi təqdirəlayiq hal kimi dəyərləndirən sosioloq bildirir ki, bir çox müsəlman ölkələrində, o cümlədən digər dindən olan ölkələrin yas mərasimlərində Azərbaycanda olduğu qədər israfçılıq yoxdur: 

“Bir-iki il əvvəl də israfçılığı aradan qaldırmaq məsələsi aktuallaşdı. İstər varlı, istərsə də kasıb təbəqə tərəfindən Azərbaycanda yas mərasimlərinə kifayət qədər vəsait xərclənir. Bu israfçılıq mentalitetimizdən irəli gələn bir məsələdir. Özümüzü göstərməyi, ətrafdakıların gözündə yaxşı görünməyi sevən millətik. Kasıb daxmada yaşayıb, bahalı maşında gəzən insanlarıq. Hər bir insanın rəhmətə gedən valideynlərinə hörmət naminə yas tutmaq adəti var. Bu normaldır. İsrafçılığa yol vermək isə dində qəbuledilməzdir. Bu gün dəbdəbəli mərmərlərdən başdaşı düzəldirlər. Bunlar hamısı özünü kiməsə göstərmək, kiminləsə bəhsə-bəhsə girmək, nəsə nümayiş etdirməkdir”. 

Sosioloqun sözlərinə görə mərasim evlərinin tikilməsi o deməkdir ki, paytaxtın mərkəzi yerlərində bu israfçılığı aradan qaldırmaq mümkünsüz olacaq: 

“Bakıda çoxsaylı mərasim evlərinin tikilməsi o deməkdir ki, bəzi maraqlı şəxslər dəbdəbənin qalması üçün ciddi müqavimət göstərəcəklər. Çadırlardan mərasim evlərinə keçməyimiz qiymətlərin daha da bahalaşmasına təsir edir. Öncələr çadır biznesi idi, indi mərasim evi biznesi. Ad dəyişib. Əlbəttə bu mərasim evlərinin arxasında da daha imkanlı şəxslər durur. Məsələn, Masazırda da dəbdəbəli yas mərasimləri qadağan edilib. Lakin paytaxtda bu proses uzun çəkəcək”.

Sosioloq bildirir ki, mərasim evləri yalnız rahatlıq, səliqə-sahman baxımından yaxşıdır: 

“Çadır “mədəniyyət”i də Azərbaycana məxsus olub. Ancaq Azərbaycanda küçənin ortası bağlanılaraq çadır qurulub. Ölkədə bir park, ağac qalmadı, hamısının yerində şadlıq evi tikdilər. Təkcə Yasamal ərazisinin bir hissısində 7-8 mərasim evi var. Bu biznes toruna kasıblı, varlılı hamı düşür. Artıq mərasim evləri də kateqoriyaya bölünür. Filankəs bu mərasim evində yas veribsə, demək ki varlıdır, yaxud kasıbdır”.

Qaynarinfo.Az