Ölkə 15:54 08.02.2019

Qanunsuz yolla hərbi bilet, veteran vəsiqəsi verilməsi araşdırılmalıdır

Bu günlərdə "Yeni çağ” saytında "Azərbaycanda vətəndaşlara qanunsuz yolla hərbi bilet verilməsi halları araşdırıla bilər?”  başlıqlı məktub dərc olunmuşdu.  Bununla əlaqədar millət vəkili Aqil Abbas buna ehtiyac olmadığını bildirmişdi. O, həm də qeyd etmişdi ki, indi o məsələlərin aydınlaşdırılmasına ehtiyac yoxdur. 
 
Aqil Abbasın bu fikirləri ilə əsla razı deyiləm. Gözləyirdim ki, deputatımız bu barədə daha ciddi danışacaq, sualın düzgün qoyuluşunu alqışlayacaq. O, deputat kimi bu məsələni Milli Məclisdə qaldırmalıdır. Qarabağ müharibəsi veteranlarının sayının dəqiqləşdirilməsi indiyə kimi Milli Məclisin iclaslarında dəfələrlə səsləndirilib. Amma hələ bir iş görülməyib. İnanıram ki, qanunsuz yolla hərbi bilet və müharibə veteranı vəsiqələri alanlar var.

Müharibə gedən bölgələrdə əlinə silah almayan hörmətli adamlar, sözü eşidilənlər demək olar ki, veteran vəsiqəsi alıblar. Hələ təəccüblü odur ki, Bakıdan, habelə müxtəlif yerlərdən cəbhə bölgələrindəki döyüşçülərə bir yeşik siqaret aparanlar, əsgərlərə bir-iki dəfə yemək təşkil edənlər də müharibə veteranıdır. Bəlkə də onlardan hazırda rəhbər işlərdə çalışanlar da var. İndi onların hamısı dövlətin ayırdığı müəyyən miqdarda kompensasiya alır. 

Söz yox ki, Qarabağ müharibəsi veteranlarının sayı dəqiqləşdirilməli, saxta bilet, vəsiqə alanlar müəyyənləşdirilməli, buna birdəfəlik son qoyulmalıdır. Elə bilirəm bunun müəyyən miqdarda büdcəyə də xeyri olar. 
 
Sərməst Salmanoğlu