Dünya 12:23 02.07.2020

Pompeo: "Rusiyanın Talibana pul təklifi məsələsini ciddi araşdırırıq"

"Hər gün dünyanın dörd bir yanına yerləşdirilmiş əsgərlərimizə qarşı təhdid və kəşfiyyat məlumatları alırıq. Nə olursa olsun doğru şəkildə cavab verdiyimizdən əmin ola bilərsiniz".
 
Qaynarinfo xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Mayk Pompeo bir neçə gün əvvəl Rusiyanın Əfqanıstandakı amerikalı əsgərlərin öldürülməsi üçün Talibana pul təklif etdiyinə dair yayılan məlumatlara münasibət bildirərkən deyib. O, bu məsələni ciddi qəbul etdiklərini və lazımi şəkildə araşdırdıqlarını bildirib:

"Ruslar 10 ildir amerikalıları orada riskə atmaq üçün kiçik silahlar satırlar. Buna etiraz etdik. Demək istədiyim odur ki, rus həmkarlarımla görüşəndə bu haqda danışıram. Onlara bunu dayandırmalarını deyirəm. Düşünürük ki, Əfqanıstanda mükəmməl olmasa da üst-üstə düşən maraqlarımız var. Bu, onların qapısıdır. Rusların Əfqanıstandan yola salındıqlarını bilirik. Dolayısı ilə orda terror riskini azaltmaq hədəfləri var. Biz Əfqanıstana getdiyimizdən bəri Talibanı dəstəkləmək üçün ora pul axır. Artıq 20 ilə yaxındır. Sadəcə ruslar da deyil. Ruslar üstünlük təşkil edə bilər. Amma bir çox yerdən pul gəlir. Məsələn, İrandan. İran bu gün belə Əfqanıstanda sülh təşəbbüslərimizi baltalamağa davam edir".

Pompeo keçmişdə də bu tip məlumatların alındığını deyib. Əlavə edib ki, ABŞ təkcə Əfqanıstanda deyil Suriya, Liviya və digər bölgələrdə də Rusiyadan və digər düşmən ölkələrdən gələn təhdidləri ciddi qəbul edir. Pompeo ABŞ Prezidentinin Vladimir Putini G7 sammitinə çağırıb çağırmayacağı sualına isə, buna Trampın özünün qərar verəcəyini deyib. Lakin böhran və ya bu tip iddiaların arasında belə Rusiya ilə danışıq aparmağın önəmli olduğunu bildirib. Qeyd edək ki, bir müddət əvvəl ABŞ mətbuatında Rusiyanın Əfqanıstanda amerikalı əsgərlərin öldürülməsi müqabilində Talibana pul təklif etdiyinə dair xəbərlər yer almış və rəsmi Vaşinqtonun da buna görə Moskvaya nota verdiyi iddia edilmişdi. Lakin Moskva sözügedən iddiaları rədd etmişdi.
 
Camal