Ölkə 21:10 10.03.2020

Prezident nəticələri ləğv olunan dairələrdən danışdı

"Biz seçkiləri müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatları, müşahidəçiləri dəvət etmişdik və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirmişdir”.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.

Dövlət başçısı deyib: "Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmişlər və bəyan etmişlər ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir. Bunu bəyan edən beynəlxalq müşahidəçilər, əlbəttə ki, reallığı əks etdirir. Eyni zamanda, Azərbaycanda seçki prosesinə həmişə ikili standartlar prizmasından yanaşan və qeyri-obyektivliklə fərqlənən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və onun təsiri altında olan bəzi qurumlar bu dəfə də hansısa qüsurları qabardıb, onları böyük hadisə kimi təqdim etməyə çalışmışdılar. Heç bir seçki qüsursuz olmur. Bu dəfə də qüsurlar olub və 4 dairənin nəticələrinin ləğv edilməsi onu göstərir ki, bu qüsurların olmaması üçün Azərbaycan özü maraqlıdır. Seçkidən sonrakı proseslər bir daha onu göstərir ki, bizim əsas niyyətimiz ondan ibarət idi ki, Azərbaycan xalqı öz seçki hüququndan azad şəkildə istifadə etsin, bəyəndiyi namizədə səs versin, beləliklə, öz fikrini və öz siyasi iradəsini ifadə etsin. Bütövlükdə biz buna nail olmuşuq və seçkilərdən sonra artıq müşahidə olunan mənzərə onu göstərir ki, Azərbaycan xalqı seçkilərin nəticələri ilə razılaşıb. Bizim üçün əsas məsələ bundan ibarətdir”.