Putinin balans dediyi nədir və Paşinyan nədən geri çəkilmək istəmir? – Təhlil

Putinin balans dediyi nədir və Paşinyan nədən geri çəkilmək istəmir? – Təhlil

"Moskvanın hədəfi maksimum şəkildə döyüşləri dayandırmaqdır ki, bölgədəki əsas müttəfiqi dəhşətli itkilərə məruz qalıb, böyük çalxantıya yuvarlanmasın”.


Bunu Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli deyib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin son çıxışı göstərir ki, Moskva maksimum şəkildə savaşın indiki mərhələdə tam dayanmasını istəyir və Ermənistanın bundan sonra böyük itkilər verməsinə razı deyil:


"Rusiya lideri hədər yerə tərəflərin danışıqlar masası ətrafına oturmalı olduğunu demir. Təsadüfi deyil ki, Moskvanın bu açıqlaması Laçın və Şuşa ətrafında qızğın döyüşlərin getdiyi ərəfədə baş verir. Digər tərəfdən Moskvanın özünün də etiraf etdiyi kimi, Rusiya hərbçiləri bölgədəki döyüşləri diqqətlə analiz edirlər. Putin israrla bu açıqlamanı verirsə, demək ki, ruslar artıq ermənilərin Laçın və Şuşada dayana bilməyəcəyi qənaətinə gəliblər. Onlar maksimum bu iki şəhərin işğaldan azad edilməsini yalnız yubada bilərlər, onun qarşısını almaq gücündə deyillər. Moskvada yaxşı başa düşürlər ki, Laçın və Şuşanın əldən getməsi, müharibənin taleyinin tam həll edilməsi anlamına gəlir. Bu isə Ermənistanın qısa zamanda məğlub olması demək olacaq. Ona görə də Putin məsələyə müdaxilə edir və təcili olaraq danışıqlardan bəhs edir”.


İlkin Həsənli qeyd edib ki, Putin Azərbaycan ordusunun azad etdiyi torpaqlardan çıxmayacağını gözəl bilir:


"Ona görə də israrla danışıqlar məsələsini gündəmə gətirir ki, əməliyyatlar hanssıa formada zəiflədilsin. Yenə də deyirəm ki, maksimal hədəfləri əməliyyatı dayandırıb, yenidən uzun və mənasız danışıqlara başlamaq, minimal hədəfləri isə hər şey əldə çıxacağı təqdirdə Azərbaycana az da olsa təsir rıçağı saxlamaqdır. Putinin indiki təklifi məhz bu hədəflərə gedilən yoldur. Bir şeyə diqqət edin ki, Putin danışıqların Minsk Qrupu və həmsədrlərinin hazırladığı təkliflər əsasında həll edilməsini istədiyini deyir. İndiyə qədər tərəflərə edilən təkliflər yalnız həmsədr ölkələr tərəfindən hazırlanıb. Yəni, burada heç bir Minsk Qrupundan söhbət gedə bilməz. Lakin bu açıqlama ilə Putin yenidən tərəfləri Madrid prinsipləri ətrafında müzakirəyə çağırır. Yəni, demək istəyir ki, Azərbaycanın azad etdiyi rayonlara rəğmən, yenə də bizim bundan öncə irəli sürdüyümüz təkliflər gündəmdə qalmalı və heç bir dəyişiklik edilməməlidir. Bu isə indiki halda mümkün deyil, ona görə ki, Azərbaycan rəsmən 5+2 variantından imtina edib”.


Analitik vurğulayıb ki, Putin həm də maraqlar balansının təmin olunmasını da önə çəkib:


"Bu maraqlar balansı Azərbaycanla Ermənistana yox, daha çox Rusiyanın maraqlarına aiddir. Yəni, Moskva üçün artıq Ermənistan deyilən bir anlayış yoxdur, Moskva indi yalnız öz maraqlarının təminatının tam itirilməməsinin dərdindədir. Moskva rəsmən tələb edir ki, hər şeyə rəğmən, mənim maraqlarımı mütləq təmin etməlisən. Bu isə rəsmən Azərbaycanda təsir rıçağı saxlamağa hədəflənib. Buna görədir ki, artıq Putin son bir həftə ikinci dəfə konfliktin etnik köklərinin olmasıyla bağlı məsələni dilə gətirir. Moskva israrla konfliktin etnik olması ilə bağlı məsələni gündəmdə saxlamaq istəyir. Yəni, bir tərəfdən özünü xristianların qoruyucusu olaraq təqdim edən Moskva kiçik və əzilmiş xalqı qorumaq görüntüsü yaratmağa çalışır və Azərbaycana bununla bağlı mesaj verir. Digər tərəfdən etnik məsələni gündəmdə saxlamaqla Azərbaycandan Qarabağdakı ermənilər üçün nəsə almağa çalışır. Hətta bunu ala bilməyəcəyi təqdirdə belə bu məsələni gündəmdə saxlayaraq, Qarabağla bağlı yekun müqavilənin bağlanmasına imkan vermək istəmir”.


Analitikə görə, Moskvanın planları dəyişməz qalır:


"Kreml faktiki olaraq Qarabağda məğlub olur və ona görə də çarə axtarır. Hər bir halda görünən odur ki, Cenevrə görüşləri çox çətin keçəcək və Moskva israrla, hətta təhdidə cəhd edərək Azərbaycandan nəsə əldə etməyə cəhd edəcək. Paşinyanın Azərbaycanın qarşısından geri çəkilmək istəməməsinin səbəbi məhz bununla bağlıdır”.


Bahar Rüstəmli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR