"Bildiyiniz kimi, biz bir sıra mühüm layihələr üzərində işləyirik. Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür. Bu vəsait bizə infrastruktura investisiya yatırmağa kömək edib. Biz elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrini dəstəklədiyinə görə Asiya İnkişaf Bankına çox minnətdarıq".
Qaynarinfo xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfransda deyib.
"Əlbəttə ki, biz Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə sadiqliyinizə və dəstəyinizə, maliyyə dəstəyinizə görə sizə çox minnətdarıq. Mən sizə deyə bilərəm ki, Asiya İnkişaf Bankı bu layihəyə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci olub. Sizin çox mühüm və vaxtında göstərdiyiniz dəstək bizə, həmçinin çox geniş kreditorlar qrupu yaratmağa kömək etdi. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi tamamlanmağa çox yaxındır, 3 layihə artıq tamamlanıb. Dördüncüsü - Trans-Adriatik boru kəməri 95 faizdən çox tamamlanıb. Bu, həqiqətən də əməkdaşlığın çox yaxşı əlamətidir.
Hazırda biz yeni layihələr üzərində işləyirik. Mənə verilən məlumata görə, bizim portfelimizdə suvarma və təhsillə bağlı icra olunacaq bəzi layihələr var. Bütün bunlar çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, qarşıdakı illərdə əməkdaşlığımız davam edəcək. Sizin burada - Bakıdakı və mənzil-qərargahınızdakı komandanız bizim prioritetlərimizi, inkişafımız üçün prioritetlərin nədən ibarət olduğunu bilirlər. Bu, əsasən, özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələləri ilə əlaqədardır".
Şərhlər