Xəbər lenti

Prezident qızı Gülnarə necə məhbus oldu?
Dünya 18:20 11.10.2017

Prezident qızı Gülnarə necə məhbus oldu?

Oktyabrın 2-də Stokholm məhkəməsi «MTS-Özbəkistan» telekommunikasiya şirkətinin keçmiş baş direktoru Bekzod Akhmedov-un ifadələrini ictimaiyyətə açıq olan sənədlərə əlavə edib. Akhmedov bu ifadələri hələ 2012-ci ildə rusiyalı, 2015-ci ildə isə isveçrəli müstəntiqlərə verib. Məhz 10 il ərzində Gulnara Karimova-nın «sağ əli» sayılan Akhmedov-un ifadələri tarixdə ən böyük antikorrupsiya cinayət işlərindən birinin başlanmasında böyük rol oynayıb. Məhz bu ifadələr Özbəkistanın ən güclü qadınını – prezident qızını məhbusa çevirib.

Akhmedov-un 2012-ci ildə Rusiya DİN istintaq departamentinin mütəşəkkil cinayətkarlığın araşdırılması şöbəsinin baş müstəntiqi O.Silchenko-ya verdiyi ifadə 17-səhifəlik protokolda əks olunub.

İfadə verməyə başlamazdan öncə B.Akhmedov müstəntiqdən özünün və ailəsinin şahid qismində təhlükəsizliyinin təminatını istəyib. O özü, ailəsi və yaxınlarına qarşı ifadə verməkdən imtina edib, ifadələrinin sözügedən cinayət işində dəlil kimi istifadəsinə razılıq verib.

DEYİR, MƏVACİB ALMAYIB

B.Akhmedov ifadələrində, əsasən, özünün Özbəkistanın mərhum prezidenti Islam Karimov-un qızı G.Karimova ilə münasibətlərindən və biznes tərəfdaşlığından danışır.

O, G.Karimova ilə 2001-ci ildə özünün böyük bacısı Nilufar vasitəsilə tanış olduğunu deyir. Nilufar Daşkənd Dövlət Universitetinin Fəlsəfə-iqtisadiyyat fakültəsində G.Karimova ilə birlikdə oxuyub. İfadədə deyilir ki, 2001-ci ilin dekabrından Akhmedov Karimova-ya məxsus STORES şirkətinin meneceri, eyni zamanda «Uzdunrobita» Özbəkistan-ABŞ müştərək telekommunikasiya şirkətinin Daşkənd servis mərkəzinin direktoru olub.

«Gulnara Karimova-nın məni sənədlərdə öz şirkətinin rəhbəri kimi göstərmək istəyini rədd edə bilmədim. Çünki Karimova-nı rədd etmək olmazdı», – Akhmedov deyir.

O əlavə edir ki, bu işə görə heç vaxt Karimova-dan məvacib almayıb.

Akhmedov 1996-cı ildə ABŞ-da təhsil aldığı zaman «Uzdunrobita»nın təsisçilər şurasının sədri, ABŞ-ın «ICG Inc.» şirkətinin prezidenti Dudley Christie ilə tanış olub. 2001-ci ildə Londonda Akhmedov «Uzdunrobita»nın səhmlərinin 45%-nə malik Christie-yə G.Karimova ilə tanış olaraq birgə iş qurmağa kömək edib.

SƏHMLƏRİN 20%-İ HOLDİNQƏ ÖTÜRÜLÜR

Görüşün ayrıntılarından görünür ki, Akhmedov G.Karimova-nın Özbəkistanın telekommunikasiya bazarını öz nəzarətinə alması işində əsas vasitəçisi və «sağ əli» olub.

Dubayda keçirilən danışıqların sonunda «Uzdunrobita» səhmdarları «Özbəkistanda ciddi problemlərlə qarşılaşmaqla» bağlı hədələr qarşısında səhmlərinin 20%-ni Karimova-ya məxsus «Revy Holdings»ə ötürməyə razı olurlar. Əvəzində isə Karimova amerikalı investorlara şirkətin konvertasiya problemlərini həll etməyə və beynəlxalq telefon rabitəsi üçün lisenziya almasına kömək söz verir.

Artıq 2002-ci ilin yanvarında «Revy Holdings» rəsmən «Uzdunrobita»nın təsisçilər qrupuna qoşulur və Akhmedov şirkətin baş direktoru olur.

«Revy Holdings»in icraçı direktoru Farhod Inogambaev G.Karimova ilə fikir ayrılığından sonra ABŞ-a qaçmalı olur. Bundan sonra, 2002-ci ilin sonlarında Karimova «Uzdunrobita»nın səhmlərini vətəndaş nikahında olduğu Rustam Madumarov-un adına qeydiyyatdan keçirilmiş «Swisdorn Limited» şirkətinə ötürür.

350 MİLYON DOLLARLIQ MƏNİMSƏMƏ İTTİHAMI

2003-cü ildə amerikalı investorlar «Uzdunrobita»nı satışa çıxarırlar. Rusiyanın MTS şirkəti onu almağa maraq göstərir. 2004-cü ilin avqustunda şirkətin səhmlərinin 59%-nə sahib olan Karimova səhmlərinin 33%-ni 100 milyon dollara MTS-ə satır. ABŞ tərəfi isə özünə məxsus 41%-i 21 milyon dollara satır. Karimova şirkətin səhmlərinin qalan 26%-ni isə 2007-ci ildə MTS-ə 250 milyon dollara satır.

İfadələrdən belə görünür ki, B.Akhmedov «Uzdunrobita»nın amerikalı investorlar və Özbəkistan hökumətindən qəpik-quruşa alınması və sonradan şirkətin MTS-ə satılması prosesində Karimova-nın əsas vasitəçisi olub. O, prezident qızının 350 milyon dolları mənimsəməsində əsas rolu oynayıb.

Ancaq əvvəldən özünün əleyhinə ifadə verməyəcəyini deyən Akhmedov bu prosesdə özünün nə qədər qazandığını göstərməyib.

Qazanılan 350 milyon dolların Honq-Konqdakı bank hesablarına yerləşdirilməsindən az sonra Akhmedov daha bir telekommunikasiya şirkəti, «Coscom»un G.Karimova-nın əlinə keçirilməsi prosesinə başlayır. Ardınca isə şirkətin sərfəli qiymətə xarici investorlara satılması strategiyasını hazırlayır.

RAZILAŞMANI POZMAĞA MƏCBUR OLUBLAR

Protokolda göstərilir ki, Özbəkistan telekommunikasiya bazarında ikinci ən böyük oyunçu, «Coscom»un səhmlərinin 97%-nə nəzarət edən «MCT Corp.» 2007-ci ilin yazında mobil operatoru «Qatar Telecom» şirkətinə satıb. Bu sövdələşmədən pay tələb edən Karimova Amerika tərəfinin etirazına cavab olaraq «Coscom» mobil operatorunun lisenziyasının 10 günlüyünə dayandırılması haqda qərar qəbul edir. Bu hədədən sonra Amerika tərəfi «Qatar Telecom»la razılaşmanı pozmalı olur və Karimova-nın tələbi ilə özünün «Coscom»dakı payını İsveç və Finlandiya hökumətlərinə məxsus «TeliaSonera» (indiki «Telia») şirkətinə satmağa məcbur olur.

Bu danışıqları da o zaman artıq «MTS-Özbəkistan»ın baş direktoru olan B.Akhmedov aparır. Danışıqlar nəticəsində «TeliaSonera» dolayı yolla Karimova-ya məxsus olan «Takilant» ofşor şirkətinin Latviya və İsveçrədəki hesablarına 330 milyon dollardan çox vəsait keçirir.

Qeyd edək ki, uzun istintaqdan sonra İsveç şirkəti Karimova-nın ətrafına ümumən 331 milyon dollar məbləğində rüşvət verdiyini etiraf edib və buna görə 1 milyard dollara qədər cərimə ödəməli olub.

15 MİLYON DOLLARLIQ MÜBAHİSƏ

İki iri mobil rabitə operatorunun ələ keçirilməsindən və 1 milyard dollardan artıq vəsaitin xarici bank hesablarına ötürülməsindən az sonra G.Karimova ilə B.Akhmedov-un arası dəyib. Protokolda səbəb kimi 15 milyon dolların üstündə düşən mübahisə göstərilir.

2011-ci ilin sonunda vergi orqanları və prokurorluq «MTS-Özbəkistan»da ciddi yoxlamaya başlayıblar. Nəticədə 2008-2010-cu illərdə şirkətin 1.5 milyon dollar məbləğində vergidən yayındığı üzə çıxıb. Akhmedov-un sözlərinə görə, həmin məbləğ təyin olunan müddətdə ödənilib.

Akhmedov ifadəsində deyir ki, hələ yoxlamalar sona çatmamış G.Karimova öz köməkçisi Gayane Avakian-ı onun yanına göndərərək, 15 milyon dolları ödəməsini tələb edib və məbləği ödəməzsə, onu həbs etdirməklə hədələyib. Akhmedov məbləğin bir hissəsini, 1 milyon 163 min dolları nağd ödəməli olduğunu deyir.

Akhmedov həmçinin bildirib ki, Karimova ondan özünün Kann festivalı çərçivəsində keçirilən xeyriyyə gecəsində ABŞ prezidenti Bill Clinton və Monako şahzadəsi Albert II ilə birgə çəkdirdiyi şəklə görə 250 min dollar ödəməsini tələb edib. Akhmedov həmin məbləği Karimova-nın ABŞ-dakı bank hesabına köçürdüyünü deyir.

1 MİLARD DOLLARLIQ RÜŞVƏT?

Karimova həmin 15 milyon dolların tam ödənməsini tələb edərək, Akhmedov-a Moskvadakı evini satmağı məsləhət görüb. Əks halda, onun həyat yoldaşı və uşaqlarına da təzyiq edəcəyini deyib. Bundan sonra Akhmedov ailəsi ilə birlikdə 2012-ci ilin iyununda Özbəkistan ərazisini qanunsuz tərk etməli olub. Karimova-nın yaxın adamlarının İsveçrədə həbsindən sonra Akhmedov İsveçrə prokurorluğu ilə əməkdaşlığa razılıq verib və özünə vəkil tutub.

2012-ci ildə G.Karimova İsveçrənin «Bilan» jurnalına müsahibəsində Akhmedov-u ona qarşı kompromat yaymaqda günahlandırıb.

2013-cü ildə ABŞ və bir neçə Avropa ölkəsində sözügedən işlərlə bağlı araşdırmalara başlanılıb. «TeliaSonera», «VimpelCom» və MTS şirkətləri ilə sövdələşmələr araşdırılıb. Maliyyə ekspertləri G.Karimova-nın telekommunikasiya şirkətlərindən ümumilikdə 1 milyard dollara qədər pul aldığını iddia edirlər. Bu pulların bir hissəsi müxtəlif ölkələrdə aktivlərin alınması yoluyla yuyulub. Şirkətlərin Karimova-ya ödədiyi məbləğlər onların Özbəkistan bazarına çıxışını təmin etməli olan rüşvət idi.

ABŞ və Avropada araşdırmaların başlanmasından sonra Özbəkistan hökuməti də araşdırmaya start verib. 2015-ci ildə Karimova-nın yaxın adamı Gayane Avakian həbsə məhkum edilib. G.Karimova-nın özü isə ev dustağı olub. Bu yay Özbəkistanın Baş Prokurorluğu Karimova-nın hələ 2015-ci ilin avqustunda 5 il müddətinə azadlıqdan məhrum edildiyini bildirib.

Qaynarinfo.Az

Mənbə:cebhe.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->