Xəbər lenti

Peşə haqqında bədii-fəlsəfi esse
Seymur Baycan
Sənət 14:47 21.01.2015

Peşə haqqında bədii-fəlsəfi esse

Seymur Baycan

(uşaqlar üçün)

Mirzə Fətəli Axundovun  "Hekayəti Molla İbrahimxəlil Kimyagər” əsərində Mоlla Nuru üzünü mülklərini, evlərini girоv qоyub Mоlla İbrahim Xəlilin yanına gümüş almağa gedənlərə tutub deyir: "Hər kişinin öz peşəsi özü üçün bir iksirdir”. Bunun cavabında оndan sоruşurlar: "Sən ki, şairsən və şairlik də sənin peşəndir, bəs nə səbəbə bu sənətin sayəsində sənin dövlətin yоxdur?” Maraqlı və yerində verilmiş sualdır. Mоlla Nuru cavabında deyir ki, bəli, mənim sənətim iksirdir. Amma bu iskirin möcüzə göstərməsi üçün  belə deyək metal lazımdı. Yəni, sənətim sayəsində  hünər göstərməyim üçün zövq və кamal, mərifət lazımdır ki, dediyim sözlərin qədrini bilələr. Mənim bəxtimdən, həmşəhərlilərimdə nə kamal var, nə ağıl var, nə beyin var. Bu surətdə mənim hünərimdən nə fayda hasil оlacaq, mənim şerim nəyə gərəkdir? 

Ciddi  söhbətdi. Yaxşı söz toxum kimi bir şeydi. Axmaq başa düşəndə çürüyür, məhv olub gedir. Ağıllı başa düşdükdə isə cücərir, kök atır, böyüyüb məhsul verir.

Molla Nurunun sözlərinin dilimizə tərcüməsi belə alınır. Dəmirdən qızıl düzəltmək üçün iksir-miksir axtarıb eləməyin. İksir sizin öz peşənizdir. Bir çox insanlar asan yolla şöhrət, var-dövlət əldə etmək üçün möcüzə axtarırlar. Nəticədə özlərindən də betər fırıldaqçıya rast gəlib gülməli vəziyyətə düşürlər. Bu fırıldaqçı asan yolla varlanmaq, şan-şöhrət sahibi olmaq istəyənlərin zəif yerlərindən tutur, mal-dövlətlərini, mülklərini tutub əllərindən alır və dəmiri qızıla çevrilməyəndə deyir:

- Axı sizə demişdim ki, meymunu yada salmayın. Siz meymunu yada saldınız, iksir də öz təsir gücünü itirdi. Dəmir qızıla çevrilmədi.

Bu əsər boşu-boşuna yazılmayıb. Niyə uzağa gedirik? Muncuq oyunu kimin yadındadı? Bu bizim tariximizin ən qara ləkələrindən biridi. Hələ də bir azərbaycanlı kimi mən o hadisəni həzm edə bilmirəm. O muncuq oyununda iştirak etməsəm də bir azərbaycanlı kimi özümü dəhşətli dərəcədə təhqir olunmuş hesab edirəm. Söhbəti bilənlər bilirlər. Bilməyənlər üçün məğzini yazaq, qoy onlar da xəbərdar olsunlar.

Bir-iki çoxbilmiş adam çox sadə bir oyun qurmuşdu. Bir ofis açmışdılar. Adamlara ovuc-ovuc, torba-torba muncuq satırdılar ki, aparın bu muncuqları evdə ipə düzün, sonra ipə düzülmüş muncuğu  gətirin bizə, ikiqat, üçqat  pulunuzu alın.

Əvvəlcə bir neçə adamdan ipə düzülmüş muncuğu alıb pul verdilər. Bu söhbət tezliklə şəhərə yayıldı. Nəticədə asan yolla gəlir əldə etmək istəyən, muncuq alıb ipə düzmək istəyənlərin ordusu yarandı. Muncuq satanlar da bu adamlardan pulu yığıb aradan çıxdılar. Böyük bir biabırçılıq baş verdi. Ən dəhşətlisi isə o idi ki, muncuğu ipə düzüb pul qazanmaq, varlanmaq istəyənlərin arasında müəllimlər, həkimlər, özünü ağıllı, ziyalı hesab edən şəxslər də vardı.

O şəxslər ki, masa arxasında beynəlxalq siyasətdən danışırlar, kəşfiyyat orqanlarının sirrlərindən, planlarından guya xəbərdardırlar, dünyanın siyasi xəritəsini gündə beş dəfə təzədən söküb yığırlar, amma reallıqda isə bir fırıldaqçı onları asanca barmağına doladı.

O şəxslər ki, indi yəqin evdə övladlarına nəsihət verirlər, bizim vaxtımızda elə idi, belə idi deyib dayanmadan böyük mövzulardan danışırlar. O vaxt mətbuatda muncuq oyunu  haqda xeyli məqalələr yazıldı. Həmin məqalələri tapıb bu gün təzədən dövriyyəyə buraxmaq lazımdı. Qoy gənc nəsil də bu biabırçılıqla daha əhatəli tanış olsunlar və yaşlı nəsil yekə-yekə danışanda desinlər ki, kəs səsini, sənin danışmağa mənəvi haqqın yoxdu. Bir-iki çoxbilmiş  sənə muncuq düzdürüb, hansı haqqla danışırsan?

Mən sadəcə biabırçılığın qısa tarixçəsini yazdım.  Elə bilirsiniz belə hadisələr az olub? Xeyr, sadəcə birini yazdım. Bu gün də belə əhvalatlar baş verir. Sadəcə forması dəyişib. Olmasın muncuq, olsun nə bilim, tutaq ki, dovşan qanı... Olsun cinçıxaran, falçı, cadugər...

Ölkənin yarısı falçıların qapısı önündə düzülüb. Savadlı, savadsız,  özünü ziyalı hesab edən, özünü ziyalı hesab etməyən, vəzifəli, vəzifəsiz, arvad ,kişi, varlı, kasıb, qız, gəlin, rusdilli, azdilli, ingilisdilli, çuşka, qlamur, orta statistik, aşağı statistik, bakılı, qarabağlı, Qərbi Azərbaycan , Şərqi Azərbaycan, Cənubi Azərbaycan, şimal zonası, cənub zonası, Aran zonası...

Biabırçılıqdı. Adam elə söhbətlər eşidir ki, bilmir gülsün, yoxsa ağlasın. Artıq prosesə, baş verənlərə absurd adı da qoymaq olmur. Bu artıq absurd da deyil. Nəsə başqa bir şeydi. Fikirləşib bu biabırçılığa bir başqa ad tapmaq lazımdı. Utanmırlar, qızarmırlar yekə-yekə kişilər, yekə-yekə arvadlar bütün günü bu falçının yanından çıxıb o falçının yanına gedirlər.

Danışanda da elə danışırlar ki, guya bütün dünyanın sirlərindən agahdırlar. Hər mövzuda az qala ekspert kimi danışırlar. Öyüd verirlər, nəsihət verirlər. Allah qoymasa guya bunlar bizim böyüklərimizdi, ağsaqqallarımızdı, ağbirçəklərimizdi. İdarəyə yoxlama gəlir, müdir deyək, direktor deyək, nə bilim rəis deyək, nə deyək qaçır falçı yanına ki, tez ol bir əməl et, bir dua yaz yoxlamanın ağzını bağla,  mənlə işi olmasın. İndi siz bu adamın idarə etdiyi, rəhbəri olduğu idarədəki vəziyyəti təsəvvür edin. Nəsə, özümüzü əsəbiləşdirməyək. Dərd bir deyil, iki deyil. Gəlin başqa bir əsərdən danışaq. 

"Kung-Fu Panda” adlı bir cizgi filmi var. Var deyəndə bir az yaxşı alınmır. Çox məşhur bir filmdir. Cizgi filmdir deyib üstündən rahatlıqla keçməyin. Çox ciddi sənət əsəridir. Baxmayanlar zəhmət çəkib tapıb baxsınlar. Bizim telekanallardan biri, səhv etmirəmsə ANS telekanalı bir neçə dəfə bu cizgi filmini göstərib. Yaxşı da tərcümə olunub. Baxanlar da zəhmət çəkib bu dəfə bir başqa gözlə baxsınlar. Həmin cizgi filmində pandanın atası dünyanın ən dadlı yeməyini bişirir. Hamı elə bilir ki, bu yeməyin  nəsə xüsusi, sirli bir resepti var. Bir gün ata övladına, yəni pandaya deyir ki, sənə bir sirr açmaq istəyirəm. Panda elə bilir atası deyəcək ki, mən sənin həqiqi atan filan deyiləm. Belə bir sirrin açılmasını gözləyir. Ata isə başqa bir sirri açır. Deyir ki, hamı elə bilir mən nəsə xüsusi bir reseptlə yemək hazırlayıram. Adamlar elə bilir bu sirri gizlədirəm. Halbuki ortada heç bir sirr filan yoxdu. Mən sadəcə hər dəfə yemək bişirəndə çalışıram ki, dünyanın ən dadlı yeməyini bişirim. Vəssalam, sirr bundan ibarətdir. Söhbəti gedən cizgi filmində başqa ciddi mesajlar da var. Mən sadəcə birini yazdım. 

Bir kafe tanıyıram. Tez-tez orda oluram. Sadə bir kafedi. Belə baxanda heç bir xüsusi özəlliyi, təmtərağı yoxdu. Kafenin hər təbəqədən müştərisi var. Hər cür adam gəlir ora. Vəzifəli şəxslər, mağaza sahibləri, universitet müəllimləri, polislər, gömrük, bank işçiləri... Səbəb? Səbəb sadədi. Kafedə dadlı yeməklər verirlər. Ət təmizdi. Kafenin sahibi də sadə, mərifətli adamdı. Ofisiantlar da həmçinin.

Bir də görürsən kafedə adam çox olur. Kafenin müdiri başlayır ofisiantlara kömək etməyə. Özü masalara yemək daşıyır. Belə davranışları sayəsində özünə qarşı adamlarda hörmət, inam yaradıb. İstanbulda olanda da bu tip bir adamla tanış olmuşdum. Sonradan bildim otelin sahibidi və qaldığım oteldən də əlavə bir neçə oteli, mağazaları var. Kənardan baxsan heç deməzdin bu adam o qədər obyektin sahibidi. Olduqca sadə, elmə, savada dəyər verən bir insan. Xeyli söhbət etdik onunla.

Bir də görürdün qollarını çırmalayıb girişdi işə. Bir də görürdün əlində podnos çay daşıyır. Belə mənzərələri görəndə adama həqiqətən ləzzət edirdi. Düzdü, ilk dəfə söhbət edəndə din mövzusunda bir az mübahisə etdik, amma sonra ortaq məxrəcə gəldik. Çəkişməsən bərkişməzsən. Otaqda oturduğum yerdə bir də görürdüm qapı döyüldü. Otelin işçisi əlində podnos girirdi içəri. Ya çay gətirirdi şirniyyatla, ya da mer-meyvə. Deyirdi bunu sizə göndərdilər. Hər axşam otelin sahibi çağırırdı məni aşağı, çay süfrəsi arxasında söhbət edirdik.

Çox xoş, mehriban bir insan idi. Belə insanların sayı çox olsa cəmiyyət nə qədər qabağa gedər. Bir adam haqqında da yazım. Yazmasam ədalətsizlik olar. Millət fərqi qoymuram. Yaxşı nümunələrdən danışmaqdayıq.

Bir alman tanıyırdım. Böyük bir fondun Qafqaz üzrə ofisinin rəhbəri idi. Bir dəfə bizi evinə dəvət etmişdi. Ev sadə, təmtəraqdan uzaq  bir ev. Amma bu sadə evdə yaşayan böyük bir fondun Qafqaz üzrə ofisinin rəhbəri, beş dildə sərbəst danışırdı. Üstəlik balaca xalqlardan da iki-üçünün dilini ortabab öyrənmişdi. Kinodan danışırdın, kinodan danışırdı. Ədəbiyyatdan danışırdın, ədəbiyyatdan danışırdı. Tarixdən danışırdın tarixdən danışırdı. Bir maşını vardı, bizim beşinci sinfin şagirdi özünə sığışdırıb o maşının sükanı arxasında oturmazdı. Bu adamın sayəsində nə qədər gənc Avropanın universitetlərində təhsil aldılar. Nə qədər faydalı layihələr həyata keçirildi. Yuxarıda yaxşı nümunələrdən danışdıq. Amma elə adamlarda var ki, bir balaca əllərinə səlahiyyət keçən kimi özünə tez bir otaq düzəldir, girir otağına, ordan çıxmır. Çıxanda da başlayır əbəs yerə onun-bunun üstünə qışqırmağa. Elə bilir ki, elə vəzifə sahibinin işi-gücü onun-bunun üstünə qışqırmaqdı. 

Bu yazını yazmazdan əvvəl bir nəfərlə söhbət edirdim. Şikayət edirdi ki, bu boyda rayonda işini bilən bir düz əməlli usta tapa bilmirəm. Adam  danışdıqca gözlərindən yaş əvəzinə qan axırdı. Biri işi yarımçıq qoyub gedib. Yoxa çıxıb. Tapa bilmir. Biri materialları oğurlayıb. Biri boruları səhv quraşdırıb. Yaxşı, bəs ustalar nəylə məşğuldurlar? Heç nə, ustalar Usta Zeynallıq etməklə məşğuldurlar. Gedib işini dərindən öyrənmək, özünü inkişaf etdirmək, sənətini təkmilləşdirmək əvəzinə masonlardan, beynəlxalq siyasətdən, kəşfiyyat orqanlarının sirlərindən, gizli planlarından nağıllar, əfsanələr danışırlar.

Evə usta çağırırsan ki, krantdan daman suyun qabağını alsın, iş qalır kənarda, usta başlayır adama siyasətdən danışmağa. Yaxşı ustaya, yaxşı müəllimə, yaxşı həkimə, bir sözlə peşəkara həmişə ehtiyac var. İnsan deyilən varlıq nə işlə məşğul olursa olsun, istər süpürgəçi olsun, istərsə də aqronom, istərsə də sürücü, istərsə də nə bilim kafel-metlax ustası, öz işinə ciddi, məsuliyyətlə yanaşmalıdı. Öz işinə vicdanla, məsuliyyətlə yanaşan adam mütləq adamların hörmətini, inamını, etibarını qazanacaq və nəticədə loru dildə desək həmişə çörək tapacaq.

Milan Kundera deyir ki, insanın ən böyük azadlıqlarından biri işini itirmək qorxusunun olmamasıdı. Bu qorxunu dəf etmək üçün ən yaxşı vasitə peşəkar olmaqdır. Ona görə insan daima öz üzərində işləməli, özünü təkmilləşdirməli, öz sahəsində baş verən yeniliklərdən xəbər tutmalıdı.

Çox müşahidə etmişəm. Adamlar söhbət zamanı deyirlər: "Tələbə vaxtı kitab oxuyurdum, indi oxumuram”. Bunu açıq etiraf edirlər. Elə bilirlər səmimiyyət nümayiş etdirirlər. Əslində isə öz ayıblarından danışırlar. Doğurdan da bir də görürsən bir insan səkkizinci sinfə qədər yaxşı oxuyur. Sonra birdən zayı çıxır. Olur avara. Birtəhər girir ali məktəbə. Oranı da ölüm-zülmlə birtəhər oxuyub başa vurur və əldə etdiyi  cüzi savadla, cüzi bazayla özünə karyera qurmaq istəyir. Sönür. Dayanır. Heç bir fəaliyyət göstərmir. Sahəsində baş verən yeniliklərdən xəbərsiz qalır.

Bizim folklorda xeyli yaxşı atalar sözləri var. Amma folklorumuz axmaq, gic-gic atalar sözləri ilə də xeyli zəngindir. Bu axmaq atalar sözlərini öz tənbəlliyinə, fəaliyyətsizliyinə haqq qazandırmaq istəyən tənbəl atalar uydurublar. Məsələn, elə götürək "qırxında öyrənən gorunda çalar” atalar sözünü. Çox axmaq sözdü. İnsan ömrünün sonuna, ruhu bədənindən çıxana qədər öyrənməli və öyrətməlidir.

Allaha şükür, indi öyrənmək üçün hər cür şərait var. Fəaliyyətsiz insan ölü insandır. Biz onları ölü canlar da adlandıra bilərik. Belə baxanda yaşayırlar, amma əslində ölüblər. Çünki heç bir fəaliyyətdə bulunmurlar. Öyrənmirlər, öyrətmirlər. Havayı yerə hava udurlar. Mövzuya ciddiyyət qatmaq üçün böyük şəxsiyyətlərdən fəaliyyət və fəaliyyətsizlik barəsində xeyli sitatlar gətirə  bilərəm. Ehtiyac yoxdu. Orta məktəbdə oxuyarkən Seyid Əzim Şirvaninin (səhv etmirəmsə ) bir şeirini əzbərləmişdim. Təxminən iyirmi beş, bəlkə də iyirmi altı il əvvəl. Bilmirəm neçənci sinifdə oxuyurdum. Üstündən bu qədər vaxt keçməsinə baxmayaraq şeirin bir bəndi hələ də yadımdadı. Yadımda necə qalıbsa elə də yazıram. 

Ey oğul, bil ki, adəmi-bikar,

Xüşk olan bir odundu, layiqi-nar.

Bunu bizdən deyiblər əqdəm,

Sənəti olmayan deyildir adəm.

Şeirin məzmununu bugünkü dilimizə çevirsək  belə bir söhbət alınacaq. Ey oğul, bil ki, boş-bekar, avara, fəaliyyətsiz adam quru bir odundur. Bu quru odun yanmaqdan savayı heç nəyə, heç bir işə yaramır. Bunu bizdən deyiblər əvvəl. Sənəti olmayan adam, adam deyil.  //kulis.az

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->