Ölkə 14:32 15.07.2020

Prezident: "Onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq" (YENİLƏNİB)

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə telefonla danışıb. 

Qaynarinfo-nun xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidmətindən bildirilib. 

Dövlət başçısı şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbr diləyib. Prezident İlham Əliyev qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.

Səmayə Həşimova və Elvin Mirzəyev Prezident İlham Əliyevə telefon zənginə və başsağlığına görə minnətdarlıqlarını bildiriblər.
 
13.46

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin dəfn mərasimi zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçuların ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Qaynarinfo-nun xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.  

Qeyd edək ki, iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.

Onlar bu gün İkinci Fəxri Xiyabanda dəfn olunub.