Dünya 14:06 21.10.2022

Putin təşvişdə: Rusiya liderinin son qərarı nəyə hesablanıb? (ŞƏRH)

Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə Kremlin ilhaq etdiyini iddia etdiyi Ukraynanın dörd bölgəsində, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərində hərbi vəziyyət tətbiq edilib. Bundan başqa, Ukrayna ilə sərhədə yaxın Belqorod, Bryansk, Krasnodar və Rostov vilayətləri kimi bölgələrdə, eləcə də ilhaq edilmiş Krımda "orta səviyyəli cavab tədbirləri" elan edilib.
 
Tədbirlərə təhlükəsizliyin və ictimai asayişin gücləndirilməsi daxildir. Qərarda həmçinin, nəqliyyatın hərəkətinə, habelə bu rayonlara giriş-çıxışa məhdudiyyətlər nəzərdə tutulub.
 
Növbəti səviyyə "yüksək hazırlıq"dır. Bu, Rusiyanın mərkəzi və cənub bölgələrinə, o cümlədən, Moskvaya aiddir. Prezidentin sərəncamında "nəqliyyat vasitələrinin axtarışı və hərəkətin məhdudlaşdırılması", habelə "ictimai asayişin mühafizəsinin gücləndirilməsi" qeyd olunur. 
Prezident Putinin fərmanını yerinə yetirmək üçün bütün bölgə qubernatorlarına "əməliyyat qərargahları" yaratmaq tapşırılıb. Qərargaha rayon başçısları, ordu və polis nümayəndələri daxil olacaq. Regionların qubernatorlarına həmçinin "Rusiya Federasiyası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin ehtiyaclarını ödəmək" əmri verilib. Bu Rusiya ordusuna daha böyük səlahiyyətlər verir. Putinin müharibənin 8-ci ayında belə bir qərara gəlməsi aydın məsələdir ki, rus ordusunun döyüşlərdə uğur qazana bilməməsilə əlaqədardır.
 
Uğursuzluq, təchizatdakı çətinliklər, Putini hərbi vəziyyət elan etməyə vadar edib. Moskvanın Ukraynanın işğal etdiyi 4 vilayəti "referendum” keçirməklə öz ərazisi elan etməsinə baxmayaraq, görünən odur ki, Kiyev həmin istiqmaətlərdə irəliləməkdə davam edir. Bütün bu uğursuzluqıar, ordunun təchizatındakı çətinliklər, Putini hərbi vəziyyət elan etməyə vadar edib. Digər tərəfdən, belə bir addımın atılmasına qismən səfərbərliyin Kremlin istəyinə uyğun getməməsi də səbəb ola bilər. Belə ki, səfərbərlik elan edilən ilk gündən Rusiyanı tərk edən insanların sayı xeyli artıb. Bu qərar həmçinin işğal etdiyi ərazilərin əhalisini zor gücünə orduya cəlb edərək, cəbhəyə göndərməyə hesablanmış addım da ola bilər. Bir sözlə, Putinin bu qərarı prosesi daha qabarıq şəkildə öz nəzarətində saxlamağa hesablanmış addımdır. 

Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hərbi vəziyyətin elan olunması Rusiyanın Ukrayna təzyiqlərindən sığortalanmaq məqsədi daşıyır:

 

"Rusiya işğal etdiyi 4 vilayətdə hərbi vəziyyət elan etməklə paralel olaraq Xerson və digər ərazilərdən kütləvi evakuasiya tədbirlərinə başlayıb. Bu da  Ukraynanın artan təzyiqləri fonunda kifayət qədər qaranlıq qərar kimi qəbul edilir. Moskva hərbi vəziyyət elan edib, amma Ukraynaya müharibə elan etməyib. Belə olan halda həmin zərurətin Rusiya Konstitusiyasına necə uzlaşması məsələsi də ciddi sual doğurur. Hərbi vəziyyətin elan olunması Rusiyanın Ukrayna qarşısında təzyiqlərdən sığortalanması məqsədilə atılan məcburi addımdır. Bu addım insan resursları və sənaye potensialını müharibə gedən ərazilərə cəlb etmək məqsədilə atılıb və kifayət qədər geniş coğrafiyanı əhatə edir. İndiyə qədər heç bir ölkədə xüsusi hərbi əməliyyat şəraitində səfərbərliyə gedilməsi və ya hərbi vəziyyət elan etməsinə rast gəlinməyib. Qərar Rusiyanın həm işğal etdiyi ərazilər, həm də Ukrayna ilə sərhəddəki vilayətlərdə tətbiq edilməklə bütün Rusiya ərazisinin kateqoriyalara bölünməsilə nəticələnib. Ukraynaya vəd edilən silahlar qısa müddətdə Kiyevə çatdırılarsa, bu halda Moskva anoloji hərbi vəziyyəti ölkənin digər regionlarında da elan edə bilər”. 

Rüfət Sultan