Dünya 10:47 25.11.2022

Putinin demilitarizasiya məqsədi Şərqi Avropanın silahlanma bumu ilə nəticələndi

Şərqi Avropa dövlətlərinin hərbi sənayesi region ölkələrinin Ukraynanı silahla təmin etdikcə inkişaf edir. Müharibə başlamazdan əvvəl Rusiya regionun militarizasiyasından narazılığını bildirib və Ukraynaya müdaxilənin səbəblərindən biri kimi NATO-nun şərqə doğru genişlənməsini göstərib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” yazır.

Silah məsələləri ilə məşğul olan 10-dan çox həmsöhbət Reuters-ə bildiriblər ki, Ukraynadakı müharibə Şərqi Avropada hərbi sənaye üçün yeni imkanlar açıb.

Çexiya müdafiə nazirinin müavini Tomaş Kopeçnı Reuters agentliyinə bildirib ki, bu il Çexiyadan silah ixracı 1989-cu ildən bəri ən yüksək səviyyədə olacaq və Ukraynaya silah tədarükü artıq 2 milyard dolları keçib. Onun sözlərinə görə, Ukraynaya ixracın təxminən 95%-i kommersiya tədarükləri çərçivəsində həyata keçirilib. "Çexiya müdafiə sənayesi üçün Ukraynadakı münaqişə və onun göstərdiyi yardım son 30 ildə görmədiyimiz təkandır" Kopeçnı bildirib.

Polşa Silah Qrupunun (PGZ) baş icraçı direktoru Sebastyan Çvalek agentliyə bildirib ki, PGZ "Ukraynada davam edən müharibənin reallıqlarını” nəzərə alaraq, növbəti illərdə yeni bazarlara çıxmaq və ixrac gəlirlərini artırmaq imkanı görür.

Çvalek əlavə edib ki, holdinq növbəti on il ərzində istehsala sərmayəni 1,8 milyard dollara çatdırmaq niyyətindədir ki, bu da müharibə başlamazdan əvvəl planlaşdırılandan iki dəfə çoxdur. Polşa, Slovakiya və Çexiya şirkətlərinin rəsmiləri və nümayəndələri də Reuters agentliyinə istehsal gücü və işçi heyətinin artırılması barədə məlumat veriblər.

Çexiyanın NATO-dakı nümayəndəsi Yakub Landovski agentliyə bildirib ki, bu ölkə Sovet dövründən qalan köhnə ehtiyatları Ukraynaya ötürdükdən sonra lazımi silahların istehsalını artıra bilər. Stokholm Sülh Araşdırmaları İnstitutunun elmi işçisi Saymon Veseman qeyd edib ki, regiondakı şirkətlər 1990-cı illərdə hərbi istehsalını modernləşdirsələr də, sovet sistemləri üçün uyğun döyüş sursatlarını hələ də sürətlə istehsal edə bilirlər. Həmsöhbətlər Reuters agentliyinə bildiriblər ki, Ukraynaya silah göndərilməsinə Qərb şirkətləri tərəfindən istehsal olunmayan kalibrli mərmilər daxildir.

Reuters yazır ki, Çexiyanın "Czech STV Group” holdinqi ilin birinci yarısında silah satışını demək olar ki, iki dəfə artırıb. Holdinqin sözçüsü Andrey Çirtek agentliyə bildirib ki, şirkət NATO və "Şərq kalibrli” mərmilərin istehsalını artırır, həmçinin piyadaların döyüş maşınlarını və sovet T-72 tanklarını modernləşdirir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzündən bir neçə ay əvvəl Rusiya hakimiyyəti  Moskvanın "xəbərdarlıq və qırmızı xətlər haqqında” tələblər mövzusunda Qərb tərəfdaşlarının səthi davranmasından dəfələrlə şikayət ediblər. Keçən ilin dekabrında Rusiya Xarici İşlər Nazirliyi təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ və NATO-ya tələblər təqdim edib. Xüsusilə, onlar Rusiya və NATO ölkələrinin öz silahlı qüvvələrini və silahlarını Avropa dövlətlərinin ərazisinə 1997-ci il mayın 27-dək həmin ərazidə olan qüvvələrə əlavə olaraq yerləşdirməmək təkliflərini ehtiva edib.

Alyansa qoşulan bütün Şərqi Avropa ölkələri bunu həmin tarixdən sonra ediblər. Rusiya həmçinin NATO ölkələrini Ukraynada və Şərqi Avropanın digər ölkələrində hərbi fəaliyyətdən əl çəkməyə dəvət edib. 

Nizami Bağırov