Xəbər lenti

Polşada prezident seçkilərində əsas rəqiblər arasındakı fərq artdı
Dünya 13:40 03.02.2025

Polşada prezident seçkilərində əsas rəqiblər arasındakı fərq artdı

Polşada qarşıdan gələn prezident seçkilərində əsas rəqiblər arasındakı fərq Varşavanın meri Rafal Tşaskovskinin xeyrinə 13 faiz bəndindən çox olub.  

Qaynarinfo xəbər verir ki, bu, "Onet" portalının sifarişi ilə IBRiS tərəfindən keçirilən sorğunun nəticələrində əks olunub.  

Rafal Tşaskovski reytinqin lideri olaraq qalır – əgər seçkilər bu bazar günü keçirilsəydi, respondentlərin 37,3%-i ona səs verərdi. Müxalifətin dəstəklədiyi Milli Yaddaş İnstitutunun rəhbəri Karol Navrotski isə 23,9% səs toplayardı.  

Üçüncü yerdə anti-Ukrayna mövqeyi ilə tanınan "Konfederasiya" partiyasının lideri Slavomir Mentser (8,9%) qərarlaşıb. Onu parlamentin spikeri Şimon Qolovnya (6,8%) və solçuların nümayəndəsi Maqdalena Beyat (5%) izləyir.  

Respondentlərin 11%-i isə hələ kimə səs verəcəyini müəyyənləşdirməyib.  

Tşaskovski eyni zamanda etimad reytinqində də liderdir – respondentlərin 41,2%-i ona tam və ya qismən güvəndiyini bildirib. Bununla belə, bu göstərici bir ay əvvəlki sorğu ilə müqayisədə 4,5 faiz bəndi azalıb. Etimad reytinqində ikinci yerdə hazırkı prezident Andjey Duda, üçüncü yerdə isə 38,5%-lə Navrotski qərarlaşıb. Bu, onun əvvəlki sorğuya nisbətən 5,3 faiz bəndi artdığını göstərir.  

Sorğu həmçinin seçici fəallığının 62,2% olacağını proqnozlaşdırır.  

Məlumatların toplanması 31 yanvar – 2 fevral tarixlərində aparılıb.  

Yanvarın ortalarında dərc olunan başqa bir sorğunun nəticələri Tşaskovski ilə Navrotski arasındakı fərqin azaldığını göstərirdi. Lakin bu, sonuncunun reytinqinin artması ilə bağlı deyildi – həmin vaxt Tşaskovskiyə səs vermək istəyənlərin sayı 30%-dən aşağı düşmüşdü.  

IBRiS-in həmin dövrdə dərc etdiyi sorğu isə Tşaskovskiyə 35%, Navrotskiyə isə təxminən 29% dəstək proqnozlaşdırırdı.  

Ən böyük siyasi qüvvələrin reytinqinə gəlincə, yanvarın ortalarına olan məlumata görə, Polşanın əsas müxalifət partiyası "Hüquq və Ədalət" birinci yerdə, baş nazir Donald Tuskun rəhbərlik etdiyi "Vətəndaş Koalisiyası" isə ikinci yerdə qərarlaşıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->