Xəbər lenti

Putin Trampın
Dünya 16:16 28.12.2024

Putin Trampın "Ukraynada sülh" planını niyə rədd edib? (ŞƏRH)

"Bu məlumat Putinlə danışıqlara getməyin mənasız olduğunu gündəmə gətirməklə aranı daha da qızışdırmağa hesablanıb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Müharibə Araşdırmaları İnstitutunun (ISW) Rusiya prezidenti Vladimnir Putinin ABŞ-ın yeni prezidenti Donald Trampın komandası tərəfindən hazırlanmaqda olan Ukraynada sülh planını rədd etməsi barədə araşdırmanı şərh edərkən deyib.

Elçin Şıxlı bildirib ki, Trampın Ukrayna məsələsilə bağlı təkliflərinin nələrdən ibarət olduğunu bilmədən bu haqda dəqiq nəsə demək çətindir:

"Putin kimi durduğu yerdə müharibəyə başlayan adamdan nə desən gözləmək olar. Trampın nə dediyi, nə təklif etdiyini bilmirik. Yalnız biləndən sonra nəsə demək olar. Belə olan halda Putinin Trampın təklifini rədd etməsi barədə verilən informasiya ancaq bir məqsəd daşıya bilər. Həmin informasiyanı ortaya atmaqla aranı qızışdırmağı düşünürlər. Bununla da göstərmək istəyirlər ki, Putinlə hər hansı bir danışıqlara getməyin mənası yoxdur. Onunla danışıqlar mümkünsüzdür".
 


Bu da həmsöhbətimizə görə, müharibənin davam etdirilməsi tərəfdarlarının maraqlarına cavab verən mesajdır:

"Digər tərəfdən, belə bir versiyanın gündəmə gətirilməsi müharibənin tez bitməsinə çalışanların da maraqlarına cavab verir. O mənada ki, Kremlə müharibənin rahatlıqla bitməsi təklif edilsə də, Rusiya rəhbərliyi buna da razılıq vermədi. Belə olanda da mesaj göndərirlər ki, Qərb Ukraynaya Rusiyanı məhv etməsi üçün bütün lazımi silahları verəcək".

Qeyd edək ki, məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası tərəfindən hazırlanmaqda olan Ukraynada sülh planını rədd edib. Bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında qeyd edilir.

Bildirilir ki, Putin Trampın komandasının müharibənin dayandırılması üçün Ukraynanın NATO-ya üzvlüyünün ən azı on il təxirə salınması təklifini birbaşa rədd edib. 

26 dekabr tarixində Putin bu fikri şərh edərək bildirib ki, Ukraynanın NATO-ya "bu gün, sabah və ya 10 ildən sonra" daxil olmasının heç bir əhəmiyyəti yoxdur. Putinin həmin bəyanatı bu günə qədər Kiyevə yönləndirdiyi tələblərilə bağlı hər hansı bir kompromisə getməyəcəyinin təsdiqi sayıla bilər. 

Xatırladaq ki, Putinin tələblərində Ukraynanın daim neytral dövlətə çevrilməsi, NATO-ya heç vaxt üzv olmaması, Ukrayna ordusunun sayının ciddi şəkildə məhdudlaşdırılması və Ukrayna hakimiyyətinin uzaqlaşdırılması kimi məqamlar daxildir. Eyni zamanda, ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Trampın Zelenski və Putini danışıqlara necə cəlb edə biləcəyini deyib:

"Putin ciddi danışıqları yalnız Rusiya ordusu Ukraynanın daha çox ərazisini ələ keçirmək iqtidarında olmadıqda və ya, hərçənd bu, daha az ehtimal olunur, Rusiya əsgərlərinin mövqelərini itirməyə başladığı zaman aparacaq". 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->