Xəbər lenti

Qanunsuz işçiləri ən çox kim işlədir?
Ölkə 18:32 15.10.2017

Qanunsuz işçiləri ən çox kim işlədir?

Bu ilin sentyabr ayından etibarən Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı" tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsinə başlanılıb. Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, bu günə kimi Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 9 səyyar monitorinq həyata keçirilib.

Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 9-u sifarişçi, 7-si podratçı, 14-ü subpodratçı olmaqla cəmi 30 hüquqi və fiziki şəxsi əhatə edən qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı səyyar monitorinq aparılıb. Yoxlamaların həyata keçirildiyi dövr ərzində yoxlanılmış 232 işçidən 170-in müqavilə ilə, 62-nin isə müqaviləsiz işlədiyi aşkar olunub.Ümumilikdə dövr ərzində yoxlanılan işçilərin 27 faizində əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə halları aşkar edilib.

Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş prokurorluğa yönləndirilib. Səyyar monitorinq zamanı çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan hüquqi və fiziki şəxslərə maarifləndirmə ilə bağlı broşurlar, həmçinin Əmək Məcəlləsi ilə bağlı bələdçi sənəd, əmək müqaviləsi və ya xidməti (mülki) müqavilələrin üstünlükləri, tətbiq oluna biləcək cərimələr, Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı bələdçi sənəd, o cümlədən sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı normativ sənədlər və digər məlumatlar CD disklərdə təqdim olunur. Dövlət Agentliyi tərəfindən tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrinin yaradılması və işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin formalaşdırılması üçün "Analitik Monitorinq Sistemi" yaradılıb. Hazırda "Analitik Monitorinq Sistemi"nin proqram təminatı işlənib hazırlanıb, dövlət qurumlarının - Fövqəladə Hallar Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Vergilər Nazirliyinin informasiya sistemləri ilə inteqrasiya işləri tamamlanıb. Dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı məlumatlar təhlil edilir və şübhə yarandığı halda Mərkəzin Səyyar monitorinq qrupu tikinti obyektlərində səyyar monitorinq həyata keçirir.Monitorinqlər davam etdirilir və nəticələri mütəmadi olaraq açıqlanacaq.Maraqlıdır, əmək müqaviləsi olmadan işçilər daha çox hansı sahələrdə işləyir?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov “Cümhuriyət” qəzetinə bildirib ki, ASAN xidmətin və Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən aparılan monitorinqlərdə çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olanların əmək müqaviləsi olmadan çalışması doğrudur:

“Amma onların təqdim etdiyi rəqəmlər çox kiçikdir. Bizim hesablamalara görə daha çox sayda şəxs əmək müqaviləsiz işləyir.İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarından icbari sığortanın monitorinqini keçirmişik.Məlum oldu ki, tikində cəmi 15 min sığorta olunan var. Halbuki orada dəfələrlə çox işçi çalışır.Deməli, hər iki qurumun təqdim etdiyi 27-30 faiz rəqəmi real deyil”. Ekspert onu da qeyd edib ki, pambıq sahəsində çalışanlar əmək müqaviləsi ilə işləmir: “Onlar kəndli fermer təsərrüfatıdır. Təəssüf ki, orada münasibətlər rəsmiləşdirilmir.Ailə fermer təsərrüfatlarında əmək münasibətlərinin tənzimlənməsinin xüsusiyyətləri fərqlənir.Ümumiyyətlə, bir çox iaşə xidmətlərində, ticarət, eləcə də tikinti sahələrində əmək müqaviləsi olmadan işçilərin işə cəlb olunması halları çoxdur”.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->