Ölkə 13:00 19.01.2021

Prezident idarəetmədə dəyişikliklərin anonsunu verdi

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına son müsahibəsində 44 günlük vətən müharibəsindən sonra ölkədə gözlənilən keyfiyyət dəyişikliklərinin anonsunu verdi.

Prezident ilk növbədə idarəetmədə olan qüsurları xatırladaraq, merkantil maraqlarını güdən məmurlara xəbərdarlıq etdi və kadr dəyişiklərinin olacağını bildirdi:

"Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür. O cümlədən su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin. Azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin”.

Dövlət başçısının su resurslarının idarəolunmasındakı problemləri xüsusi qabartması diqqətdən yayınmamalıdır. Çünki dövlət büdcəsindən ölkənin su təsərrüfatına milyardlarla manat vəsait xərclənməsinə baxmayaraq, bu sahədə həllini gözləyən ciddi problemlər qalmaqda davam edir. Bu baxımdan yaxın zamanlarda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və "Azərsu” Açıq Səhmdar Cəmiyyətində ciddi kadr dəyişiklərinin olması şübhə doğurmur. Mediada da hər iki qurumun rəhbər şəxslərinin korrupsiyası ilə bağlı təkzibolunmaz faktlar açıqlanıb. 

Prezident müsahibəsində təkcə su təsərrüatında deyil, ümumilikdə ölkənin idarəolunması sisteminindəki neqativ halları nəzərdə tutaraq "təmizləmə prosesinin davam edəcəyini” bildirdi. Belə ki, son illər fəaliyyətində neqativ hallara yol verən yüksək vəzifəli məmurlar dövlət başçısı tərəfindən işdən çıxarılıb. Məhz, həyata keçirilən kadr dəyişikliklərindən sonra bir neçə sahədə əhəmiyyətli irəliləyişlər müşahidə edilib. 

Qeyd edək ki, siyasi analitiklər Vətən müharibəsindən sonra ölkənin idarəetməsinin əsaslı olaraq dəyişəcəyini proqnozlaşdırmışdı. Bunun çox vacib və zəruri olduğunu, əldə olunan hərbi qələbənin siyasi və iqtisadi sahələrdə öz əksini tapmalı olduğunu bildirdilər. 

Göründüyü kimi, ölkə rəhbərliyi ölkəni növbəti mərhələ uğurla keçməsi üçün mövcud idarəetmə sistemininin dəyişdirilmsəsinin vacibliyinin fərqindədir…

Orxan Əhmədli