Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı (FOTOLAR)

Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı (FOTOLAR)

Ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimovun adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı əsassız məlumatlar yayılmışdı. 

"MediaPost” xəbər verir ki, bununla bağlı Qəbələ Rayon İcra Hakimiyyətindən verilən məlumatda Həzi Aslanov küçəsinin adının dəyişdirilmədiyi və Polad Həşimovun adının Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə verildiyi açıqlanmışdı. 

Bildirilmişdi ki, Polad Həşimov küçəsi Həzi Aslanov küçəsinin kəsişməsindən başlayaraq, Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir.

Mövzu ilə bağlı Rəşad Məmmədov adlı "Facebook” sosial şəbəkə istifadəçisi öz səhifəsində küçənin xəritə görüntüsünü paylaşmaqla, yanlış məlumatın yayılma səbəbini izah edib: 

"Bəzi oxucu kütləsi ilə tanınan və onlara olan etibardan istifadə edib araşdırmadan qazanc xatirinə xəbər paylaşan jurnalistlər sayəsində bu gün görülən işlər xalqa yanlış təqdim olundu. Onların dediyinə görə, Polad Həşimov küçəsi Həzi Aslanov küçəsinin adının dəyişdirilməsi nəticəsində lövhələnib, bununla da, insanlar haqlı olaraq bu xəbəri Həzi Aslanova qarşı hörmətsizlik olaraq anladılar. Əslində, Həzi Aslanov küçəsindən başlayan Polad Həşimov küçəsi İsmayıl bəy Qutqaşınlı küçəsinin bir hissəsindən ayrılaraq şəhərin mərkəzi küçələrindən birinə verilib, bununla da, İsmayıl bəy Qutqaşınlı küçəsinin adına toxunulmayıb və hər üç küçə müstəqil fəaliyyət göstərir. İndi isə bizim "jurnalistlərin" bu məlumatı aldığı mənbəyə diqqət edək.

Şəkillərdə vətəndaşlara, cəmiyyətə açıq olan rəsmi dövlət saytı ünvanportalı.az səhifəsindən və qeyri-dəqiq "Google Maps” xəritələrindən olan ekran görüntülərinə baxa bilərik. "Google” xəritəsində Heydər Əliyev küçəsinin istənilən bir yerini seçəndə həmin nöqtənin Həzi Aslanov küçəsinə aid olduğu göstərilir. Digər tərəfdən də, indiki Polad Həşimov və keçmiş İsmayıl bəy Qutqaşınlı küçəsinin davamı olan küçəni Həzi Aslanov olaraq göstərməkdə davam edir. Bundan başqa, Qəbələ şəhərində yerləşən Heydər Əliyev prospektini də Qutqaşınlı olaraq göstərməklə yanaşı, şəhərdə yerləşən real Qutqaşınlı küçəsini də eyni adla göstərir. Bildiyimiz kimi, şəhərin tərkibində fərqli rayonlara aid deyilsə, bir ad yalnız bir küçəyə verilə bilər. "Google”dan aldığımız nümunə onu göstərir ki, oradakı məlumatlar araşdırılmadan, sadəcə küçələrin adlarının boş qalmamasına çalışılır. Orada nisbətən dəqiq olan yalnız obyektlər və dövlət orqanlarının adlarıdır. Digər tərəfdən isə portala aid ekran görüntülərinə nəzər yetirsək, orada hansı küçənin Həzi Aslanov, hansının Qutqaşınlı (hazırda Polad Həşimov) olduğunu görə bilərik”. 

Qeyd edək ki, general-mayor Polad Həşimovun adının verildiyi küçə Qəbələ şəhərinin ən böyük küçələrindən biridir. 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR