Xəbər lenti

Putinin “zəhərli” dünyagörüşünün yaratdığı son və ən ciddi səhvi - Anders Aslundun şərhi
Dünya 10:46 06.04.2022

Putinin “zəhərli” dünyagörüşünün yaratdığı son və ən ciddi səhvi - Anders Aslundun şərhi

Anders Aslund
Amerikalı iqtisadçı, "Atlantic Council” araşdırma mərkəzinin baş elmi əməkdaşı

Putinin fevral işğalı - Ukrayna ilə bağlı "zəhərli” dünyagörüşünün yaratdığı ən son və ən ciddi səhvidir. Bəs o, buna niyə getdi?

Rusiyanın Ukraynadakı itkilərinin tarixi miqyası get-gedə aydınlaşdıqca, Putinin hansı səbəbdən belə işğala cəsarət etdiyi ilə bağlı müzakirələr qızışır. Ümumi versiyalardan biri budur ki, Moskva Ukraynadakı ab-havanı tamamilə səhv qiymətləndirib və ölkənin özünü müdafiə etmək qabiliyyətini ümumiyyətlə nəzərə almayıb. 

Belə baxanda, bu, çox inandırıcı izahdır. Uzun illərdir ki, Kremlin Ukraynaya xor baxdığı və hətta müasir Ukrayna reallıqlarını ibtidai səviyyədə belə dərk etmədiyi göz qabağındadır. İmperiya təkəbbürünün körüklədiyi bu cəhalət müasir dövrün ən böyük hərbi fəlakətlərindən birinə yol açdı.

 
Ukraynanın milli kökləri 1000 ildən artıq müddətə izlənilə bilər, lakin Vladimir Putin ümumiyyətlə Ukraynanın bir millət olduğunu etiraf etməkdən boyun qaçırır. Əvəzində o, Ukrayna tarixini, dilini, mədəniyyətini və dini adət-ənənələrini inkar edir, açıq şəkildə ukraynalıların əslində rus olduqlarına təkid edir. O, Ukraynanın mövcud olmaq hüququnu tanımadığından, onun ölkə haqqında bütün fikri ümidsiz şəkildə təhrif olunur.
 

Bu cür düşüncə heç bir halda Rusiyanın indiki lideri ilə məhdudlaşmır. Əksinə, Ukrayna dövlətçiliyinin və kimliyinin inkarı müasir Rusiya cəmiyyətində dərin kök salıb və imperialist instinktləri əks etdirir ki, bu da bir çox rusların Ukraynanı öz ölkələrinin milli narrativin bir hissəsindən kənar görməsinə mane olur.

Moskvada keçirdiyim onilliklər ərzində mən rusların hər dəfə Ukrayna mövzusu qaldırılanda mütləq səslənəcək "himayədar” cavablarına öyrəşmişəm. Ruslar adətən ukraynalılara yuxarıdan aşağı baxır və onları öz işini idarə edə bilməyən kiçik qardaş və bacı hesab edirlər. Bəzi ruslar Ukraynaya rəğbət bəsləsələr də, nisbətən az adam qonşusunu başqa suveren dövlətin hörmətinə layiq hesab edir.

2000-ci illərin əvvəllərində postsovet məkanında işləyərkən öyrəndim ki, Rusiyanın Kiyevdəki səfirliyində Ukrayna mediasının monitorinqi ilə məşğul olan şəxs yoxdur. Rusiya diplomatları üçün isə ukraynadaxili debatlar və milli məsələlər onları izləməyə dəyməyəcək qədər kiçik hadisələrdir. Bugünkü hərbi uğursuzluqlara səbəb olan da məhz belə "aşağılayıcı” düşüncə tərzidir.

Rusiyanın özündə də Ukrayna üzrə ekspert çatışmazlığı var. Son səkkiz il ərzində Kreml televiziyası bütünlüklə Ukraynaya köklənib, lakin ictimaiyyətə Ukrayna üzrə bir dənə də olsun nüfuzlu ekspert təqdim etməyib. Bu, ukraynalıların həqiqətən sadəcə rus olduqlarına və buna görə də heç bir xüsusi bilik olmadan başa düşülə və təhlil edilə biləcəyinə dair məşhur inamı əks etdirir.

Eynilə, rusların əksəriyyəti Ukrayna mədəniyyətinə hörmətsizliklərini gizlətmirlər. Yaradıcılığı dövründə rus dilinə keçən Nikolay Qoqol kimi Ukrayna ədəbiyyat adamları mədəni cəhətdən qabaqcıl hesab edilir, ukraynadilli müəlliflərə isə açıq istehza ilə yanaşılır. Eşitmişəm ki, ali təhsilli moskvalılar zəif yazıçıları aşağılayaraq, "pismennik” adlandırırdılar, bu da ukraynaca "yazıçı” deməkdir.

Ruslar Ukrayna tarixinə böyük nifrət hissi nümayiş etdirirlər, çünki bu, bir çoxları tərəfindən Rusiya "anlayışı” üçün birbaşa təhlükə kimi qəbul edilir. Təəccüblü deyil ki, müstəqil Ukrayna dövlətinin yaradılması cəhdlərinə görə kazak getmanı İvan Mazepa kimi Ukraynanın milli qəhrəmanları satqın və düşmən kimi qəbul edilir.


Anders Aslund

Putinin özü isə Ukrayna tarixinin ən görkəmli və "məhsuldar” "inkarçısı”dır. Rusiya ilk dəfə 2014-cü ilin yazında ölkənin cənubunda və şərqində Kremlpərəst üsyanlar təşkil etməklə Ukraynanı bölməyə cəhd edərkən, Putin hədəfdə olan bölgələri "Novorossiya” və ya "Yeni Rusiya” adlandırdı, çarizm dövrünün unudulmuş inzibati adlarını yenidən canlandırdı, bununla da Rusiyanın Ukraynanın böyük hissəsinə imperiya iddiasını vurğuladı.

2021-ci ilin yayında Putin daha da irəli gedərək "Rusların və ukraynalıların tarixi birliyi haqqında” başlıqlı 5000 sözdən ibarət esse dərc etdi. Putinin Ukraynaya olan şəxsi vəsvəsəsinə dair bu əlamətdar vəsiyyətdə o, ayrıca Ukrayna kimliyi ideyalarını rədd etdi və Ukraynanın yalnız Rusiyadan asılı olan bir hissə kimi mövcud ola biləcəyini iddia edərək, ölkənin tarixi legitimliyini açıq şəkildə şübhə altına aldı.

Putinin Ukraynanı Rusiyanın bölünməz bir hissəsi kimi göstərməkdə israr etməsi onu iki ölkə arasında çoxlu diqqətəlayiq mədəni fərqlərə göz yummağa vadar edib. Xüsusilə, o, Ukraynanın azadlıq istəklərini və ya ukraynalıların demokratik hüquqları uğrunda mübarizəyə hazır olmasını başa düşə bilmir. Nəticədə öz qərəzinin tələsinə düşdü və özünü inandırdı ki, 2004-cü ildə Ukraynada baş verən narıncı inqilab və 2014-cü ildə Avromaydan inqilabı xarici güclər tərəfindən təşkil edilmiş anti-Rusiya çevrilişləridir.

Putinin konspiroloji dünyagörüşünə görə, bütün əsas hadisələr "yuxarılar” tərəfindən təşkil olunur və heç bir kütləvi hərəkatın "qara” qüvvələrin müdaxiləsi olmadan baş verməsi mümkün deyil. Belə fikirlər ona iki postsovet inqilabı zamanı ukraynalıları səfərbər edən nəhəng könüllülük və vətəndaş fəallığının ruhunu anlamağa mane oldu. Belə görünür ki, bir ay əvvəl onun işğalçı qüvvələri, bu gün Rusiya kimi siyasi cəhətdən passiv cəmiyyətdə mümkün olmayan bir şeylə - ümummilli xalq müqaviməti dalğası ilə üzləşdikdə, o, həqiqətən təəccüblənib.

Putinin Ukraynaya hörmətsizliyinin bəlkə də ən diqqət çəkən cəhəti onun keçmiş səhvlərindən dərs çıxarmamasıdır. 2004-cü ildə onun Kiyevə səfəri zamanı ukraynalılara öz ölkələrində prezident seçkiləri ərəfəsində mühazirə oxuyarkən təkəbbür göstərməsi yalnız narıncı inqilabın alovlanmasına yardımçı oldu. 10 il sonra onun ukraynalıların və rusların "bir xalq” olmasında israr etməsi 2014-cü ildə Ukraynanın uğursuz bölünməsinə və bütün dünyanı yeni Soyuq müharibəyə qərq edən səkkiz illik hibrid müharibəsinə səbəb oldu.

Putinin fevral işğalı - Ukrayna ilə bağlı "zəhərli” dünyagörüşünün yaratdığı ən son və ən ciddi səhvidir. Deyəsən o, Ukrayna silahlı qüvvələrinin təslim olacağına ürəkdən inanır və eyni zamanda sadə ukraynalıların onun əsgərlərini tortlar və çiçəklərlə qarşılamasını gözləyirdi. Əvəzində onun cinayət əməlləri minlərlə insanın həyatına son qoydu və İkinci Dünya müharibəsindən sonra ən böyük Avropa münaqişəsinə səbəb oldu, Rusiyanı "alçaq”  dövlətə çevirdi. Uzun müddətdir ki, Putinin Ukraynaya nifrəti onun ən böyük geosiyasi zəifliyi olub. Bu isə onun ölkəsini fəlakətə sürükləyir.


Tərcümə: Nizami Bağırov
Qaynarinfo

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->