Ölkə 13:43 25.02.2021

Qar Bakıya yaraşır, amma məmurlar yaraşmır Bakıya... - Ekspert

"Bütün aidiyyatı qurumların, o cümlədən bələdiyyələrdən tutmuş rayon icra başçılarına kimi hamısının bu işdə günahı var".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı fevralın 24-də hava şəaritinin kəskin dəyişməsi nəticəsində vətəndaşların yaşadığları acınacaqlı vəziyyəti izah edərkən deyib. Elməddin Muradlı hesab edir ki, bu işlər koordinasiyasız həyata keçirilir:

"Azəravtoyol"un bildirdiyinə görə, onların ümumi respublika üzrə texnikalarının sayı 700-dən çoxdur. Bakı şəhərində isə problem yaşanır. Bakı şəhərində bəzi yollar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyindədir, bəziləri isə Bakı şəhər İcra Hakimiyyətinin. Belə desək, bir şəhərin iki ağası var. "Azəravtoyol" bəzi küçələrdə işləyir, Bakı şəhəri İcra Hakimiyyəti gözə dəymir, yaxud da əksinə. Bu işlər koordinasiyasız həyata keçirilir, yaxud da qurumlar arasında normal əlaqə yoxdur. Qurumlar deyəndə Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi, "Azəriqaz", "Azəriişıq". Bakı şəhər İcra Hakimiyyəti, "Azəravtoyol" və s. Yol təsərrüfatına aid olan bir qurum yola cavabdeh qurumdan koordinasiyalı iş görməlidir. Fevralın 24-də vətəndaşlar yolda qaldı, avtobuslarda sıxlıq yarandı. Həmin qurumlar açıqlama verir ki, əsas küçə və yollar təmizlənib. Məsələn, "Şərifzadə" küçəsi təmizlənib, amma onunla kəsişən bütün küçələr qalır. Avtobus da gəlib "Şərifzadə" ilə o tərəf-bu tərəf gedir, amma Yeni Yasamala girmir. Nədir ki, orada yollar təmizlənməyib. Üstəlik avtobusların da hamısı saz vəziyyətdə deyil. Problem budur".
 

Elməddin Muradlı bildirib ki, fevralın 24-də gecə səhərə kimi vətəndaşlar saatlarla yolda qalıblar:

"Köməyə heç kim getməyib, yola duz səpən və təhlükəsizlik təmin olunmayıb. Fevralın 24-də saat 12:00-da Bakı-Sumqayıt yoluna qum tökülməmişdi ki, hərəkət bərpa olunsun. Əsas küçə və yollar deyəndə aidiyyatı qurumlar nəyi nəzərdə tutur? Bəlkə Prezidentin getdiyi yolu deyirlər? Yalandan niyə çıxıb əhaliyə açıqlama verirlər ki, əsas küçə və yollar təmizlənib. Lap belə təmizlənib, digər yerlərdə yaşayanlar insan deyil? Həmin insanların əmək qabiliyyəti var, işə gedir, işdən gəlir. Bəs, onlar necə getsin? Kimsə deyir Bakıya qar yaraşmır, yalan deyir. Bakıya qar yaraşır. Bakıya bəzi səlahiyyətli məmurlar yaraşmır ki, işinin öhdəsindən gələ bilmirlər. Üstəlik kreslodan da bərk-bərk yapışıblar ki, bura bizimdir".

Ekspert axırıncı dəfə Bakıya 8 il bundan öncə qar yağdığını xatırladıb:

"O vaxt necə işləyiblərsə, bu gün də vəziyyət elə idi. İki saata kimi Bakını qara təslim etdilər. Yaxşı ki, qar işğalçı deyil, Bakını heç nədən təhvil verərdilər. Bəlkə də arxayınlaşıblar ki, Bakıya qar yağmayacaq. 

Digər bir problem də var. Yolu təmizləyib tökürlər səkiyə, ordan da JEK-in əməkdaşları gəlib həmin qarı səkidən götürüb atır maşın yoluna, beləcə əl-ələ verib işləyirlər. Əsas üstünlüyü yola verirlər, bunu başa düşdük, nəqliyyat var, amma bəs piyada səkiləri? Dünən nə qədər insan yıxılıb, xəsarət alıb. Bələdiyyələrin heç bir avadanlığı yoxdur ki, səkiləri təmizləsin. Ancaq torpaq satmaq, sahibkarları çökdürmək, onun-bunun boğazından kəsmək, əlillərin adına pul yazıb, kartlarını cibinə qoymaq və s. Yolu başa düşdük, bəs səkiləri kim təmizləyəcək? Amma səkiyə bir masa qoyub alver etmək istəsəm, gör neçə aidiyyatı qurum gələr. Əgər bunlar bu problemin öhdəsindən gələ bilmirsə, bunun bircə yolu var - o da özəl müəssisə yaradılsın və bütün işlər də onlara həvalə edilsin. Bir vahid qurum olmalıdır, hamı da onun yaxasından yapışıb problemin həllini tələb etməlidir".

Bahar Rüstəmli