ABŞ prezidenti Donald Trampın Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin aqressiv bəyanatlarına reaksiyası nüvə siyasətinin emosiyalar və sosial şəbəkə paylaşımlarının təsiri altında formalaşa biləcəyi təhlükəli presedent yaradır.
Qaynarinfo xəbər verir ki, bunu britaniyalı analitik, Böyük Britaniya parlamentinin üzvü Bob Silli deyib. Onun fikirlərini "The Telegraph” dərc edib.
Sillinin yazdığına görə, biz artıq Rusiya rəhbərliyinin nüvə hədələrinə öyrəşmişik, lakin indi ABŞ prezidenti onlara açıq reaksiya verib və iki atom sualtı qayığının "müvafiq rayonlarda” yerləşdirilməsi barədə göstəriş verdiyini açıqlayıb.
Britaniyalı siyasətçi hesab edir ki, "Trampın artıq Rusiya rejiminin mahiyyətini görməyə başlaması” müsbət haldır. Onun fikrincə, Trampın qəzəblənməsinə səbəb odur ki, Kremlin könlünü almağa yönələn siyasəti işə yaramayıb – baxmayaraq ki, o, "Ukraynanın başı üzərindən” təklif edilən və Rusiyanın rəhbəri Vladimir Putinə "ordu¬larının dəhşətli əməllərinə görə demək olar ki, cavab verməməyə imkan verəcək” sülh razılaşması kimi "çox qeyri-adi bir taktika”nı sınayıb.
"Ancaq yaxşı olmayan odur ki, Tramp açıq etiraf edir: o, birbaşa Medvedevin nüvə təhdidinə cavab verir. İndi Rusiya rejimi bilir ki, internetdə onu yetərincə qəzəbləndirsə, ABŞ prezidentini real addımlara təhrik edə bilər”, – deyə Silli qeyd edib.
Onun sözlərinə görə, Kreml illərdir Qərb liderlərinin motivasiyasını öyrənir və onların davranışını dərin şəkildə anlayır. Sillinin fikrincə, risk ondan ibarətdir ki, nüvə siyasəti – adətən sözlərin xüsusi mütəxəssislər tərəfindən ölçülüb-biçildiyi, son dərəcə təhlükəli bir sahə – indi "trash talk” üslubunda onlayn qarşılıqlı replikaların bir hissəsinə çevrilib.
Silli xəbərdarlıq edir ki, Putinin nüvə silahı işlətmə ehtimalı böyük olmasa da, sıfır da deyil. Çünki 2005-ci ildən etibarən – diktator Ukraynanı sonda ələ keçirmək üçün siyasi və hərbi təzyiq göstərməyə başlayandan bəri – o, məqsədinə çata bilməyəndə hər dəfə münaqişəni kəskinləşdirib.
"Belə 2014-cü ildə, Ukraynanın şərqinə qismən hücum zamanı oldu, sonra isə 2022-ci ildə genişmiqyaslı hücum baş verdi. O, indi də eskalasiyaya gedəcəkmi – bu dəfə nüvə silahı ilə?” – deyə analitik yazır.
O xatırladıb ki, Rusiyada "eskalasiya naminə deeskalasiya” adlı doktrina fəal şəkildə müzakirə olunur. Bu yanaşmaya görə, nüvə silahından münaqişəni nəzarətə götürmək və düşməni kapitulyasiyaya məcbur etmək üçün istifadə oluna bilər.
Siyasətçinin sözlərinə görə, gizli sənədlərə əsasən, ilk addım "nümayişkaranə zərbə” ola bilər – məsələn, su üzərində. Daha sonra – quru ərazidə insanların olmadığı bir nöqtəyə zərbə. Üçüncü mərhələdə isə hərbi hədəfə, məsələn, logistika qovşağına zərbə endirilə bilər. Bundan sonra əməliyyat teatrı çərçivəsində çoxsaylı taktiki nüvə zərbələri başlaya bilər, – Silli yazır.
O xatırladıb ki, Putin nüvə silahından istifadə həddini tədricən endirir. Əgər 2014-cü il hərbi doktrinasında onun işlədilməsi yalnız iki halda – nüvə hücumuna cavab olaraq və ya Rusiyanın mövcudluğuna təhdid yarandıqda mümkün idisə, 2020-ci il sənədində artıq "qaçılmaz nüvə hücumu təhlükəsi” (yəni preventiv zərbə imkanı) və ya adi silahlarla çoxsaylı dəqiq zərbələr nəticəsində nüvə arsenalına nəzarətin itirilməsi də əsas kimi göstərilir.
Britaniyalı siyasətçinin sözlərinə görə, 2024-cü ildə Putin həddi yenə də aşağı salıb və artıq Rusiyaya adi raket zərbəsinin də nüvə cavabı üçün əsas ola biləcəyini bəyan edib.
Bununla belə, o qeyd edib ki, Ukraynanın iyunda Rusiyanın aerodromlarına qarşı "Tor” əməliyyatı belə bir reaksiya doğurmadı.
Silli sual edir ki, belə vəziyyətdə nə etmək olar və cavab verir: "Yaxşı variantlar yoxdur, bu böhran daha da təhlükəli ola bilər”.
"Putin rejimi müharibəyə köklənib – burada illüziyaya yer yoxdur. O, sülh istəmir. Bu həftə mən Kiyevdəyəm, Rusiyanın yeni müharibəsi haqda kitabımı təqdim edirəm – və şəhər mütəmadi olaraq raket hücumlarına, bəzən uzun sürən atəşə məruz qalır. Putin Trampı burnundan tutub aparır”, – deyə o yazır.
Onun fikrincə, Qərb üçün ən yaxşı strategiya Ukraynanı dəstəkləmək, xüsusən də onun hava hücumundan müdafiəsini gücləndirməkdir ki, o, Rusiyanı döyüş meydanında saxlaya və bəlkə də Putini müharibəni bitirməyə məcbur edə bilsin.
"Çünki digər variantların çoxu daha pisdir”, – siyasətçi yekunlaşdırıb.
UNIAN xatırladır ki, Tramp Ukrayna müharibəsi ilə bağlı Putinə yeni ultimatum verdikdən sonra Medvedev qəzəblənərək ABŞ-la müharibədən danışıb. O, xüsusən qeyd edib ki, "hər yeni ultimatum – bu, artıq Rusiya ilə Ukrayna arasında deyil, Rusiya ilə ABŞ arasında müharibəyə doğru bir addımdır”.
Medvedevin bəyanatına cavab olaraq Tramp bildirib ki, ABŞ nüvə sualtı qayıqlarını işə salacaq. O, iki atom sualtı qayığının "müvafiq rayonlarda” yerləşdirilməsi barədə göstəriş verdiyini, sabiq Rusiya prezidentinin "axmaq və təxribatçı” bəyanatlarının "daha ciddi nəsə”yə çevriləcəyi ehtimalına görə belə etdiyini izah edib. Bunu o, Truth Social sosial şəbəkəsində yazıb.
Sonradan Tramp Rusiyayla potensial nüvə müharibəsi barədə də danışıb. Jurnalistlər ondan bu paylaşımı barədə soruşanda ABŞ prezidenti deyib ki, "təhdid səsləndi və biz bunun düzgün olmadığını düşündük”. Onun sözlərinə görə, o, bu addımı amerikalıların təhlükəsizliyi naminə atır. Tramp vurğulayıb ki, ABŞ "insanları qoruyacaq”.
Alpər
Şərhlər