Xəbər lenti

Qabyuyan maşını icad edən qadın: Cozefina Qaris Kokreynin hekayəsi...
Dünya 19:35 11.03.2025

Qabyuyan maşını icad edən qadın: Cozefina Qaris Kokreynin hekayəsi...

Çikaqo 1893-cü ilin altı ayı boyunca olduqca hərəkətli idi. 27 milyondan çox insan sürətlə böyüyən metropolə axın edirdi. Bunun səbəbi isə əsrin hadisəsi sayılan Kolumb Dünya Sərgisi idi. Sərginin ən qabaqcıl məhsulları arasında pambıq çırçır maşını, fonoqraf və teleqraf kimi Amerika ixtiraları Maşın Salonunda nümayiş etdirilirdi. Lakin ən böyük marağı daha yeni və daha inqilabi bir icad doğurmuşdu: möhtəşəm bir zalda təkbaşına sərgilənən Cozefina Qaris Kokreynin qabyuyan maşını. Bu ixtiranın müəllifi isə bir qadın idi...

Qaynarinfo xəbər verir ki, bu maşına eyni anda 200-dən çox çirkli boşqab yerləşdirilə bilirdi. Boşqablar kasnak və dişlilərdən ibarət bir qutunun içərisinə ötürülür və cəmi iki dəqiqə sonra tam təmiz vəziyyətdə çıxırdı. Üstəlik, bu cihaz sadəcə bir prototip deyildi - sərgidəki bir çox restoran hər gün on minlərlə boşqabı yumaq üçün bu maşından istifadə edirdi.

Qabyuyan maşını "ən yaxşı mexaniki quruluş, davamlılıq və sənayeyə uyğunluq" mükafatına da layiq görüldü. Bu, kübar cəmiyyətdə gözəlliyi ilə tanınan, lakin özünü bir ixtiraçıya çevirən Cozefina Qaris Kokreyn üçün dönüş nöqtəsi idi. Onun icadı zamanla demək olar ki, hər bir mətbəxə daxil olacaq və məişətdə inqilab yaradacaqdı.

İxtiraçılıq qanında var idi

Soyadı Qaris olan bu xanım ixtiraçı 1839-cu ilin soyuq mart günlərində Ohayoda dünyaya gəlib. Onun mühəndislik və ixtiraçılıq qabiliyyətləri ailəsindən gəlirdi. Böyük babası ilk buxarlı gəmi patentlərindən birini almış, atası isə Ohayo və İndianada dəyirmanlar işlədən inşaat mühəndisi idi.

Mühəndis Lauren Buşun da müəlliflərindən olduğu "Women in the National Inventors Hall of Fame" kitabında qeyd edilir ki, Kokreyn nüfuzlu bir ailədən gəlirdi.

Daha Avropasayağı və zərif bir soyad

Anasını itirdikdən sonra Cozefina bacısının yanına, İllinoys ştatına köçdü. Burada o, macərapərəst və müxtəlif işlərdə çalışmış Uilyam Kokran ilə tanış oldu. 1858-ci ildə, cəmi 19 yaşında ikən, özündən doqquz yaş böyük olan Uilyamla ailə qurdu.

Rahat və imkanlı həyat sürməyə başlayan Cozefina soyadını "Kokran" kimi deyil, "Kokreyn" şəklində yazmağa başladı, çünki bunun daha Avropasayağı və zərif səsləndiyini düşünürdü. Maraqlıdır ki, onun əri bu yazılış formasını qəbul etməmişdi.

Cütlük İllinoys ştatının Şelbi şəhərində böyük bir malikanəyə köçdü. Burada tez-tez qonaq qəbulu təşkil edir və 17-ci əsrə aid miras qalmış incə çini qablarını nümayiş etdirirdilər. Lakin bu qablar mütəmadi olaraq yuyularkən qırılırdı.

Cozefina əvvəlcə qabları özü yumağa başladı, lakin o da onların qırılmasının qarşısını ala bilmədi. Beləliklə, o, bu prosesi avtomatlaşdırmağın yollarını düşünməyə başladı.

"Əgər başqa heç kim qabyuyan maşını icad etməyəcəksə, bunu özüm edəcəyəm", deyə o qərara gəldi.

Maliyyə problemləri və ilk addımlar

Kokreyn ailəsi üçün hər şey göründüyü qədər yaxşı deyildi. Uilyam spirtli içkilərə aludə idi, qəzəbli və aqressiv bir insan kimi tanınırdı. Cütlüyün bir övladı isə kiçik yaşda vəfat etmişdi. 1883-cü ildə Uilyam qəfil dünyasını dəyişdi və Cozefina ailənin ciddi maliyyə problemləri ilə üzləşdiyini öyrəndi. Ona cəmi 1500 dollar miras qalmış və çoxsaylı borclar yüklənmişdi.

Bütün çarələri tükəndiyindən o, qabyuyan maşını ideyasını gerçəkləşdirməyə qərar verdi. O, öz cizgilərinə əsasən bir prototip düzəldə biləcək birini tapmalı idi. Sonda təmirçi Corc Batters ilə işləməyə başladı. İkili birlikdə Cozefinanın bağ evində maşının prototipini hazırlamağa başladı.



İnqilabi bir icad və ilk satışlar

1886-cı ilin dekabr ayında Kokreynə qabyuyan maşını üçün 355.139 saylı ABŞ patenti verildi. Bu, öz növündə ilk maşın deyildi, lakin Cozefinanın dizaynı fırçalar əvəzinə suyun təzyiqindən istifadə edirdi. Bu konsepsiya müasir bulaşık maşınlarının əsasını təşkil edir.

O, bu icadın qadınların üzərinə düşən ev işlərini yüngülləşdirəcəyinə inanırdı. Lakin maşın fərdi istifadəyə görə kifayət qədər bahalı idi. Bu səbəbdən o, mehmanxana və restoranlarla işləməyə qərar verdi. İlk satışını 1887-ci ildə Çikaqodakı "Palmer House" otelinə etdi.

İllər keçdikcə Kokreynin işi böyüdü. 1893-cü ildə Çikaqo Dünya Sərgisində onun icadı böyük maraq gördü. Restoranlar, otellər və hətta xəstəxanalar qabyuyan maşınını sifariş etməyə başladılar.

1898-ci ildə o, öz fabrikini qurdu və Corc Battersı baş mühəndis vəzifəsinə gətirdi. Şirkət böyüdü və "Crescent Washing Machine Company" adını aldı.

Mirası və müasir qabyuyan maşınları

Cozefina Kokreyn 3 avqust 1913-cü ildə, 74 yaşında Çikaqodakı evində vəfat etdi. 1926-cı ildə onun şirkəti "Hobart Manufacturing Company" tərəfindən satın alındı və bu marka "KitchenAid" adı altında bulaşık maşınları istehsal etməyə başladı.

1986-cı ildə isə "Whirlpool Corporation" "KitchenAid" brendini aldı və Cozefinanın mirası müasir texnologiyalarla birləşdi.

Ölümündən qısa müddət əvvəl verdiyi bir müsahibədə Cozefina Kokreyn belə demişdi:

"Əgər indiki biliyim o vaxt olsaydı, bu işə başlamağa cəsarət etməzdim. Amma o zaman bu qədər möhtəşəm bir təcrübəni də qaçırmış olardım".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->