"Peyvənd olunmağımın üstündən 16 saat keçir, amma...” - Vaksin vurulan professor yazdı

"Şübhəsiz ki, peyvəndləmə pandemiyanın sonu deyil. Amma infeksiya zəncirinin qırılmasının, onun kaskad şəklində yayılmasının qarşısını almaq üçün vacib prosedurdur".

Qaynarinfo xəbər verir ki, bunu professor Adil Qeybulla deyib. O bildirib ki, yanvarın 22-də Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Korpusunda COVID-19 infeksaiyasına qarşı Çin Xalq Respublikasının "Sinovac" şirkətinin istehsal etdiyi "Coronavac" peyvəndinin 1-ci dozasını vurdurub:

"Bu mətni peyvənd vurulmasından 16 saat keçmiş yazıram. İynə yerində xəfif ağrıdan başqa heç bir diskomfort yoxdur. Şübhəsiz ki, peyvəndləmə pandemiyanın sonu deyil. Amma infeksiya zəncirinin qırılmasının, onun kaskad şəklində yayılmasının qarşısını almaq üçün vacib prosedurdur. Biz bu yolla, kollektiv immunitetə və pandemiyanın sonuna tez və daha az itkilərlə yetişə bilərik. Peyvənd aktiv immunizasiya metodu olub infeksiyalarla mübarizə işində elmin nail olduğu ən effektiv vasitə olaraq qalır. Məhz kütləvi peyvəndləmənin nəticəsi olaraq, bu gün on minlərlə uşağın həyatına son qoyan, onları əlil edən skarlatina, difteriya, göy öskürək (boğmaca), qızılca, poliomielit kimi infeksiyalar yoxa çıxmış görünür. Peyvəndin köməyi ilə insanlıq tarixində pandemiyalar törətməklə təxminən 500 milyon insanın həyatına son qoyan təbii çiçək kimi xüsusi təhlükəli infeksiya Ümumdünya Səhiyyə Təşkilatından reyestrindən çıxarılıb".
 


Adil Qeybulla bildirib ki, bu reallıqları nəzərə almaq gərəkdir:

"Pandemiyanın başlanğıcında bəzi insanların sürətlə yayılan infeksiyanı yalan, boş şey, insanları məhv etmək metodu və s. kimi primitiv səviyyədə cəfəng, əsassız və məntiqsiz təbliğatı yada salın. Təəssüflə qeyd etmək yerinə düşərdi ki, sonradan həmin infodemiya (dezinformasiya) örgütünün bəzi üzvləri özləri də xəstələndilər, onların içərisində həyatlarını itirənlər də az olmadı. Ona görə də qətiyyən vaksin tərəddüdünə qoşulmayın, bu kampaniyanı bilərəkdən yayan və ya səmimi yanılanların təbliğatına uymayın. Peyvənd olunun, bundan qətiyyən çəkinməyin".

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR