Qadağan olunmuş antiradar və səs siqnalları kimə lazımdır? (ŞƏRH)

Qadağan olunmuş antiradar və səs siqnalları kimə lazımdır? (ŞƏRH)

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi bu dəfə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin maşınlarda quraşdırılmasını qadağan etdiyi və buna görə cərimə tətbiq edilən əmlakları hərraca çıxarıb. Qurumun belə bir hərrac keçirməsi təəccübə səbəb olub.
 
Xatırladaq ki, avtomobilə sürəti ölçməyə mane olan qurğu qoyulmasına görə sürücü məsuliyyət daşıyır və onu 500 manatdan 800 manata qədər cərimə gözləyir. Bununla yanaşı, müxtəlif zamanlarda qadağan olunan xüsusi çoxavazlı səs siqnalları da hərraca çıxarılıb. Belə olduğu təqdirdə antiradar sistemi və qadağan olunan səs siqnal sistemi kimlərə lazımdır?
 
Məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüsoynovla əlaqə saxladıq. "Qaynarinfo"ya açıqlama verən ekspert mülki dövriyyədən yığışdırılmalı olan əşyaların məhv edilməli olduğunu və hərraca çıxarılacaq bu sistemlərin heç kimə lazım olmadığını bildirdi:
"Qanuvericiliyə əsasən vətəndaşların qanunsuz istifadəsindən götürülmüş və məhkəmə qərarı ilə müsadirə olunmuş əşyaların taleyi bir neçə variantda həll oluna bilər. Əgər həmin əşyalar ümumiyyətlə mülki dövriyyədən yığışdırılmalı olan əşyalardısa, məhv edilməlidir. Məsələn, narkotik vasitələr, vaxtı keçmiş dərman və ya ərzaq məhsulları və s. Amma hansı əşyalar ki, istifadəyə yararlıdır, o zaman təyinatı üzrə, təbii ki, qanuni əsaslarla kimlərsə tərəfindən istifadə oluna bilərsə, dövlət müsadirə edərək öz mülkiyyətinə keçirdiyi həmin əşyaları satışa çıxarmalıdır. Satış da hərrac yolu ilə aparılır. Mənə bir şey maraqlıdır ki, antiradar sistemi Azərbaycanda kimə lazımdır? Mən bilən Azərbaycanda antiradardan istifadə edən təşkilat və ya qurum da yoxdur. İnanmıram ki, bu, kiməsə lazım ola. Xüsusi siqnallar isə onu quraşdırma səlahiyyəti olan dövlət orqanları tərəfindən alına bilər. Məsələn, yanğınsöndürmə, təcili yardım, polis və s. Amma onlar da hər ələ keçirilən siqnalı istifadə etmirlər. Bunun üçün cihazın xüsusi texniki göstəriciləri normalara uyğun olmalı, səsinin tonu, gücü, cərəyan şiddəti və s. nəzərə alınmalıdır. Əgər bu göstəricilər lazımi səviyyədə deyilsə, onlar da heç kimə lazım olmayacaq".
Qeyd edək ki, uzun müddətdir mətbuatda nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətlərdə iştirak etməyə görə qanunvericilikdə nzərədə tutulan inzibati cəza maddəsi ilə bağlı məsələlər də həll olunmaq üzrədir. "Report"un yaydığı məlumata görə, sözügedən 342.1.2 saylı maddənin İnzibati Xətalar məcəlləsindən çıxarılması təklif olunub.
 
Bu məsələyə də münasibət bildirən ekspert maddənin qanunvericilikdən çıxarılmasını məqsədəuyğun hesab edib və təcrübədə tətbiq olunmasının mümkün olmadığını diqqətə çatdırıb.
"Düşünürəm ki, bu maddə Milli Məclisin növbəti iclaslarında müzakirə olunacaq və qanunvericilikdən çıxarılacaq. Əslində sürücünün diqqətli olması qanunvericilikdə tövsiyyə şəklində qeyd olunub. Yəni, hər bir sürücü bilməlidir ki, sükan arxasında diqqətli olmasa, qəza baş verə bilər. Lakin bunun inzibati cəza kimi qeyd olunmasına gərək yoxdur. Çünki təcrübədə tətbiq olunması heç cür mümkün olmayan normadır".

Çingiz Səfərli
Qaynarinfo.Az
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR