Siyasət 14:01 22.06.2021

Prosesin gedişi sülh müqaviləsinin imzalanacağını deməyə əsas verir (ŞƏRH)

"Prosesin gedişi regionda yeni reallıqların formalaşacağını, sülh müqaviləsinin imzalanacağını deməyə əsas verir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Nikol Paşinyanın Ermənistanda hakimiyyətdə möhkəmləndikdən sonra Azərbaycanla nəhayət sülh müqaviləsinin bağlamasına gedəcəyi ehtimalından danışarkən deyib: 

"Ermənistanda keçirilən son parlament seçkiləri bir həqiqəti ortaya çıxardı. Erməni xalqı sülhə, əməkdaşlığa səs verərək, artıq müharibəyə yox deyir”.    
Deputat deyir ki, prosesin gedişi regionda yeni reallıqların formalaşacağını deməyə əsas verir.  Hansı ki, bu reallıqlar fonunda əməkdaşlıq məsələsi ön plana keçəcək. Bunun üçünsə, həmsöhbətimizə görə, ilk növbədə sülh müqaviləsi bağlanmalıdır: 

"Bundan sonra İrəvanın Bakı ilə münasibətlərində bir sıra ciddi addımların atılması gözlənilir.  Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi sülh müqaviləsinin imzalanması artıq real məzmum kəsb edəcək. Dgər tərəfdən, Zəngəzur dəhlizinin açılması da reallaşacaq. Paşinyan özü dəfələrlə qeyd edib ki, Zəngəzur dəhlizinin açılmaması Ermənistanın İran və Rusiya ilə birbaşa dəmir yolu xəttinin açılmasına imkan verməyəcək. Nəticədə Ermənistan bundan sonra da blokada vəziyyətində qalacaq ki, bu da həmin ölkə üçün iqtisadi fəlakət deməkdir”. 

E. Nəsirov qeyd edir ki, sülh müqaviləsinin imzalanmasından tək region ölkələri deyil, bütün dünya udacaq: 

"Sülh müqaviləsi olmadan digər məsələlərin həlli çətin olacaq.  Əməkdaşlıq yolunda sülh müqaviləsinin olması vacibdir”. 

Deputat bildirir ki, sülh müqaviləsində ilk növbədə sərhədlərin delimitasiya və demarkasiyası məsələsi birdəfəlik həllini tapmalı, sərhədlər birdəfəlik təsdiqlənməlidir: 

"İrəvanın Azərbaycana qarşı ərazi iddiaları məsələsinə son qoyulması da burada öz təsdiqini tapmalıdır. Həmçinin, sülh müqaviləsində nəqliyyat-kommunikasiya xətlərinin bərpası məsələsi də yer almalıdır”. 

E. Nəsirov düşünür ki, seçkinin başa çatması ilə altıtərəfli əməkdaşlıq formatının reallaşması üçün də münbit şərait yaranıb:  

"Bu təşəbbüslə Azərbaycan və Türkiyə prezidentləri birgə çıxış ediblər. Seçkinin nəticələri bəlli olduqdan sonra Ermənistanın da bu əməkdaşlıq platformasının üzvü olması şansı kifayət qədər artıb”.

Rüfət Sultan