Siyasət 17:23 13.01.2022

Prezident “onları geri buraxmayacaqdıq” fikriylə hansı mesajı verdi? (ŞƏRH)

"Bununla Azərbaycan Prezidenti mesaj verdi ki, Qarabağa qanunsuz yolla gələn bu tip adamları, xəbər tutan kimi bundan sonra saxlayacağıq. Bu açıqlama ilə prezident həm də Azərbaycan xalqına mesaj verdi ki, Laçın koridoru ilə bağlı heç bir narahatlıq yoxdur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziyalara müsahibəsində Fransada prezidentliyə namizəd Valeri Pekserin Qarabağa qanunsuz səfərindən danışarkən, "xəbərimiz olsaydı, onları geri buraxmayacaqdıq” fikrilə hansı mesajı verdiyini şərh edərkən deyib:

"Bu, həm də Fransanın özünə mesajdır. Ora tam olaraq Azərbaycanın nəzarətindədir. Prezident bu açıqlaması ilə Ermənistan və onu dəstəkləyən qüvvələrə də başa saldı ki, hər şeydən xəbərdardır və bundan sonra qanunu pozanların cəzası ağır olacaq”.

C. Nuriyevin fikrincə, sözügedən mesaj həm də onu özündə ehtiva edir ki, bundan sonra proses qanunu pozanlara münasibətdə heç də əvvəlki kimi olmayacaq:

"Qanunu pozaraq Qarabağa gələnlərin ya maşınları həbs ediləcək, ya onları buraxmayacaq, ya da orada Dövlət Sərhəd Xidmətinin postu açıla bilər. Bu, bir mesaj və ciddi xəbərdarlıqdır. İlk dəfədir ki, Azərbaycan Prezidenti məsələni bu qədər kəskin qoydu və belə halların cəzasız qalmayacağını açıqladı. Bunu cəzasızlığa son mesajı kimi də gündəmə gətirmək olar.

Anlayanlar bunu başa düşməlidir. Bu açıqlama ciddi xəbərdarlıqdır”.

Rüfət Sultan