"Əcəldən macal olsaydı”, ömür vəfa etsəydi Sultanovlar ailəsi bu il - iyulun 31-də onun anadan olmasının 92 illiyinə toplaşacaqdı. Məsləkli, əqidəli, nəzəri və praktik hüququn mütəxəssislərindən biri, nümunəvi ailə başçısı, ata, baba olan Ələddin Sultanov ömür nərdivanının 92-ci pilləsində ayaq saxlayacaq, dönüb ötənlərə boylanacaqdı.
Mən təsadüflərə inanıram. Çünki yaşadığım illər ərzində təsadüflərin ilahi zərurətdən doğduğunun dəfələrlə şahidi olmuşam. Bu epizod kimi:
Bir neçə gün əvvəl mobil telefonuma zəng gəldi, nömrəyə baxan kimi tanıdım. Mənim üçün son dərəcə əziz olan o unudulmaz insanın böyük oğlu Rəhim Sultanov idi. Sanki damarlarımda qanım dondu, bir anlıq ötən günlərimiz kino lenti kimi xəyalımdan gəlib keçdi. Səsində heç vaxt duymadığım dərin bir hüzn vardı:
– İş yerindəyəm, Sizinlə görüşmək istəyirəm, - dedi.
Xəyalımsa məni 2002-ci ilə aparmışdı. Onda da onun gözləmədiyim zəngi gəlmişdi. Nəzakətlə özünü təqdim etmişdi:
– Mənəm, Rəhim Sultanov. Ələddin müəllimin oğlu. Sizinlə görüşmək istəyirəm.
Görüşdük. Olub keçənləri yada saldıq. Nə isə, gəldik mətləb üstünə.
– Sizin əziziniz, atam Ələddin Sultanovun 75 illik yubileyinə hazırlaşırıq. İstəyirik ki, haqqında adına layiq bir kitab nəşr etdirək. Bizə, nəvələrinə, nəticələrinə, qohum-əqrəbaya, dost-tanışa bir yadigar qalsın.
Mən heç fikirləşmədən, götür-qoy etmədən:
– Böyük məmnuniyyətlə yazaram, - dedim. Ələddin müəllim sözün əsl mənasında şəxsiyyətdir, sayılıb-seçilən, öz sözü, öz iradəsi, öz həyat fəlsəfəsi olan el aqsaqqalıdır.
Söhbətimizdən bir neçə gün sonra onunla Konstitusiya Məhkəməsinin üçüncü mərtəbəsində olan iş otağında görüşdük. Gözləri gülürdü...
– Mən belə şeyləri xoşlamıram. Ancaq Rəhimin istəyinin əleyhinə getmək istəmirəm, - dedi.
Beləcə, mənim Ələddin müəllimli günlərim başladı.
75 illik yubileyi günündə "Qanuna söykənən ömür” kitabı oxucu auditoriyasına təqdim olundu.
Bu bir həqiqətdir ki, fenomenal bilik, bacarıq və istedad sahibləri çox vaxt qeyri-adi təvazökarlıqla seçilir, gördükləri işlər haqqında bəhs etməyi xoşlamır, əməllərini özlərinin xalqa borcu kimi həyata keçirirlər. Odur ki, onlar haqqında istər sağlığında, istərsə də dünyasını dəyişdikdən sonra kiminsə təmənnasız addımına, fəaliyyətinə şahid olmaq qürurvericidir.
Bax, buna görə on səkkiz ildən sonra edilən ikinci zəng qəlbimi belə riqqətə gətirmişdi.
Onunla Zivərbəy Əhmədbəyov küçəsində yerləşən ofisində görüşdük. Özünəməxsus mövgeyi, baxışı olan, maraqlı həmsöhbətdir Rəhim Sultanov. Ən başlıcası isə atasının qürur, əyilməzlik, zəhmət, gərəklilik genlərini daşıyan övlad. O, həm də mənsub olduğu nəslin, rəhbərlik etdiyi böyük bir kollektivin yükçəkənidir. Ancaq həmişə kölgədə qalmağa üstünlük verib.
Onu tanıdığım uzun illər heç vaxt belə görməmişdim.
– Mən ağlım kəsəndən görmüşəm ki, atamızın anadan olduğu gün hər il yüksək səviyyədə qeyd edilib. Biz övladları hər dəfə bu əziz günündə nə iləsə onu sevindirmişik. Dünyasını dəyişəndən sonra muntəzəm olaraq arxivi ilə tanış oluram. İndiyədək biz övladları onun saxladığı sənədlərə baxa bilməzdik. Xidməti qulluğu sahəsində qapalı idi mənim atam. Heç vaxt iş fəaliyyəti ilə əlaqədar söhbətləri evdə etməzdi. Şəxsi arxivi ilə tanış olanda isə nələrin şahidi oldum!
Onun anadan olduğu gün elə bir dövrə təsadüf edir ki, iyul döyüşmələrindən bir neçə gün keçir. Ermənilər növbəti dəfə silahlı təxribata əl atdılar, bizim mövqelərimizə atəş açdılar, hücum etdilər, yaşayış məntəqələrimizi atəşə tutdular. Bu təxribat nəticəsində hərbiçilərimiz şəhid oldu, yaralandı. Onların arasında 76 yaşlı mülkü şəxs də vardı. Biz igid bir generalımızı itirdik. Arxivi ilə tanış olanda görürəm ki, mənim atam da Sovet dövründə, hələ 80-ci illərdə erməni siyasi terrorunun qurbanı olub. Erməni fitvası ilə, özünün ifadəsi olan "sapı özümüzdən olanlar”ın məkri ilə necə mübarizə aparıb. Atamızın həyatında müstəsna rol oynayan gözəl insanları daha yaxından tanıdım. İstərdim ki, anadan olduğu gün ərəfəsində kütləvi informasiya vasitələrinin birində bu məsələlərə daha geniş şəkildə aydınlıq gətirəsiniz.
Uzun müddət aramızda sükut oldu. Kövrəlmişdi. Gözləri qarşısında atalı günləri canlanır sanki... Məni isə qəribə hisslər bürüyüb. Birinci zəng ilə ikinci zəngin arasındakı əlaqəyə və təzada bax... İlahi!
İnadlı təkidlərimdəm sonra Rəhim müəllim materialın onunla dialoq üzərində qurulmasına razılıq verdi:
– Rəhim müəllim, əvvəlcə atanızın doğulub böyüdüyü mühitdən, keçdiyi şərəfli ömür yolundan başlayaq.
– Atam 1928-ci il iyul ayının 31-də Gəncə şəhərində dünyaya göz açıb.
1947-ci ildə orta məktəbi bitirib, həmin ildə də Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1952-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vurub, Bərdə rayon Prokurorluğuna müstəntiq vəzifəsinə təyin edilib.
1956-cı ildən 1967-ci ilin may ayına qədər Bakı şəhərinin Voroşilov, 26 Bakı Komissarı, Oktyabr rayon Prokurorluqlarında müstəntiq və prokuror müavini vəzifələrində çalışıb.
1967-ci ilin may ayından 1979-cu ilin oktyabr ayına kimi Mingəçevir şəhər, Lənkəran rayon və Bakı şəhər Lenin rayonunun prokuroru vəzifələrində çalışıb.
21 iyul 1980-ci ildə isə Naxçıvan MSSR-nın prokuroru göndərilir.
SSRi Ali Soveti Rəyasət Heyətinin 7 sentyabr 1981-ci il tarixli fərmanı ilə ona 3-cü Dərəcəli Dövlət Ədliyyə Müşaviri (Ədliyyə general-mayoru) rütbəsi verilir. 3 gündən sonra isə Respublika Prokurorunun birinci müavini təyin edilir.
SSRi Ali Soveti Rəyasət Heyətinin 26 may 1982-ci il tarixli fərmanı ilə Ələddin Sultanov "Xalqlar Dostluğu” ordeni ilə təltif olunur.
Mərkəzi Hakimiyyətin məkri, erməni fitvası ilə 20 yanvar 1987-ci ildə tutduğu vəzifədən azad edilir.
1987-1998-ci illərdə Respublika Ədliyyə Nazirliyinin Hüquqşünas Kadrların Təkmilləşdirilməsi İnstitutunda, Respublika Prokurorluğunda, Bakı şəhər İcra Hakimiyyətində müxtəlif rəhbər vəzifələrində işləyir.
1998-ci il iyul ayının 14-də Milli Məclisdə Azərbaycan Prezidenti Heydər Əliyevin təqdimatı ilə Respublika Konstitusiya Məhkəməsinin hakimi təsdiq edilir.
12 iyul 2003-cü ildə "Tərəqqi” medalına, 31 iyul 2008-ci ildə "Şöhrət” ordeninə layiq görülüb.
– Ələddin müəllimin hüquq mühafizə orqanlarındaki 58 illik əmək fəaliyyətinin böyük bir hissəsi ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərə təsadüf edir.
– O dahi insan atamın həyatında, əmək fəaliyyətində elə dərin, silinməz izlər buraxıb ki, onları necə unuda bilərəm.
Heydər Əliyev onu şəxsən tanıyır, böyük etimad göstərirdi. Bu illər ərzində dəfələrlə görüşləri olmuşdur. Məhz onun təqdimatı ilə atam 54 yaşında Ədliyyə generalı rütbəsinə layiq görülmüş, Respublika Prokurorunun birinci müavini kimi yüksək vəzifəyə təyin edilmişdi. Atama qədər həmin vəzifəyə ancaq rus və digər millətlərdən olan şəxslər təyin edilirdilər. Təbii ki, bu, Heydər Əliyevin milli kadrların hazırlanmasındaki uzaqgörən siyasətinin nəticəsi idi.
– Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Ələddin müəllimi unutmadı.
– Elədir. Heydər Əliyev özününkü hesab etdiyi kadrların zəhmətini itirmirdi.
1998-ci il iyul ayının 13-də Konstitusiya Məhkəməsində çalışacaq 7 hakimi Prezident Heydər Əliyev qəbul edəcəkdi. Onlardan biri də atam idi.
İyulun 14-ü isə Milli Məclisin iclasında Konstitusiya Məhkəməsi hakimlərinin təsdiq edilməsi məsələsi müzakirə olunur. Təqdimatı verilən şəxslər növbə ilə Milli Məclisin tribunasına qalxır, həyat və fəaliyyətləri barədə qısa məlumat verir, millət vəkillərinin suallarını cavablandırırdılar.
Yekunda atam tribunaya yaxınlaşır. Millət vəkilləri onu alqışlarla qarşılayırlar.
Biz Sultanovu yaxşı tanıyırıq, tanışlığa, sual-cavaba ehtiyac yoxdur - deyirlər.
– Atanızın Heydər Əliyevlə bağlı xatirələri yadınızdadırmı?
– Hansı birini deyim? Saysız-hesabsız. Bütün qəlbi ilə ona bağlı idi. Danışırdı ki, ilk dəfə onu Mingəçevirdə prokuror işləyən zaman görüb. Onda Heydər Əliyev Respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri idi. 1967-ci ildə ermənilər Xankəndidə üç soydaşımızı vəhşicəsinə qətlə yetirmişdilər - üstlərinə benzin töküb yandırmışdılar. Hələ bununla da kifayətlənməyib onların meyitləri ətrafında dövrə vurub yallı getmişdilər. Məhz onun qətiyyəti sayəsində bu ağır cinayətin üstü vaxtında açıldı. Məlum oldu ki, həmin azərbaycanlılarla ölən erməninin heç tanışlıqları belə olmayıb. Ermənini isə öz millətinin nümayəndəsi qətlə yetirmişdi. Cinayəti törədənlər isə həbs edilərək ağır cəzalandırıldılar.
– Ələddin müəllim tərəfindən təkrar-təkrar ifadə olunan: "Biz düşmənlərimizi dəfələrlə bağışlamağımızın, pislikləri tamamilə unutmamızın acı nəticələrini yaşayırıq” - sözlərinin şahidi olmuşam.
– Elədir. Çağdaş dünyamızda mənfur qonşularımız bizə qarşı torpaq iddiasına Qazax rayonunun Kəmərli kəndindən başladılar. 1969-cu il may ayının 7-də (diqqət edin, Heydər Əliyev hələ iyulun 14-də Mərkəzi Komitənin birinci katibi seçiləcək) Azərbaycan SSR Ali Soveti Kəmərli kəndinin 2000 hektar torpaq sahəsinin Ermənistana verilməsi haqqında qərar qəbul edir. Heydər Əliyev respublikaya birinci dəfə rəhbərlik etdiyi dövrdə, 13 il ərzində ermənilər bu məsələni dəfələrlə qaldırsalarda kəskin cavab alırlar. Heydər Əliyevin cavabı qısa və konkret olmuşdu. Demişdi: "Gedin, o torpaqlar Azərbaycanındır. Heç kimə də verilməyəcək”. Yalnız Heydər Əliyevdən sonra xain qonşularımız Moskvadakı havadarlarının köməkliyi ilə 1984-cü ilin sonlarında həmin torpaqları almağa müvəffəq oldular.
Heydər Əliyevin 1987-ci ildə vəzifədən getməsi erməniləri daha da ruhlandırdı. Onun istefasından 2 həftə sonra Dağlıq Qarabağ məsələsini qaldırdılar. Atam həmişə deyərdi ki, əgər Heydər Əliyev vəzifədə olsa idi, heç kim cəsarət edib torpaqlarımızı işğal edə bilməzdi.
– Məkrli düşmən həmişə havadarlarının köməyi, bəzən də onların əli ilə xalqımızın öndə gedən ziyalılarını fiziki cəhətdən məhv etməyə, ləkələməyə, sıradan çıxarmağa çalışıb.
– Doğrudur, buna minlərlə konkret misallar göstərmək olar. Erməni siyasi terrorunun qurbanlarından biri də elə Ələddin müəllimin özü olub. Hiyləgər, məkrli düşmən həmişə çalışıb ki, Azərbaycan xalqının öndə gedən, parlaq perspektivi gözlənilən övladlarını bu və ya digər şəkildə sıradan çıxarsın.
Atam ədliyyə generalı rütbəsi alanda, prokurorluq sistemində yüksək vəzifəyə təyin olunanda 54 yaşı vardı. Keçmiş İttifaq və Respublika səviyyəsində yaxşı tanınır, hörmət qoyulur və yeni, daha yüksək təyinatlar gözlənilirdi. Onun fəaliyyətinin xronologiyasına nəzər yetirəndə bu, aydın görünür. Bunu o vaxt "gizli düşmən” də çox yaxşı görürdü.
– Rəhim müəllim, SSRİ Prokurorluğu Kollegiyasının 1987-ci il 20 yanvar tarixli qərarı ilə Ələddin Sultanov tutduğu vəzifədən azad edilib, baxmayaraq ki, rütbəsi ədliyyə generalıdır, çox aşağı bir vəzifə - Bakı şəhər Prokurorluğunun istintaq şöbəsinə prokuror təyin edilir. Bu necə baş verdi?
– Çox müəmmalı məsələdir. Tarixçəsi isə uzundur. Ümumiyyətlə, 80-ci illər öz mürəkkəbliyi, tarixi hadisələrin zənginliyi ilə digər onilliklərdən köklü surətdə fərqlənir.
Moskvanın - mərkəzi hakimiyyətinin məkri, ermənilərin hiyləsi və fitvası o illərdə respublikamız, xalqımız üçün son dərəcə təhlükəli və qorxulu vəziyyət yaratmışdı. Həmin qüvvələr Azərbaycanı da Özbəkistanın gününə salmaq istəyirdilər.
SSRİ Prokurorluğunun Qdlyan və İvanov tərəfindən rəhbərlik edilən istintaq briqadasının bu respublikada törətdiyi özbaşınalıqlar ağlasıqmaz idi. Yüzlərlə günahsız adam işgəncəli istintaqa cəlb edildi, ölüm cəzasına, uzunmüddətli həbs cəzasına məhkum edildi, axtarışlar bəhanəsilə evlər talan olundu.
SSRİ Baş Prokurorunun müavini, istintaq idarəsinin rəisi Naydeonov, istintaq hissəsinin rəisi milliyətçə erməni olan Karagözov çalışırdılar ki həmin briqadanı Azərbaycana da göndərsinlər.
Bəhanələri isə bu olurdu ki, sizdə istintaqın gedişi ləngiyir. Atam isə onların niyyətini yaxşı bilirdi. Bilirdi ki, mənfur Qorbaçov və onun satqın komandası Ümummilli Liderimizin fəaliyyətinə kölgə salmaq üçün saxta bəhanələr axtarır. Yuxarıda sadaladığım respublikanın faciəli taleyi isə ona yaxşı məlum idi.
Atam qətiyyətlə onlara cavab verirdi ki, respublikamızda kifayət qədər savadlı, bacarıqlı istintaqçı kadrlarımız var və işimizin öhtəsindən vaxtında gələ biləcəyik. Qorbaçov siyasi simasını itirərək ermənilərinin əsirinə çevrilmişdi. SSRİ Prokurorluğunun aparıcı idarələrinə sanki qəsdən seçib elə adamları rəhbər qoyurdular ki, ya Azərbaycandan kobud səhvlərinə görə qovulmuş, ya da narazı adamlar olsunlar.
O dövrdə SSRİ Baş Prokurorluğunda Məhkəmə Qərarlarının Qanuniliyinə Nəzarət İdarəsinin rəisi Şadrin təyin edilmişdi. Qeyd edim ki, o, nöqsanlı fəaliyyətinə görə Azərbaycan KP Mərkəzi Komitəsi Bürosunun qərarı ilə vəzifəsindən kənarlaşdırılmış, respublikadan qovulmuşdu. O, həmişə bu vəzifədə onun yerində oturmasına görə atamı qısqanır, ona paxıllıq edirdi.
– Şadrin və Stepanyans kimilərinin əlinə qisas almaq üçün fürsət verən Danakyan - Baqdasaryana aid cinayət işinin mahiyyəti nədən ibarət idi?
– 1983-cü ildə Ali Məhkəmənin hökmü ilə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsədiklərinə görə Qutqaşen (indiki Qəbələ) rayon Aqrar Sənaye Birliyinin baş direktoru Danakyan və baş mühasibi Baqdasaryan ölüm cəzasına məhkum edilmiş, təqsirləndirilən 18 nəfərə isə uzunmüddətli həbs cəzası verilmişdi. Ali Məhkəmənin məlum hökmündən sonra Danakyan və Baqdasaryan ölüm hökmünün ləğv edilməsi xahişi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə müraciət edirlər.
O vaxt Azərbaycan SSR Ali Soveti yanında xüsusi bir komissiya yaradılmışdı. Bu komissiyada ölüm cəzasına məhkum edilmiş müttəhimin bağışlanıb-bağışlanmamasının mümkünlüyü ilə əlaqədar aidiyyatı təşkilatlardan - Respublika Prokurorluğundan və Respublika Ali Məhkəməsindən rəy - arayışlar toplanır, sonra ümumi bir fikrə gəlinirdi.
Komissiya həmin 2 müttəhimin - Danakyan və Baqdasaryanın əfv xahişi ilə əlaqədar Respublika Prokurorluğundan arayış istəyir. Respublika Prokurorluğunun aiddiyati şöbəsi - məhkəmə qərarlarının icrasına nəzarət şöbəsi həmin arayışı hazırlayır. O vaxt Respublika Prokurorunu əvəz etdiyinə görə arayışı atam imzalayır. Komissiyaya belə bir rəy-arayış verilir ki, Azərbaycan SSR Ali Məhkəməsinin çıxardığı hökmə razıyıq və onlar öz layiqli cəzalarını almalıdırlar.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti yekun qərar qəbul etdikdən sonra son qərarı SSRİ Ali Soveti Rəyasət Heyəti qəbul etməli idi.
Bununla əlaqədar həmin işi SSRİ Baş Prokurorluğu tələb etmişdi.
Bir məsələni xüsusilə qeyd etmək istəyirəm. İstintaqın və məhkəmə prosesinin getdiyi ərəfədə Danakyan və Baqdasaryanın adamları əllərində çamadan dolu pullar Bakının küçələrində gəzərək vəziyyətdən çıxış yolu axtarırdılar. Lakin Azərbaycanda buna müəssər olmadıqda üz tutdular Moskvaya.
Stepanyants onların qohumları ilə cinayət əlaqəsinə girir, rüşvət alır və bunun müqabilində hökmün ləğvi üçün protest hazırlayır. Həmin protesti rəisi Şadrin ilə razılaşdırır və Naydyonova qol çəkdirir.
Qeyd etmək istəyirəm ki, bu işdə hər kəs öz qara niyyətini həyata keçirmək istəyirdi. Stepanyants öz ermənilərindən rüşvət alıb onlara kömək edirdi. Eyni zamanda vaxtilə Bakı şəhər Şaumyan (indiki Xətai) rayon Prokurorluğunda işlədiyi zaman nöqsanlarına görə işdən qovulmuşdu və bunun qisasını alırdı. Şadrin də Azərbaycandan narazı getmişdi. Naydyonov isə həmin bədnam istintaq briqadasının Azərbaycana göndərilməsinə mane olduğuna görə atamdan narazı idi.
Nəticədə Danakyan və Baqdasaryan haqqında olan külli miqdarda dövlət əmlakının məninmsənlənməsi haqqında olan cinayət işinə xitam verilir. Həmin işdə adı keçən başqalarının cinayət işi vəzifə məsuliyyətsizliyi maddəsi ilə məhkəməyə göndərilir.
Atam 1986-cı ilin dekabr ayında - işdə olmadığı müddətdə həmin Stepanyants fürsətdən istifadə edib Moskvadan Bakıya gəlir, bizdə olan materialları nəzərdən keçirib onunla görüşmədən, söhbət etmədən haqqında SSRİ Baş Prokurorunun adına arayış yazır.
(Həmin arayışın surətini Rəhim müəllim özü ilə gətirib, alıb tanış oluram. İnana bilmirəm ki, SSRİ kimi nəhəng bir dövlətin Baş Prokurorluğunun Kollegiyasına belə bəsit hazırlanmış arayışla məsələ müzakirəyə çıxarırlar).
1987-ci il yanvar ayının 20-də atamı SSRİ Prokurorluğunun Kollegiyasına çağırırlar.
Atam Kollegiya üzvlərinə bildirir ki, hazırda Respublika Ali Məhkəməsində Oqtay Maksudovun sədrliyi ilə Danakyan - Baqdasaryanın və başqalarının işləri keçən cinayət işinə baxılır. Və biz bilmirik ki, məhkəmə hansı nəticəyə gələcək.
Lakin hər şey əvvəlcədən planlaşdırıldığına görə onun vəzifədən azad olunması haqqında qərar qəbul edirlər.
Kollegiyadan dərhal sonra SSRİ Baş Prokuroru Rekunkovun onu qəbul etməsini xahiş edir. Baş Prokuror onu qəbul edir, deyir ki, heç vaxt Kollegiyada işdən azad olunan şəxsi qəbul etmir. Bu, istinadır, təqsirinin olmadığını yaxşı bilirəm. Sizi yaxşı bir işçi kimi bu vəzifəyə mən təyin etmişəm. Amma neyləmək olar, tapşırıq belədir.
Atamın Kollegiyada dediyi sözlər düz çıxdı. Oqtay Maksudovun sədrliyi ilə keçən məhkəmə iclasında Danakyan və Baqdasaryanın dövlət əmlakını xüsusilə külli miqdarda mənimsədikləri faktı təstiq edildi və xüsusi qərardad çıxarıldı.
Acınacaqlı haldır ki, Mərkəzi Komitənin nomenklaturası olan yüksək vəzifəli şəxs işdən çıxarılır, bu haqda isə birinci katib Kamran Bağırovun xəbəri yoxdur. Ancaq Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə isə belə hallar mümkün deyildi.
Qədirbilən xalqımız bu həqiqətləri o vaxt da bilirdi, indi də bilir. Zaman isə onun qiymətini vaxtında verdi. Atam vəzifəsindən azad olunduqdan sonra işləri təhvil verən gün rəhmətlik İsmət Qaibov onun kabinetinə gələrək: "Heyif ki, səni qoruya bilmədik, əlimizdən bir iş gəlmədi” - demişdi.
– Üzügülər, şən, incə yumoru xoşlayan, saf əqidəli, ədalətli insan idi Ələddin müəllim. Ona görə də tale onun qarşısına həmişə qədirbilənləri çıxarıb!
– Tamamilə doğrudur. İllər uzunu yazdığı qeydləri oxuyuram. 1943-cü ildə odun-alovun içində olan böyük qardaşı Qurban əmim cəbhədən evə göndərdiyi məktubunda yazır: "Ələddinə deyin ki, əgər o məktəbi atsa, mənim onun adlı qardaşım yoxdur”. Atam isə qeydlərində yazır ki, o məktub olmasaydı bugünki Ələddin də olmayacaqdı.
Ulu öndərimiz Heydər Əliyevin etimadı onu yüksək zirvələrə ucaltdı.
1987-ci ildə Prokurorluq orqanlarından istefa verir, Azərbaycan KP Mərkəzi Komitəsinə iş xahişi ilə müraciət edir. İnzibati orqanlar şöbəsinin müdiri Məhəmməd Əsədov onu mehribanlıqla qəbul edir. Məhz onun tapşırığı ilə Ədliyyə Nazirliyi Hüquqşünas Kadrlarının Təkmilləşdirilməsi İnstitutunda prorektor vəzifəsində işə başlayır.
1990-cı ilin sentyabr ayında İsmət Qaibov Respublika Prokuroru təyin olundu. Sentyabr ayının 17-də zəng edir ki, Ələddin müəllim sizinlə görüşmək istəyirəm. Gedir, görüşürlər. Deyir ki, bir də Prokurorluq sisteminə qayıdarsınızmı? Böyük həyat və iş təcrübəniz var, Sizin kimi kadra ehtiyacımız var. Atam isə cavab verir ki, gələrəm, amma təkcə Baş Prokurora tabe olacağam.
Gülə-gülə cavab verir:
– Ələddin müəllim, hesab edin ki, Siz Respublika Prokurorunun müavini gəlirsiniz. Siz mənim tapşırığımdan başqa heç kimə tabe olmayacaqsınız.
Bu minvalla bir ildən artıq bir yerdə işləyirlər. 1991-ci il noyabr ayının 19-da məlum vertalyot hadisəsində hər iki qədirbilən generalımız həlak olurlar. Yenə erməni fitvası, erməni terroru.
Mən Krasnodar ölkə Prokurorluğunda işlədiyim zaman, 1989-cu ilin iyun ayında SSRİ Prokurorluğuna təcrübə keçməyə göndərilmişdim. Təcrübəni Məhkəmələrdə Cinayət İşlərinə Baxılmasına Nəzarət İdarəsində keçirdim. Bir gün Stepanyans mənə yaxınlaşıb tanış oldu və soruşdu ki, hansı Sultanovlardansan? Cavab verdim ki, Ələddin Sultanovun oğluyam. Onda duruxdu, sifətində qəribə bir ifadə yarandı. Tez sağollaşıb ayrıldı. Ancaq o vaxt mən bilmirdim ki, atamın nahaqdan işdən çıxarılmasına bais olan, erməni siyasi terrorunun əsas iştirakçılarından biri budur.
– İyulun 31-i Ələddin Sultanovun ad günüdür. Bu münasibətlə onun əziz xatirəsi, ölməz adı yada düşüb, xatırlanır. Onu tanıyanlar Ələddin Sultanovu qəlblərində yaşadacaqlar.
Allah rəhmət eləsin! Qəbri nurla dolsun!
Telman Zülfüqaroğlu,
yazıçı-publisist,
"El Gücü” Beynəlxalq Humanitar Assosasiyasının sədri.
Şərhlər