Uzun illərdir Kür çayının bir sahilindən digərinə qayıqla keçərək şagirdlərə bilik verməyə yollanır. Yorulmadan, özü də fədakarcasına çalışır. Söhbət açdığımız müəllim Neftçalanın "Mayaq-2" kəndində yaşayan 47 yaşlı Səidə Qüdrətovadır.
Qaynarinfo azərtac-a istinadən bildirir ki, Səidə Qüdrətova 25 ildir Kür çayını qayıqla keçərək Sübh yaşayış məntəqəsində fəaliyyət göstərən ibtidai məktəbdə şagirdlərə elm öyrədir. Ən təəccüblüsü odur ki, qayığın avarlarını məhz Səidə xanım özü idarə edir. Bu iş qadın üçün nə qədər ağır, çətin olsa da, o, uşaqlara elm öyrətmək, bilik vermək istəyindən əl çəkməyib. Hələ çayı eninə keçməyə mane olan Dəli Kürün şıltaqlığı, yağış, qar, külək, soyuq... Bunları düşündükcə qadının fədakarlığına heyran olursan.
Sübh yaşayış məntəqəsində cəmi 25 ailə yaşayır. Məktəbdə şagirdlərin sayı da o qədər çox deyil. Buna baxmayaraq, Səidə xanım öz işinə məsuliyyətlə yanaşır. Deyir ki, şagirdləri arasında ali və orta ixtisas məktəblərini bitirənlər də var. Onları görəndə fərəhlənir, zəhmətinin hədər getmədiyi üçün özünü xoşbəxt sanır.
Müəllim peşəsinə qəlbən bağlı olan Səidə Qüdrətova öz işini sevə-sevə görür. Üstəlik ev işi, ailə qayğıları... "Vaxtımı elə bölmüşəm ki, biş-düş etməyə, mal-qaraya, toyuq-cücəyə baxmağa da macal tapıram. Bütün bunlar mənim üçün adi həyat tərzidir", - deyə Səidə xanım bildirir.
O, sabah səhərin ala toranlığında yenə şagirdlərin görüşünə gedəcək. Qəlbində havanın soyuqluğu və onu narahat edən problemlərə yer yoxdur. Avar çəkdikcə ancaq sevimli şagirdlərini, yeni dərsi və onun izahını düşünür.
Şərhlər